"Kürəkənim məndən 50 min borc alıb, MTN-ə verdi" - YENİLƏNİB




Fasilədən sonra zərərçəkmiş qismində tanınan İlqar Aşurbəyovun qayınatası Əflatun Kərimov şahid qismində məhkəmədə dindirilib.

Ə. Kərimov istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirib ki, kürəkəni İlqar ondan 50 min manat borc alıb.

Şahid İlqar Aşurbəyovun MTN əməkdaşlarına pul verməsindən xəbəri olduğunu deyib.
Məhkəmə proses dekabrın 26-da davam edəcək.

****
14:50
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Prosesdə zərərçəkmiş qismində İlqar Aşurbəyov ifadə verib.
O, ifadəsində deyib ki, Çovdarova hədə qorxuya görə 300 min manat pul verib: "Çovdarov məni ailəmlə hədələdi. Qorxduğum üçün ona 300 min manat pul verdim. MTN cinayətkar yuvası idi".
A.Çovdarov zərərçəkənin ifadəsinə etiraz edib. O bildirib ki, zərərçəkən yalan deyir: "Mənimlə şəxsi qərəzi var idi. Eldar Mahmudovun bir tapşırığıyla bağlı öz işçimə göstəriş vermişdim. İşçim İlqardan bir məsələni soruşdu, o da kobud cavab verdi. Mən bunu Eldar Mahmudova məruzə elədim. Sonra İlqar cəzalandırıldı".

Prosesdə Dövlət Təhlükəsizlik Xidmətinin idarə rəisi Anar Abdiyev şahid qismində dindirilib. O, ifadəsində zərərçəkmiş Tofiq İbrahimovdan 62 min manat pul almadığını deyib.
Proses günün ikinci yarsında davam etdiriləcək.