Manat və lirə dolları sıradan çıxara bilməz- AÇIQLAMA




Türkiyə ilə ticarət dövriyyəsinin milli valyuta ilə aparılması uzunmüddətli olmayacaq.

Bunu Sherg.az-a Azərbaycan və Türkiyə arasında milli valyuta ilə ikitərəfli ticarətin mümkünlüyündən danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, hazırda ölkəmiz üçün milli valyuta ilə deyil, dollarla ticarət dövriyyəsinin aparılması daha məqsədəuyğundur: 

"Buna səbəb Azərbaycanın valyuta ehtiyacının olmasıdır. Manatın devalvasiyasını nəzərə alsaq, daha çox valyutanın daxil olması daha səmərəlidir. Xüsusilə, qeyri-neft sektorunun inkişafı üçün bu sahədə investisiyaların cəlb olunması genişləndirilməlidir. Ticarət dövriyyəsində milli valyutanın önə çəkilməsi uzunmüddətli dövrü əhatə etməyəcək. Spesifik olaraq, idxal çox olan ölkələrlə ticarətdə bunun tətbiq edilməsi mümkün ola bilər. Lakin Türkiyə lirəsinin və Azərbaycan manatının strateji valyuta olmaması bu dövriyyənin genişlənməsinə imkan verməyəcək. İstənilən halda iki ölkə arasında ticarət əməliyyatı aparan zaman dollara ehtiyac yaranacaq”.

Türkiyə və Azərbaycan arasındakı 3,5 milyard dollar dövriyyənin 10-15 milyard dollara qədər artırmasına toxunan ekspert bunun yaxşı təklif olduğunu söyləyib: 

"Lakin qısa müddətdə bunun 3 dəfədən çox artırılması inandırıcı deyil. Azərbaycan Türkiyə bazarına enerji ixracatını artırarsa, bu mümkün ola bilər. Şahdəniz-2 yatağının istifadəyə verilməsi və TANAP kəmərinin idxala başlamasından sonra ölkəmiz qardaş ölkə ilə mavi qazın idxalını genişləndirəcək. Bununla qarşıya qoyulmuş məqsədə çatmaq olar. Hazırda, qeyri-enerji məhsullarının idxalı ilə ticarət dövriyyəsinin artırılması çətin məsələdir”.

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev gələcəkdə Azərbaycan və Türkiyə arasında milli valyuta ilə ikitərəfli ticarətin aparılmasına dair danışıqların aparılacağını bildirib.

Ayyət