Elşad Eyvazlı: “İstənilən rəsmi şəxs, məmur fəaliyyətini elə planlaşdıra bilər ki, mediaya da vaxt tapar”
Mətbuatla “ASAN” davranış
Seymur Verdizadə: “Hansı məmur ki, idarəsinin qapılarını medianın timsalında ictimaiyyətə qapayır, məlumatsızlıq mühiti yaradır, deməli, fəaliyyəti şəffaf deyil”
Elşad Eyvazlı: “İstənilən rəsmi şəxs, məmur fəaliyyətini elə planlaşdıra bilər ki, mediaya da vaxt tapar”
Elşad Eyvazlı: “İstənilən rəsmi şəxs, məmur fəaliyyətini elə planlaşdıra bilər ki, mediaya da vaxt tapar”
(əvvəli ötən sayımızda)
"Real TV”də "ASAN Xidmət”lə bağlı maraqlı veriliş yayımlanıb. "Mir Şahinin vaxtı” adlanan verilişdə "ASAN Xidmət”in fəaliyyəti, demək olar sıfırdan incələnib, xidmətin hansı şərtlər və imkanlar daxilində fəaliyyət göstərdiyi tamaşaçılara təqdim olunub. Nəzərə alsaq ki, ölkə əhalisinin böyük əksəriyyətinin hazırda ən çox müraciət etdiyi ünvan məhz "ASAN Xidmət”dir, təbii olaraq, xidmət əməkdaşlarının vaxtının, dəqiqəsinin "qızıl” olduğunu söyləməyə ehtiyac da qalmır.
Təsəvvür edin ki, bir telekanala fəaliyyət barədə danışmağı əməkdaşlardan biri, yaxud rəhbərliyin tapşırığı ilə sektor, ya şöbə müdiri deyil, birbaşa xidmət rəisi özü üzərinə götürür. İnandırıcı olmasın gərək. Amma həqiqətən də bu hal baş verib.
Hamımızın qısaca "ASAN Xidmət” adlandırdığı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev özü iş gününün böyük bir hissəsini telekanala "hədiyyə” edib. Həqiqətən də, örnək bir davranışdır. Belə bir davranışı, münasibəti digər dövlət məmurlarından, nəinki idarə rəisləri, heç məktəb direktorları, bağça müdirələrindən də görmürük. Bu mənada "ASAN Xidmət” rəisinin telekanala vaxt ayırması, xidmətin fəaliyyəti barədə geniş izahat verməsi, jurnalistin önünə düşüb şöbələri, məntəqələri gəzməsi, hər bir detalı izah etməsi, ətraflı, əhatəli məlumat verməsi günümüzdə çox nadir hallarda rast gəlinən hadisədir.
Biz jurnalistlər bunu başqa məmurlara gözəl bir nümunə hesab edirik. Və sual olunur; bütün məmurları da demirik, bir çoxu bu cür davranış sərgiləsə, mediaya bu dərəcədə açıq olsa və səmimi davransa, nə baş verər ki?! Hər halda yaxşı, təqdirolunası hal baş verər, deyilmi? Media informasiyasız, məlumatsız qalmaz, məlumatsız qaldığı üçün təsdiqlənməmiş, əsassız, şayiə yönlü məlumatlar da yayılmaz. Cəmiyyət də doğru-düzgün, fakta söykənən məlumatlar əldə etmiş olar. Bunun nəyi pisdir ki?! Amma nə edəsən ki, bəzi məmurlar, idarə rəisləri jurnalistlərin üzünə həqiqət qapısını açmaq əvəzinə, qapı-pəncərələri sıxca qapatmağı, yaxud da rüşvət təklif etməklə, özünə dair şübhələri daha da artırmış olur. Bu azmış kimi mətbuata qeyri-səmimi münasibət bəsləyən, "mətbuat xidmətinin rəhbəri” təyin olunduqdan sonra mətbuatı tamamən unudan, vaxtilə, jurnalistlik etdiyi dönəmlərdə hansı əziyyətlərə qatlaşdığını unudan sabiq həmkarlarımız da var. Yəni, bir müəssisə və ya idarəyə mətbuat katibi təyin olunmaq insanın ixtisasını, peşəsini unutması üçün tutarlı əsas ola bilərmi?
Jurnalistlər mediaya açıq məmur görməyi yadırğayıb
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə "ASAN Xidmət” sədrinin davranışının digər məmurlara örnək olduğunu bildirdi:
- "ASAN Xidmət” özü haqqında müsbət imic formalaşdırmış qurumdur. Səbəbsiz də deyil. Çünki əhali "ASAN Xidmət”in işindən razıdır. Mən özüm bir neçə dəfə müxtəlif məsələlərlə bağlı "ASAN Xidmət”ə müraciət etmişəm, həmişə də bu qurumun işi məni qane edib. Bu mənada "ASAN Xidmət” sədri Ülvi Mehdiyevin örnək olaraq vurğuladığınız davranışı təəccüblü deyil. Təəccüblü olan və təəssüf doğuran budur ki, biz jurnalistlər mediaya açıq məmur görməyi yadırğamışıq. Ona görə də indii Ülvi Mehdiyevin bu davranışı bizə göydən-düşmə görünür, sevinirik, təqdir edirik. Əslindəsə, məmur belə də olmalıdır. Bizim görməyə alışdığımız məmur tipi necədir? İctimaiyyətə qapalı, mediaya qapalı, jurnalistlərlə kobud davranan, məlumat almağın qeyri-mümkün olduğu, necə deyərlər, "ağzını bıçaq açmayan” nazirlər, məmurlar, idarə, müəssisə rəhbərləri. Hansı məmur ki, idarəsinin qapılarını medianın timsalında ictimaiyyətə qapayır, məlumatsızlıq mühiti yaradır, deməli, fəaliyyəti şəffaf deyil, neqativləri, əyri işləri çoxdur.
Ona görə də mətbuatdan qaçırlar, jurnalistlərlə danışmaqdan çəkinirlər. Amma Azərbaycan dövlətçiliyində artıq yeni siyasi mərhələyə keçilib. Yeni kadr təyinatları edilir. Həm də görürük ki, yeni kadrlar ictimaiyyətə açıqdırlar, yeni təfəkkürlü, müasir dünyagörüşlü şəxslərdir. Və öz fəaliyyətlərində də ən birincisi, şəffaflığı təmin etməlidirlər. Görürük ki, kənd təsərrüfatı naziri fermerlərlə görüşdə buzovu qucağına alır və çəkilmiş şəkli də paylaşır. Belə davranışlar insanlarda pozitiv hisslər yaradır. Hər bir məmur yeni dövrün tələblərinə uyğunlaşmalıdır. Tələblərdən biri də media ilə sağlam münasibətlərin qurulmasıdır. Nazirliklər, dövlət idarələri mediaya əsas vəzifələrindən biri olan ictimai nəzarət mexanizmini həyata keçirməsinə şərait yaratmalıdırlar. Medianın vəzifəsi, işi informasiya əldə etmək və onu cəmiyyətə ötürməkdir. Eyni zamanda hər hansı sahə ilə bağlı tədqiqat, araşdırma aparmaq da medianın işidir. Dövlət müəssisələri, nazirliklər medianın işinə mane olmamalı, əksinə, dəstək verməlidirlər ki, öz fəaliyyətləri də görünsün. Əlbəttə ki, bunu, öz işini, tapşırılan vəzifəni layiqli yerinə yetirən məmur edə bilər. O məmur ki, vəzifəyə sadəcə qazanc mənbəyi kimi baxır, ondan mediaya açıq olacağını gözləməyə dəyməz. Medianın timsalında ictimaiyyətə açıqlıq nümayiş etdirən "ASAN Xidmət”in fəaliyyətini təqdir edirəm, alqışlayıram.
Məmurlaşan həmkarlarımız da var
S.Verdizadə mətbuat xidmətlərində çalışan həmkarlarımız arasında peşəsinə sədaqətli qalanlarla yanaşı, məmurlaşmaq yolunu tutanların olduğunu da dedi:
- Medianın dövlət orqanı, hər hansı strukturla əlaqələndiricisi mətbuat xidmətləridir. Mətbuat xidmətləri fəaliyyətini elə qurmalıdır ki, media - cəmiyyət informasiyasız qalmasın. Bilirsiz, son dövrdə mən mediamızda da müsbət tendensiyaların baş verdiyini görürəm. Azərbaycan mətbuatında həqiqətən də keyfiyyət dəyişikliyi baş verir. Təcrübəli, işini bilən həmkarlarımız çoxdur. Sadəcə, problem "ictimaiyyətlə əlaqələr” və ya "mətbuat xidmətləri” adlanan qurumların bəzən öz işlərini düzgün qura bilməməsidir. Bunun da məncə, iki səbəbi var. Birincisi, bizim bəzi həmkarlarımız mətbuat xidməti rəhbəri təyin edildikdə jurnalist olduqlarını unudurlar. Unudurlar ki, onlar da bir vaxt hansısa mətbu orqanda çalışıblar və bir informasiya almaq üçün hansı əzablara qatlaşıblar. Vaxtilə fəal jurnalistika ilə məşğul olmuş şəxslər vəzifəyə təyinat aldıqda jurnalistlik prinsiplərini gərək unutmasınlar. Təəssüf ki, belə həmkarlarımız da olur, vəzifəyə təyin edildikdə jurnalistlikdən uzaqlaşıb, məmurlaşmaq yolunu tuturlar.
Pis vərdişlər qazanırlar. İkinci səbəb isə, idarə və müəssisələrin iş prinsipi ilə bağlıdır. Bayaq vurğuladıq ki, hansı nazirlik, komitə, idarə və sair. şəffaf fəaliyyətindən əmindirsə, mediaya da açıqdır. Qara işlərinin gün üzünə çıxacağı qorxusu yaşayanlar isə medianın üzünə qapılarını bağlayır. Başqa bir vacib məqam, mətbuat xidmətlərində peşəkar jurnalistlərin işləməsidir. Məmurlarımızın bir "asılılığı” da qohum-əqrəbanı yan-yörəsinə yığmaqdır. Hansısa vəzifəyə, işə qoy öz qohum-əqrəbasını götürsün, amma heç olmasa, mətbuat xidmətinə peşəkar jurnalist təyin edilsin ki, məlumat, informasiya yaymaq lazım gələndə, peşəkarlıqla bu işin öhdəsindən gəlməyi bacaran birisi olsun. Mətbuat xidmətləri idarə və müəssisələr üçün əslində, çox iş görə bilər. İdarə və müəssisə haqqında cəmiyyətdə müsbət fikir formalaşdırılmasında mətbuat xidmətləri əhəmiyyətli çəkiyə malikdir.
Məmurlar jurnalistləri sevmir
Modern.az saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məmur-jurnalist antipatiyasında hər iki tərəfdə günah yükünün olduğunu düşünür:
- Prezident seçkisindən sonra Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırıldıqda biz sevindik və bildik ki, artıq yanaşmalar dəyişir, sovet düşüncə tərzi aradan qalxır. Biz dəfələrlə məmurlara üz tuturaq bildirmişik ki, mediaya açıq olun, müsahibələr verin. Jurnalistlər ən yaxşı işinizi ictimaiyyətə çatdıra bilər, neqativ iş varsa, onu da üzə çıxarıb fəaliyyətinizə əksinə, kömək edə bilər. Amma bu bir reallıqdır, heç bir məmur jurnalistləri sevmir, hansısa qüsurlarının cəmiyyətə çatdırılmasını istəmirlər. Çünki mediada yayıldısa, artıq ölkə çapında bilinəcək. Ülvi Mehdiyev kimi mediaya açıq məmurları nadir hallarda görürük. Bu mənada "ASAN Xidmət” sədrinin davranışı əlbəttə, nümunədir. Dövlət orqanları rəhbərləri çox zaman vaxt darlığından şikayətlənir, "məşğul olduqlarını” bildirirlər. Məncə, mətbuata vaxt ayıra bilməyən məmurun iş gününü planlaşdırmaqda problemi var. İstənilən rəsmi şəxs, məmur, idarə rəhbəri iş gününü, fəaliyyətini elə planlaşdıra bilər ki, mediaya da vaxt tapar. Başqa məsələdir ki, jurnalist qeyri-peşəkarlığı da bəzən məmurları küsdürür.
Bəzən həmkarlarımız elə suallar verirlər ki, qeyri-peşəkarlıqları üzə çıxmış olur. Jurnalist jurnalist, məmur da məmur olmalıdır. Məmurun konkret vəzifəsi olduğu kimi, jurnalistin də vəzifəsi, işi informasiya almağa çalışmaq və aldığı informasiyanı yaymaqdır. Hədəf, məqsəd eyni olsun - dövlətçiliyimizin möhkəmlənməsinə xidmət. Jurnalist dövlətçiliyimizə ziyan vura biləcək hansısa faktla bağlı informasiya əldə edirsə, onu mütləq paylaşmalıdır. Əslində, məmurla jurnalist, əgər xeyirxah məqsəd daşıyırlarsa, biri-birini tamamlayan tərəflər olmalıdır. Ümumiyyətlə, hər kəs öz yerində olanda, işlər yaxşı gedir.
Dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinə gəlincə, narazı qaldıqlarımız da var, razılıq etdiklərimiz də. Bunu demək istəyirəm ki, hər bir mətbuat xidməti təmsil etdiyi qurumun ictimai imicidir. Bu imicin müsbət olmasına çalışan mətbuat xidməti rəhbəri media ilə sıx əlaqə saxlamalı, ünvanlanan sualları, sorğuları vaxtında, operativ cavablandırmağı bacarmalıdır. Təəssüf ki, ayrı-ayrı qurumların mətbuat xidməti rəhbərliyində çalışan həmkarlarımız bəzən jurnalistlərlə dostluqlarından sui-istifadə etməyə çalışırlar. Hansısa informasiyanın yayılmamasını xahiş edirlər. Halbuki, bəlkə də məhz o informasiya cəmiyyət üçün də, dövlətimiz də üçün önəmlidir. Həmkarlarımız dostluq əlaqələrindən neqativlərin üzərinin örtülməsi üçün deyil, əksinə, çatışmazlıqların üzə çıxarılması üçün istifadə etməlidirlər. Çünki bu, ümumi işimizin xeyrinədir.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb