"Hər yerindən duran özünü sənətkar, peşəkar musiqiçi kimi təqdim edə bilməz. Səhnə məsuliyyətli bir məkandı"
"Mən ömrümün 30 ilini bu sənətin inkişafına sərf etmişəm"
Zahid Qubadlı: "Klarnet alətini tədris edən məktəb yaratmaq istəyirəm"
"Hər yerindən duran özünü sənətkar, peşəkar musiqiçi kimi təqdim edə bilməz. Səhnə məsuliyyətli bir məkandı"
"Hər yerindən duran özünü sənətkar, peşəkar musiqiçi kimi təqdim edə bilməz. Səhnə məsuliyyətli bir məkandı"
Azərbaycan musiqiləri arasında bir musiqi var ki, səslənəndə onu eşidən hər kəsi kövrəldə bilir, duyğulandırır, bir damla göz yaşının süzülməsinə səbəb ola bilir. «Vağzalı» eşidiləndə duyğulanırıq. Bu ecazkar musiqi klarnet alətində daha təsirli səslənir. Bir də o aləti peşəkar musiqiçi təqdim edirsə, «Vağzalı» dilə gəlib sızıldayır sanki.
Klarnetdəki hər ifasını fərqli bir musiqi rəngi, ifa etdiyi hər parçanı özünəməxsus milizmaları ilə təqdim edən Zahid Qubadlı bu dəfə «Şərq»in qonağı oldu. Onunla klarnet alətinin özəlliklərindən danışdıq. Bu gün sənəti ucuz edən musiqiçilərin bayağı performansını müzakirə etdik.
- Klarnet Avropa musiqi aləti olsa da, artıq bir əsrdən çoxdur bu musiqi aləti milli alətlər silsiləsinə daxil ola bilib. Klarneti digər nəfəs alətlərindən fərqləndirən özəlliklər nədir?
- Bəli, həqiqətən Avropa musiqi aləti olsa da, artıq milliləşib. Çünki bu alətdə milli musiqilərimizi mükəmməl şəkildə ifa etmək, milli musiqi milizmalarını təqdim etmək mümkündür. Klarnet qara neyin bir növüdür. Yəni təmiz səs deməkdir. Digər musiqi alətlərindən fərqli olaraq bu alətdə səs tam, dəqiq təqdim edilir. Elə mənası da təmiz səs deməkdir. Elə musiqi alətləri var ki, onlar çığıran alətlərdi, səslər sanki çığırır. Bu alətdə səs təmiz səslənir, həm də kövrək səsdir, sızlada bilir. İtalyan musiqi aləti olsa da, əslində bizim milli ney alətimizlə oxşardı.
Sadəcə, bir qədər fərqli üslubda, dizaynda, quruluşda hazırlanıb. Son illər bu musiqi aləti bir az da təkmilləşdirilib. Orta yüzillərdə Şərqdə ağ və qara ney adıyla neylərin növləri olub. Qara ney qara ağacdan, ağ ney isə qarğıdan hazırlanıb. Qara ağac qarağac deyil, bu, qapqara, kömür kimi bir ağacdır, Azərbaycanın cənubunda bitir. Qara ney Qərbdə müasirləşdirilmiş müştük sisteminə salınıb. Yəni artıq buraya klapanlar əlavə olunub, diapazonu uzanıb, forması dəyişdirilib, olub klarnet.
- «Vağzalı» milli musiqi incimizin ən incə və lirik parçalarından sayılır. Bu musiqi insanda qeyri-iradi kövrək, zərif hisslər oyadır. Niyə klarnetdə bu musiqi xüsusilə fərqli səslənmiş olur?
- Keçmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə və gəlin gərdəyinə qədər müşayiət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır. Yəni hər bir toyun, el şənliyinin musiqi rəmzi sayılır bu ecazkar musiqi. Xüsusilə də klarnetdə bu musiqi ifa olunarkən sarı simlərə toxunmuş olur. Ataları, anaları kövrəldir, qız-gəlinlərimizi ağladır bu füsunkar musiqi parçası. «Vağzalı» həqiqətən klarnetdə daha duyğulu, daha həzin səslənə bilir.
- Artıq 30 ildir səhnədəsiz. Tələbələriniz varmı? Natiq Şirinov böyük bir ritm məktəbi yaratdı, onlarca nağara ifa edən tələbələr yetişdirdi. Sizin belə bir niyyətiniz varmı?
- Həqiqətən artıq 30 ildir musiqi sahəsindəyəm. Hələ 90-cı illərdə mənim ifamda olan audiokasetlər Azərbaycandan kənara belə çıxmışdı. Gənclər ifamdan bəhrələnirdilər. Bilirsiz ki, rəhmətlik atam da məşhur musiqiçi olub. Neyin, qara zurnanın, klarnetin mahir ifaçılarından olub. Bizdə bu musiqi alətinə maraq genetik olub. Qaldı məktəbə, əslində məqsədlərimdən biri də odur ki, klarent alətini tədris edən məktəb yaradım. Yəni öz yetirmələrim olsun. Həqiqətən Natiq qardaşımız böyük əmək sərf edib, məktəb yaradıb, bu gün də o məktəbin bəhrəsini tələbələri də görür, özü də. Səmimi desəm, belə bir arzum var ki, mən də öz məktəbimi açım. Sadəcə, bir az tənbəlliyim var.
- Bəlkə bir az da çox təvazökar, abrına bükülüb susmağa üstünlük verirsiz. Göstərini o qədər sevmirsiz?
- Bir az da bəlkə bu xasiyyətim sənətdə mənə mane olur. Mən özümü göstərmək xatirinə danışmağı sevmirəm. Etdiklərimi gözə soxmağı xoşlamıram. Tələbələrim var. Məndən öyrənirlər. Amma bu barədə demək olar danışmıram. Öyrənənlər də sonradan bu barədə demirlər deyə mən də susuram. Amma inşallah, belə bir məktəb yaratmaq planım var. Qismət olsa, reallaşdırmağa çalışaram. Bəzən insanı ruhlandıran kimlərsə olmalıdır həyatında.
- Göstəri demişkən, bəzi müğənnilər kimi, musiqiçilər də var ki, fərqli görünmək üçün yeri gəldi-gəlmədi şou göstərməyə meyilli olublar. Sazı başına qaldırıb ifa edənlər kimi, klarnetdən də az qala şou aləti kimi istifadə edənlər var. Bu nə qədər estetik, peşəkar görünür?
- Hər bir musiqiçi ifa etdiyi musiqi alətini səliqəli şəkildə ifa etməlidir. Bunun özü bir tərbiyə, estetika təqdim etməkdir. Pianoçu şou yaratmaq üçün pianonu başına qaldıra bilməz ki. Maraqlı performans təqdim etmək hərəkətlərlə aləti zorlamaq, ondan kobud istifadə etmək demək deyil. Səliqəli ifa ilə də maraqlı performans nümayiş etdirmək mümkündür. Musiqi harmoniyadır, musiqi estetikadır, musiqi ruhu qidalandırmağa xitab edilən bir ecazkar vasitədir. Sevgi hisslərini necə çığırmadan, qışqırmadan çatdırmaq mümkündürsə, eləcə də musiqini qışqırtmadan, musiqi alətini dağa-daşa salmadan ifa edərək tamaşaçının sevgisini qazanmaq mümkündür. Həqiqətən istənilən musiqi alətini əgər peşəkarsansa, səliqəli ifa etmək lazımdır. Xüsusilə də klarnet nəfəs alətləri arasında ən həssaslarından sayılır. Təbii ki, ondan düzgün istifadə edilməyəndə, artıq hərəkətlər edəndə səs qaçır, pozulur, səsin rəngi, çaları itir. Bir çox musiqi alətlərinə səsgücləndirici qurğular quraşdırılır. Klarnetin özündə bir qurğu var ki, artıq hərəkətlər onun səsini itirir, qaçırdır. Müğənni necə düzgün ifa etməyəndə deton səslənirsə, musiqi alətində də düzgün istifadə olmadıqda musiqidən kənara çıxırsan, deton səslənir. Notdan çıxmış olursan. Bu xoş görünmür. Sənət göstərmək istəyirsənsə, qədim musiqiləri səsləndir, müasir musiqiləri yeni aranjimanda təqdim et. Musiqiçi sirkdə işləyən təlxək deyil ki, səhnəyə çıxanda meymunluq edib diqqət çəksin.
- Hər sahədə rəqabətlə yanaşı, paxıllıqlar da var. Getdiyiniz məclislərdə həmkarlarınızın sizə qarşı paxıllığını hiss edirsizmi?
- Bilirsiz, sənətinə, istedadına güvənən musiqiçi paxıl olmur. Çünki sənətinə, ifasına güvənir. Bilir ki, peşəkardı. Amma elələri də var ki, sadəcə özlərini göstərməyə maraqlıdırlar. Şou meymunlüuq etmək, təlxək kimi əcaib hərəkətlər etmək anlamı daşımamalıdır. Şou ifada olur. Musiqi alətini yuxarı qaldırıb, yerə çırpmaqla şou olmur. Səhnə bunu sevmir. Sənətkar sözünün ağırlığı var. Hər yerindən duran özünü sənətkar, peşəkar musiqiçi kimi təqdim edə bilməz. Səhnə məsuliyyətli bir məkandı. Sən səhnəyə çıxarkən tamaşaçı qarşısında məsuliyyətini hiss etməlisən. İnsan birindən nəsə öyrənirsə, ona qarşı necə paxıl ola bilər? Səhnəyə gələndə məndən öyrənmisən, məndən götürmüsən. Bunu necə dana bilirsən, sən necə dünənini unuda bilərsən? Sən məni məclisdə görməməzlikdən gələ bilməzsən. Ucuz şou ilə mənim sənətimi kölgədə qoya bilməzsən. Hər bir musiqiçinin öz dəsti-xətti, üslubu olmalıdır. Hər kəs səhnədə yerini bilməlidir. Bu da savadsızlıqdan, qeyri-peşəkarlıqdan irəli gəlir. Belələrini görəndə təəssüflənirsən. Çünki sənəti ucuzlaşdırmağa heç kimin haqqı yoxdu.
- Bir çox musiqiçilər sizi bəyənmir…
- Düzü, mən bilmirəm kimlər bəyənir, kimlər bəyənmir. Üzdə büruzə vermirlər ki. Hər nə sənətin sahibi olursansa ol, insanın şəxsiyyəti ilə sənəti, peşəsi tamamlanmalıdır və o, öz şəxsiyyətini qoruyub saxlamalıdır. Hesab edirəm ki, dırnaqarası sənətçilər kimi pis vərdişlərim olmadığı üçün, yaradıcılıqda sürətlə, şərəflə irəlilədiyim üçün bəzilərinin xoşuna gəlmirəm. Məni soruşun Arif Babayevdən, Canəli Əkbərovdan, Mənsum İbrahimovdan, Teymur Mustafayevdən, Ağadadaş Ağayevdən, Nazpəri Dostəliyevadan, Könül Xasıyevadan. Bilirəm ki, hamısı paxıllıqdan irəli gəlir.
- Müğənniləri başa düşmək olur, musiqiçilər niyə qalmaqal edir?
- Məncə, qalmaqalı ən çox sənəti olmayanlar edir. Sənətlə gündəmə gələ bilmirlər, son çıxış yolları qalır yersiz söz-söhbətlərə, qalmaqala. Misəl üçün, dəfələrlə bilərəkdən mənə söz atıblar. İllər əvvəl kanalların birində yayımlanan «Virtuoz» musiqi yarışmasına məni münsif kimi dəvət etmişdilər, bu, bir çox musiqiçiləri qıcıqlandırdı. Ona görə də qalmaqallı sözlər atıblar, mən isə sözsüz ki, çoxuna əhəmiyyət verməmişəm.
- 30 illik yubiley ərəfəsindəsən. Yaradıcılıq gecəsi nəzərdə tutulurmu?
- İnşallah, 30 illik yubileyimdə yaradıcılıq gecəsi keçirməyi də nəzərdə tutmuşam. Bu mənim sənətimə, tamaşaçıma bir hesabat konserti olaraq da qəbul oluna bilər. Mən bir neçə belə konsert proqramları təqdim etmişəm. Bu dəfə 30 illik yubiley konsertimdə maraqlı yeniliklər ola bilər. Allahın izni ilə 30 illiklə bağlı barəmdə bir kitab da dərc edilir. Əslində 30 ilin təcrübəsi mənə bir öz da böyük məsuliyyət hissi vermiş olur.
- Klarnet aləti ilə bağlı kitab, musiqi alətini öyrənənlər üçün dərs vəsaiti necə, hazırlamaq fikriniz varmı?
- Təbii ki, sənət böyük zəhmətlə əldə olunur. Mən ömrümün 30 ilini bu sənətin inkişafına sərf etmişəm. İnşallah, belə bir niyyətim var ki, klarnet musiqi alətini ifa etməklə bağlı tələbələr üçün dərslik vəsaiti hazırlayım. Bu alətin texniki tərəfləri, özəl xüsusiyyətləri, tematikası ilə bağlı vəsaitə ehtiyac var. İnşallah, yaxın müddətdə bu dərsliyin hazırlıqlarına başlamağı planlaşdırıram.
- Səhv etmirəmsə, ikinci ali təhsil alırsız…
- Bəli. Dinimizdə də qeyd olunub ki, beşikdən qəbr evinə qədər oxumaq lazımdır. Ona görə də ikinci ali təhsilə ehtiyac hiss etdim. Mən Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin məzunuyam. Bu il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşam. İkinci ali təhsil olaraq tarix sahəsini seçdim. Humanitar elmlərə, ədəbiyyata, tarixə həmişə marağım olub. Mənə elə gəlir ki, oxumaq bu yaşda da gec deyil.
Tahirə Məmmədqızı