İstiqlaldan doğan qəzet...
“Yeni həyat” cəmi 5 dəfə oxucuları ilə görüşə gələ bilib
Bununla belə, sadəcə bu 5 sayında 1918-ci ilin - xalqımız üçün müqəddəs və əzih olan istiqlal ilinin payızının ikinci ayında baş verən hadisələri olduğu kimi oxuculara çatdırıb
Azərbaycan Xalq Cümhuriyyətinin doğum tarixi yaxınlaşdığı bir vaxtda Şərqdə ilk demokratik dövlət tarixində iz qoymuş mətbuat orqanları mütləq xatırlanmalıdır. Çünki hər bir dövrün mətbuatı həmin dövrü açıq və şəffaf göstərən aynadır. "Yeni həyat” da bu saf güzgülərdən biridir. Qəzet yarandığı gündən nəşrini dayandırdığı vaxta qədər olan mərhələdə ölkədə baş verən ictimai-siyasi hadisələri dəqiqliyilə əks etdirib. Baxmayaraq ki, "Yeni həyat” cəmi 5 dəfə oxucuları ilə görüşə gələ bilib. Bununla belə, sadəcə bu 5 sayında 1918-ci ilin - xalqımız üçün müqəddəs və əzih olan istiqlal ilinin payızının ikinci ayında baş verən hadisələri olduğu kimi oxuculara çatdırıb.
"Mənafeyi-milliyyəyə xidmət”
Azərbaycan mətbuat tarixinin araşdırıcısı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının "Yeni həyat”la - boy atmamış, uşaq yaşında, fəqət böyük bir irs qoymağı bacarmış mətbu orqanın qısa həyat hekayəsini müasir jurnalistikamıza çatdıran məqaləsi var.
Milli mətbuat tariximizə dərin sayğı ilə o hekayəni oxucularımızla bölüşməyi özümüzə borc bilirik.
Araşdırmaçı məqaləsində bu prinsipi əsas götürür ki, hər bir mətbu orqanın müqəddəs vəzifəsi millətə, millət mənafeyinə xidmət etməkdir. "Yeni həyat” məhz bu missiyanın daşıyıcısı olub.
A.Aşırlı yazır ki, 1918-ci ilin oktyabr-noyabr aylarında cəmi 5 sayı işıq üzü görən "Yeni həyat” qəzeti həm də Hacı Zeynalabdin Tağıyevin naşiri olduğu sonuncu mətbu orqan olaraq jurnalistika tariximizə yazılıb. Redaksiyası Bakıda Nikolayevski küçədə, 7 nömrəli binada yerləşən bu qəzetin məsul-müdiri Azərbaycanın siyasi tarixində ziddiyyətli fəaliyyəti ilə yaddaşlarda qalan "İttihadi İslam” partiyasının sədri doktor Qarabəy Qarabəyov olub.
"Yeni həyat”a qədər Qarabəyov rusca və türkcə nəşr olunan "İttihad” qəzetinin yaradıcısı və istiqamətvericisi kimi dövrün mətbu aləmində Müsavat partiyasına müxalif siyasətçi kimi tanınırdı.
"Mənafeyi-milliyəyə xadim gündəlik türk qəzetəsi” olan "Yeni həyat”ın bir nüsxəsi 50 qəpik idi. Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından az sonra, ilk sayı 1918-ci ilin 27 təşrin - əvvəlində, yəni oktyabrda işıq üzü görüb. Ənənəvi klassik qəzetçilik üslubunda nəşrə başlayan qəzetlər, adətən ilk səhifələrində öz məqsəd və məramını, məsləyini oxuculara çatdırırdısa, "Yeni həyat” bu ənənədən imtina edərək öz təbirincə yeniliyə imza atdı. Qəzetin ilk sayında baş məqalə yerində Qafqaz İslam Ordusu komandanı Nuri Paşa və Türkiyənin hərbiyə naziri, Qafqaz füthüatı Ənvər Paşanın barəsində şairanə bir məqalə dərc edib. Bu da səbəbsiz deyil. Çünki "Yeni həyat” nəşrə başlayanda Qafqaz İslam Ordusu Qarabağın daşnaklardan azad olunması planı üzərində işləyirdi, Şimali Qafqazda da hərbi əməliyyatlar aparırdı.
"Yeni həyat”da baş məqalə örnəyi
"Yeni həyat” dörvün ictimai-siyasi mənzərəsini dəqiq əks etdirirdi. Elə bir dövr idi ki, istiqlalını yenicə elan etmiş gənc cümhuriyyətə dörd bir yandan basqılar vardı, köməyə çatansa təkcə Osmanlı ordusu və onun şücaətli zabitləri idi. Məhz bu vəziyyəti şərh edərək öz mövqeyini açıqlayan "Yeni həyat”ın məsulu-müdiri Qarabəyov yazırdı: "Hər kim nə deyirsə desin, hər kim nə düşünürsə düşünsün, mənim qənaət-siyasim vardır ki, Nuri Paşa və onun ərkani əmiri, zabitan bəylər və əfəndilərin təhti komandanlığında bulunan əsgərlərin bayraqdarlıqları altında Qafqazya son dərəcə Ənvər olmuş və olacaqdır da”. Məqalənin yarımbaşlığı olan "Hilali-Ənvər” qismində üzünü Ənvər Paşaya tutan müəllif 35 milyonluq islamiyyənin ruz zəfərinin bu gün həqiqət olduğunu deyir və qeyd edir ki, sizin Qafqaz fütuhatı olmağınızın özü yeni həyatdır. Qafqazda yeni dövlətlərin yaranmasında, yeni ideya və arzuların bərqərar olmasında Qafqaz İslam Ordusu hərəkatının əhəmiyyətini mətbuat meydanına yenicə qədəm qoymuş "Yeni həyat”ın timsalında qiymətləndirən müəllif yazır: "Bir sənədən bəri Qafqazya müsəlmanları üçün səhneyi-faciə şəkli alıb, son zamanlar büsbütün sönmək üzrə olan həyatımız cənab-haqqın inayət və mərhəmət, şücaətkar və cəmiyyətpərvər türklərin İslamiyyət və türklük naminə ixtiyar etdikləri əzm-fədakarlıqları sayəsində yenidən parlayan istiqbalımızın böyük ola biləcəyi həqqində ümidlər bəxş etməkdədir. Artıq ruhumuza, namus və heysiyyatımıza vurulan yaraların acıları qəlbimizi sızıldatmayır... Artıq düşmən səsləri eşidilməyir”. Qafqaz müsəlmanlarının öz müstəqil dövlətlərinə sahib olduqlarını və bu istiqlalı qorumaq üçün fədakarlıqlar göstərmələrini vacib şərtlərin siyahısına yazan məqalə müəllifi müqayisəli təhlil də aparırdı. 1917-ci il fevral inqilabından sonra milli dirçəliş üçün əlverişli tarixi-siyasi şəraitin yarandığını, ancaq bundan Qafqaz müsəlmanlarının, xüsusən Azərbaycan türklərinin yetərincə istifadə etmədiklərini önə çəkən "Yeni həyat” faktlar da göstərirdi. Təbii sərvətlərlə zəngin olan məmləkətin maddi imkanlarından yetərincə istifadə edilməməsinin ağır nəticələr doğurduğunu vurğulayan müəllif "gələcək dövlət üçün nələri həyata keçirdik” sualını oxuculara ünvanlayırdı. Və bu sualın cavabını siyasi liderlərin, milli burjuaziya nümayəndələrinin bacarıqsızlığı və uzaqgörən olmamaları ilə əlaqələndirirdi: "Rus inqilabından bir sənədən çox keçən zamanda qonşularımız erməni və gürcülər kimi millətimizi ittifaqa və ittihada dəvətlə gizli təşkilatlar, müntəzəm alaylar və ordularmı tərtib etdik?”. Təbii ki, bu suala "yox” cavabı verən müəllifin bu mövqeyi "İttihad” partiyasının Azərbaycan Cümhuriyyəti hökumət üzvlərinin əksəriyyətini təşkil edən Müsavat Partiyasına müxalifətdə olmasından qaynaqlanır və siyasi təbliğat mahiyyəti daşıyırdı.
"Yeni həyat”ı fərqləndirən cəhətlər
Araşdırmaçı qeyd edir ki, "Yeni həyat”ın dili ərəb, fars kəlmələri ilə həddindən artıq dolu olub. Bu cəhət qəzeti dövrün digər qəzetlərindən fərqləndirirdi. "Azərbaycan”, "Bəsirət”, "Açıq söz”, "İqdam”, "İqbal”, "Yeni iqbal” kimi qəzetlərin dili "Yeni həyat”a nisbətən rəvan, anlaşılandır. Görünür, "Yeni həyat”ın dili, üslubunun fərqliliyi onun müsəlman həmrəyliyi prinsiplərindən, ideologiyasının terminologiyasından, bir növ islam ittihadçılığından doğur. İlk sayının 2-ci səhifəsində "Yeni həyat” öz məsləyini açıqlayaraq qeyd edirdi ki, mətbuata aşina olan zavata məlumdur ki, hər bir qəzetə və risalə həyat səhnəsinə çıxdıqları vaxt məsləkimiz ünvanlı uzun-uzadı, ucu-bucağı görünməyən bir məqalə yazır. Bu prinsipi qəbul etmədiyini, fərqli bir qəzetçilik siyasəti həyata keçirəcəyi vədini verən baş məqalə müəllifi yazırdı: "Zira qəzetəmizdə görünəcək imzalar həqiqəti isbat edəcəkdir”. Tofiq Fikrət şeirlərinə, Məhəmməd Hadinin şeir və məqalələrinə geniş yer verilirdi. Görünür, bu da adıçəkilən dahilərin dil, üslub qəlizliyinin "Yeni həyat”la ayaqlaşması, səsləşməsindən irəli gəlirdi.
"Bakı xəbərləri”, "Hadisat”, "Ədəbi sütunlar”, "Mətbuat xəbərləri” rubrikalarında öz ideya istiqamətinə uyğun materiallar dərc edən "Yeni həyat” xarici ölkələrin müxtəlif mətbuat orqanlarından, agentlik məlumatlarından istifadə etmirdi. Redaksiya əldə etdikləri məlumatları oxuculara çatdırmağa üstünlük verirdi. Məsələn, "Hadisat” rubrikasında bir xəbəri olduğu kimi dərc etməklə qəzetin xəbər siyasətinə işıq salmaq olar: "Əldə etdiyimiz məlumata görə, Qafqaz İslam Ordusu Şimali Qafqazda hərbi əməliyyatları uğurla davam etdirir, hazırda Qiya və Cim kəndlərinin 8 km-nə vüsul olub”. Qəzetin 5-ci sayı, noyabrın 1-də çap olunan xəbərlərin təqdimatı da eynən bu cürdür: "Aldığmız xəbərə görə, Gəncə hərbi məktəbində təhsilini bitirən 300 zabitimiz ordumuza daxil olurlar”. Qəzetin digər sayında Qafqaz İslam Ordusu komandanı Nuri Paşanın 77 nəfər rus zabitinə təqaüd və ərzaq ayırması barədə xəbər verərək, pulun və ərzağın ordunun vəsaiti hesabına ödəniləcəyi bildirilirdi. Əslində isə həmin məbləğ Azərbaycan Cümhuriyyətinin ordu üçün ayırdığı büdcə vəsaiti hesabına ödənilirdi. "Yeni həyat” ordu quruculuğuna çox böyük önəm verir, bu sahədə müxtəlif məzmunlu materiallar dərc edirdi. Məqalələrin birində bölgədəki ictimai-siyasi hərbi vəziyyəti təhlil edən müəllif yazır: "Azərbaycan və Şimali Qafqaz müsəlmanlarının din və inamlarını, istiqlaliyyətini qorumaq üçün Anadoludan qopub gələn zabit və hərbiçilərə kömək etməlidirlər”.
Milləti ayağa qaldırmaq missiyası
Müəllif qeyd edir ki, xalqa, dövlətçiliyə bağlı hər bir mətbu orqan nəşr olunduğu dövrün əsas problemlərini qabartmalı, müşkül məsələlərin həllində cəmiyyətə yardımçı olmağa çalışmalıdır. Məsələn, "Yeni həyat” gənc cümhuriyyətin milli silahlı qüvvələri yarandığı bir vaxtda cəmiyyətə çağırışlar edir, gəncləri milli ordu sıralarına qatılmağa səsləyirdi. Qəzetin baş redaktoru özü məqalələrlə çıxış edirdi:
"Q.Qarabəyov əsgərlik yaşına çatan müsəlman türkləri Qafqaz İslam Ordusu sıralarına qatılmağa çağırırdı. Lakin ordu quruculuğu sahəsində kifayət qədər problemlər vardı ki, onlardan biri də insanların hərbi xidmətə o qədər də həvəs göstərməməsi idi: "Biz əsgərlikdən qaçmağa və o müqəddəs xidmətdən azad olmaq üçün dürlü-dürlü olaylar çıxarırıq. Kimi kəndisini jandarmalığa yazdırır, ya da nəzarətlərə qeyd etdirirlər, kimi onun-bunun himayəsinə sığınır və əlhasil əsgər olmaq istəmir. Böylə millət dirilməz və yaşamaz. Onu yalnız osmanlılar dirildər və osmanlılar yaşadar”. Azərbaycan türklərinin o dönəm hərbi xidmətə həvəs göstərməməsi qismən qəbul olunsa da, problemin qoyuluşunda müəllif həddindən artıq mübaliğəyə yol verir. 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda Qafqaz İslam Ordusu tərkibində döyüşlərin ilk mərhələsində 1100 nəfər azərbaycanlı gənc hərbiçi mübarizə aparırdı. Sonrakı mərhələlərdə ordu tərkibində azərbaycanlı türklərin sayı 5000 nəfərə qədər idi. Bu tarixi faktı Qafqaz İslam Ordusunun bolşevik-daşnak və ingilis birləşmələrinə qarşı mübarizə tarixini araşdıran Türkiyə tarixçiləri də təsdiqləyirlər.
"Yeni həyat” xəbər təqdimatında yalnız özlərinin əldə etdikləri məlumatlara, müxbirlərin şahidi olduğu hadisələrə söykəndiyindən "Hadisat” rubrikasında Bakıda baş verən müxtəlif hadisələri oxuculara çatdırırdılar. Qəzetin 1 noyabr tarixli 5-ci sayındakı "Polis müdriyyəti baş katibi Cahangir bəy Haqverdibəyovun toqif olunması” xəbəri də bu qəbildəndir. "Malakan bağı”nda gəzən vaxt polis məmuru C.Haqverdibəyovun quldurlar tərəfindən qarət olunaraq qətlə yetirildiyini nəql edən müxbir hadisəni görənlərin olduğunu bildirir və qeyd edir ki, ətrafdakı insanlardan heç kim Cahangir bəyə kömək etməyib. Hətta bağın ətrafında olan evlərin eyvanından bu qətli izləyənlərin hadisəyə müdaxilə etmədiyini təəssüflə təsvir edən müəllif məqaləsini bu cümlə ilə bitirir: "Bu hadisənin geniş şəkildə tədqiqata ehtiyacı var”.
Qəzet bölgələrdə baş verən hadisələrə də toxunur, oxucu məktubları dərc edir, bədii ədəbiyyata da yer verir, şair və yazıçıların əsərlərindən parçalar nəşr edirdi. Bununla da həyatın bütün sahələrini əhatə etmiş olurdu. Geniş oxucu kütləsinin maraqla qarşıladığı bir mətbu orqanın belə qısa ömür sürməsi, əlbəttə, təəssüf doğurur. Düşünürsən ki, "Yeni həyat” cümhuriyyətin var olduğu müddətdə, həmçinin süqutundan sonrakı illərdə də nəşrini davam etdirsəydi, həmin tarixi dövrə aid bu gün əlimizdə dəyərli materiallar olardı.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb