Əhməd Qəşəmoğlu:"Uşaq bağçaları belə yanaşma ilə yaradılmamalı, bu sistemlə idarə edilməməlidir. Aidiyyəti orqan artıq tədbirlər görməlidir”Rəşid Mahmudov:" Milli Məclisdə bu məsələyə baxılmalı, yeni qaydalar hazırlanaraq, cəmiyyətə təqdim edilməlidir"
Dünən Bakıda "Kids Studio Uşaq Mərkəzi” adlı özəl uşaq bağçasında tərbiyəçinin körpəni amansızcasına döyməsinə dair görüntü yayılıb. "Azxeber.com"a daxil olan videodan da aydın müşahidə olunur ki, körpələrin təhqir olunaraq işgəncələrə məruz qalması faktları müxtəlif günlərdə lentə alınıb. Bağçanın müdirəsi Nigar Museyibova da Firuzə Tağıyeva adlı tərbiyəçinin uşağı döydüyünü təsdiqləyib. Aidiyyəti qurumlardan - Bakı şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyindən bildirilib ki, sözügedən uşaq bağçasına lisenziya verilməyib.
Məlum rəzil və üzücü görüntülərdən sonra sosial media və cəmiyyətdə ciddi təndiq atəşinə tutulan həmin bağça elə bu gün fəaliyyətinə xitam verib. Buna baxmayaraq insanlar bu halın dəfələrlə yaşandığını iddia edərək özəl və dövlət bağçalarının fəaliyyəti ilə bağlı dövlət səviyyəsində müvafiq tənzimləmənin həyata keçirilməsini istəyirlər.
Bağçalarda uşaqların işgəncəyə məruz qalmasına dair faktların artdığını söyləyən sosioloq, professor Əhməd Qəşəmoğlu "Sherg.az"a söyləyib ki, bu hadisə ilk baxışdan sadə görünsə də, problem çox ciddidir. O diqqətə çatdırıb ki, uşaq bağçası yeni nəslin yetişdirilməsinə xidmət edən qurum olduğundan xüsusi nəzarət altında, xüsusi prinsiplərlə yaradılmalıdır:"Bu elə təhsil-tərbiyə müəssisəsi olmalıdır ki, uşaqların vətənpərvərlik hissləri, intellektual qabiliyyəti inkişaf etdirilsin, uşaqların sağlam gələcəyi üçün zəmin yaransın. Ona görə, dövlət bu təhsil, tərbiyə ocaqlarına xüsusi diqqət yetirməlidir.
İndi bağçaları fərqli məqsədlər üçün yaradırlar. Kiminsə əlində pulu varsa, öz işini qurması üçün həyat yoldaşına, qızına, yaxınına vəsait verir. Müəyyən bir yer götürülür, uşaq bağçası açılır. Həmin bağçanın başında duran şəxsin öz intellekti, şəxsiyyəti, vətənpərvərliyi ilə bu dərəcədə önəmli müəssisəyə idarəçilik etməyə hazır olub-olmadığı sual altında qalır. Rəhbərlər yeni nəslin yetişdirilməsində səriştəli olmadığından bağçalara sadəcə biznes strukturu, gəlir mənbəyi kimi baxırlar. Müəssisədəki pozuntular üzə çıxdıqda isə əksər hallarda rəhbərlik edən, himayə edən şəxslər müvafiq strukturlarla əlaqə saxlayaraq, problemin üstünün örtülməsinə çalışırlar. Uşaq bağçaları belə yanaşma ilə yaradılmamalı, bu sistemlə idarə edilməməlidir. Aidiyyəti orqan artıq tədbirlər görməlidir”.
Uşaq bağçalarında azyaşlıların zorakılığa məruz qalmasının qarşısını almaq üçün maarifləndirmə tədbirlərinin qurulmasına gəlincə, Ə.Qəşəmoğlu hesab edir ki, maarifləndirmə inzibati metodlarla paralel aparılmalıdır:
"Cəzalandırma mütləq olmalıdır. Bağçalardakı tərbiyəçilər, müəllimlər isə xüsusi təkmilləşdirmə kursları keçməlidirlər. Formal deyil, məcburi şəkildə, xüsusi nəzarətlə proses aparılmalıdır. Həmçinin həmin bağçalarda vaxtaşırı monitorinq aparılmalı, təlimatlara necə əməl edilməsi yoxlanmalıdır”.
Tibb elmləri namizədi, dosent Rəşid Mahmudov isə özəl bağçaların fəaliyyətinin tənzimlənməsi üçün xüsusi qanun qəbul edilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, Milli Məclisdə bu məsələyə baxılmalı, yeni qaydalar hazırlanaraq, cəmiyyətə təqdim edilməlidir:"Əgər Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyi uşağın döyülməsi faktı qeydə alınan bağçaya lisenziya vermədiyini iddia edirsə, deməli bağça qeyri-qanuni fəaliyyət göstərir. Müvafiq qanun qəbul edilməyibsə, maarifləndirmənin də bir faydası olmayacaq. Qeyri-qanuni fəaliyyət göstərən müəssisə haqqında aidiyyəti qurumlar, bələdiyyələr, müvafiq icra hakimiyyəti orqanları xəbərdar olmalıdırlar.
Bu sahədə maarifləndirmə tədbirlərini həyata keçirmək isə televiziya kanallarının, medianın üzərinə düşür. Hansısa uşaq bağçasında zorakılıq baş verirsə, bunun üzərində ciddi dayanmaq lazımdır”.
Aysel Aslan