Yanğın hadisələrinin mütləq əksəriyyəti avtomobilin konstruksiyasına müdaxilə ilə bağlıdır
Son zamanlar ölkə yollarında hərəkətdə olan avtomobillərin yanması halları artıb. Avtomobillərin yanmasına səbəb olan amilləri dəyərləndirən mütəxəssislər isə əlavə avadanlıqlardan tutmuş köhnəlmiş hissələrə qədər bir çox amilin yanmağa səbəb ola biləcəyini bildirib.
Ən geniş yayılmış səbəb kimi də məhz ksenon lampalar göstərilib. Texniki məsləhətçi Elçin Abbasov "xəzərxəbər”ə açıqlamasında böyük ziyanlardan qaçmaq üçün avtomobilləri tez-tez texniki baxışdan keçirməyi məsləhət görüb: "İşıqlandırma cihazlarında tutaq ki, duman əleyhinə işıqlarda çox vaxt ksenon lampalardan istifadə edilir. Bu lampalardan istifadə edildikdə onun doğru seçilməməsi nəticəsində yanma halları baş verə bilər. Məsələn, baxın, gördüyünüz bu lampa 35 vat-a hesablanmış bir lampadır, bunun əvəzinə 75 vat-lıq ksenon lampadan istifadə edilib.” Mütəxəssisin sözlərinə görə, hətta avtomobilə düzgün quraşdırılmayan əlavə səs siqnalları da yanğına yol aça bilər. Avtomobildə ən təhlükəli yanğın isə yanacaqdan yaranan hesab edilir: "Yanacaq sisteminə diqqət yetirmək lazımdır, gördüyünüz kimi bunlar yanacaq borularıdır. Yanacaq boruları normal, üstündə heç bir çıxıntı və deşilmə olmamalıdır və bütün yanacaq sistemi germetik olmalıdır”. Bir çox halda avtomobillərin qısa qapanmadan yandığı məlum olub ki, mütəxəssislər bunu qoruyuculardan düzgün istifadə etməməklə əlaqələndirir. Bəzi sürücülər tez-tez xarab olan qoruyucuları daha güclüləri ilə əvəz edir ki, bu da doğru deyil: "Əsasən avtomobildə qoruyuculara fikir vermək lazımdır. Qoruyucular öz ölçülərinə görə doğru olmalıdılar. Bütün avtomobillərdə qoruyucuların həm üzərlərində, həm də onların yerləşmə yerlərində onun ölçüsü barəsində məlumat yazılıb. Fikir vermək lazımdır ki, bu, uyğun olsun.
"Digesta” hüquq firmasının direktoru, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da "Şərq”ə açıqlamasında yanğın hadisələrinin mütləq əksəriyyətinin avtomobilin konstruksiyasına müdaxilə ilə bağlı olduğunu deyib: "Avtomobil yanmasının başlıca səbəbi elektrik sistemində baş verən qısaqapanmalardır. Qısaqapanmalar isə o halda baş verir ki, avtomobildə texniki baxış keçirilən zaman elektrik naqillərinin üstü açıq qalıb və yaxud hansısa hissəsindən zədələnib. Mühərrikin mütal hissələri elektrik keçirici hissələrə toxunduğu zamanda da yanğın hadisəsi baş verə bilir. Digər əsas səbəb isə avtomobillərin elektrik sisteminə edilən müdaxilələrlə bağlıdır. Əlavə işıq cihazlarının və siqnal səslərinin quraşdırılması zamanı təhlükəsizlik qaydalarına düzgün əməl olunmadığı üçün sonda naqillərdə qısaqapanma yaranır və maşın alovlanır”.
Şəymən