Məmmədyarovun açıqlamasından görünür ki, danışıqlar dalana dirənib





"Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğunu nəzərə alırıq”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir xatırladıb ki, hərbi baza sovet dövründən mövcuddur: "İndiki halda Rusiya və Ermənistan bunu özləri müəyyən etməlidir. Lakin təhdid və çağırışları nəzərə alaraq biz də gözüaçıq olmalıyıq”.

XİN rəhbəri vurğulayıb ki, Ermənistanda Rusiyaya məxsus "İsgəndər” raket komplekslərinin kodlarının kimdə olması məsələsi də açıq qalıb: "Əgər nə zamansa bir tərəf addım atırsa, təbii olaraq digər tərəf cavab verməlidir. İndiki halda biz bilirik ki, Ermənistana "İsgəndər” verilib. Lakin onların kodlarının kimdə olması bilinmir”. Məlumat üçün bildirək ki, xarici işlər naziri son
iki açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kifayət qədər pessimist ifadələr səsləndirir. Ekspertlərin fikrincə, nazirin məsələyə yanaşması sülh danışıqlarının bitməsindən xəbər verir. 

Bununla bağlı "Şərq”ə açıqlama verən siyasi şərhçi Azər Rəşidoğlu bildirib ki, əslində, problem Azərbaycanın sülhə hazır olmasında, İrəvan və havadarlarının isə buna hazır olmamasındadır: 

"Faktiki olaraq Azərbaycan tərəfi münaqişədə Rusiya ilə savaş aparır. Hesab edirəm ki, Rusiya daxili iqtisadi çöküşünü xilas etmək üçün xarici amillərdən istifadə etməyənə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli mümkünsüzdür. Cənab Məmmədyarovun da açıqlamasından görünür ki, danışıqlar prosesi dalana dirənib, ölü nöqtədədir. 

Bu prosesinn yenidən tərpənməsi istiqamətində razılaşma əldə olunacağı da inandırıcı deyil. Münaqişə tərəfləri hər hansı kompromisə razı olsaydı, artıq ictimai rəyin buna hazırlanması prosesi başlayardı”. Politoloqun sözlərinə görə, Ermənistan Prezidenti Serj Sarkisyanın "küncə sıxılması” da proseslərə mənfi təsir göstərir: "Onun hansısa kompromisə getməsi siyasi baxımdan iflası ilə nəticələnər. Bu baxımdan, İrəvandan kompromis gözləmək yersizdir və rəsmi Bakı öz torpaqlarını başqa yolla azad etmək barədə düşünməlidir”.

İsmayıl