Mobil rabitənin jurnalistikaya xeyri də var, ziyanı da...

Jurnalistlər bəzən tənbəllik edib, müsahibələri də telefonla götürürlər




... əvvəli ötən sayımızda

Dünyada mobil rabitədən istifadə günü-gündən kütləviləşir. Bu proses isə təbii olaraq həm mobil rabitə operatorları arasında rəqabəti gücləndirir, onları daha müasir texnologiyaların tətbiqinə sövq edir, həm də bu kütləvilik mobil rabitənin tətbiqi sahələrinin artmasına yol açır. Bu baxımdan sözügedən avadanlıqlar media üçün də geniş imkanlar vəd edir.

Qeyd edək ki, ilin-günün bu çağında da Azərbaycanda sovet nostalgiyası ilə yaşayan insanlar var. Zəmanənin korlanmasından giley-güzar edən bu insanlar fürsət düşdükcə, o dövrün qayğısız günlərindən ağızdolusu danışırlar. Amma nostalgiya özü ilə heç də həmişə şirin xatirələr gətirmir. Məsələn, yaşlı nəsil nə qədər cəhd etsə də, günümüzün gənclərini ən azı, texnologiyanın sürəti baxımından təəccübləndirə bilməz. Çünki bir vaxt onlara xəyal kimi görünən, əlçatmaz sayılan bu günün insanları üçün həyat tərzinə çevrilib. Bəlkə o vaxt heç kim təsəvvür belə etməzdi ki, bir gün sovetin "baraban” telefonlarını ovuc içinə sığan mobil telefonlar əvəz edəcək.

Bir vaxtlar jurnalistin ayrılmaz parçası onun mürəkkəbli qələmi idisə, indi bu vacibatların ön sırasında mobil telefon gəlir. Bu gün heç bir media orqanı xəbəri anında ötürən bu aparatlar olmadan işini qura bilməz. Bircə mobil telefon bəs edir ki, hadisə yerindən operativ qaydada həm səsli, həm foto və ya videogörüntülü xəbər ötürəsən. Yəni məşhur məsəldə olduğu kimi, bir gülləyə iki yox, daha çox dovşan vura bilərsən. Təki "silahın” daim səninlə olsun.

Bu baxımdan həm radio, həm televiziya, həm qəzet, həm də internet jurnalistikası mobil rabitənin imkanlarından özünə lazım olan formada istifadə edir. Azərbaycan mediası, bütün ölkə vətəndaşları kimi, mobil rabitənin imkanlarından 90-cı illərin ortalarından istifadə etməyə başlayıb. O vaxta qədər jurnalistləri informasiya sahibi ilə calaşdıran ya ənənəvi telefon aparatları idi, ya da jurnalistin öz ayaqları. Yəni xəbər sahibini telefonla tapa bilməyəndə, ən kiçik məlumatı öyrənmək və ya dəqiqləşdirmək üçün öz ayağınla xəbərin dalınca getməli olurdun. Maraqlıdır, mobil rabitənin bu imkanlarına jurnalistlərin münasibəti necədir. Media nümayəndələri mobil telefonların imkanlarından istifadənin faydalı, yoxsa zərərli tərəflərinin daha çox olduğunu düşünür?

"Milli.az” saytının baş redaktoru Anar İmanov mediada mobil telefonların imkanlarından istifadəni normal qəbul edir. Onun sözlərinə görə, medianın əsas vəzifəsi doğru xəbərlərin ictimaiyyətə çatdırılmasından ibarətdir:

 "Bu məsələdə bütün imkanlardan istifadə edilməlidir və əgər bu işdə mobil telefonlar kömək edirsə, bu, normal haldır. Deməzdim ki, telefon jurnalistləri tənbəlləşdirib, əksinə, işlər daha da artıb və bu, bugünkü onlayn mediada açıq-aşkar görünür. Məsələn, hər hansı hadisə baş verdiyi zaman jurnalistin əsas "silahları” - qələm-bloknot, diktofon, fotoaparat bu və ya digər səbəblərdən olmaya bilər. Və bu zaman köməyə mobil telefonlar gəlir. Bu təcrübədən bütün dünyada istifadə olunur. Yadımdadır ki, 10 il əvvəl ölkəmizə xaricdən yüksək vəzifəli məmurlarla jurnalistlər gəlmişdi. Bizim jurnalistlər maraqla əcnəbi həmkarların fəaliyyətini izləyirdilər. Əcnəbi jurnalistlərin biri mətbuat konfransı zamanı masaya mobil telefonunu qoydu. Səs mobil telefonla ötürülürdü redaksiyaya, orada isə operator onu sürətlə mətnə çevirib xəbərləri hazırlayırdı”. A.İmanov hesab edir ki, hazırda xəbəri operativ işləyib hazırlamaq üçün mobil telefon kifayət edir. Belə ki, mobil telefon vasitəsilə operativ şəkildə jurnalist həm mətn yazır, həm hadisənin, tədbirin foto və video görüntüsünü rahatlıqla redaksiyasına çatdırır: "Ümumiyyətlə düşünürəm ki, mobil telefonların hansısa sahədə, xüsusən də bizim fəaliyyətimizdə faydası zərərdən daha çoxdur. Mobil telefon - bir çox başqa texnoloji yeniliklər kimi - adi texnoloji alətdir və insanın özündən asılıdır ki, bu alət fayda verəcək, ya zərər”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə hesab edir ki, hər bir müasir texnologiyanın müsbət və mənfi tərəfləri var. O cümlədən mobil telefonların jurnalistlərin işinə operativlik baxımından xeyli faydası və müəyyən qədər də ziyanları mövcuddur:

 "Məsələn, özəl mənbədən xəbər almısan, onu dəqiqləşdirmək üçün bir var hansısa bir qurumun rəhbərinin qəbuluna gedəsən, bu azı 1 saat çəkəcək, bir də var telefonu götürüb yığırsan, o da münasibət bildirir və beləliklə, xəbər 5 dəqiqə sonra oxucuların ixtiyarındadır. Operativlik baxımından mobil telefonların ciddi faydası var. Amma bəzən jurnalistlər bundan sui-istifadə də edir. Ziyanlı olanı da məhz budur. Məsələn, bir siyasətçi ilə müsahibəyə getmək, üzbəüz oturub "şəkilli müsahibə” almaq daha maraqlı və jurnalistika prinsiplərinə daha uyğun olduğu halda, ondan telefonla müsahibə olmaq uğurlu variant deyil. Bunu hansısa fövqəladə şəraitdə etmək olar. Reportyorun redaksiyadan çıxıb harasa getməsi həm də onun növbəti bir xəbəri əldə etməsi, reportaj hazırlaması ilə nəticələnə bilir. Məsələn, müsahibəyə getdiyi yerdə yolda bir yaşıllığın məhv edilməsini görür, şəklini çəkir və gəlir onu da yazır. Amma o da var ki, bütün jurnalistlər reportyor deyil. Məsələn, redaksiyalarda bir çox müxbirlər ekspertlərlə işləyən və onların rəyləri əsasında təhlil xarakterli yazılar hazırlayır. Onların bir gündə 3-5 eksperti gedib ofislərində axtarması isə operativliyə və iş əmsalına mənfi təsir edir. Ümumiyyətlə götürəndə isə mobil rabitənin jurnalistikaya xeyri daha çox dəyir, nəinki ziyanı. Tənbəlləşmək istəməyən reportyor isə heç zaman redaksiyada oturmur, "yeriyən reportaj”lar hazırlayır”.

Strateq.az saytının redaktoru, "Yeni Media Jurnalistləri” İB-nin sədri Xaqani Səfəroğlu isə informasiya texnologiyalarının inkişafının KİV üçün yeni imkanlar açdığını deyib:

"Qəzet era”sında jurnalisti "yedizdirən” ayaqları idisə, indi mobil telefonlar, smartfonlar, İP-lar önə çıxıb. Bu təbiidir.

15-20 il öncə qəzetdə çalışan jurnalistlər bütün günü ən müxtəlif tədbirlərdə olurdular. Yalnız günün ikinci yarısı redaksiyaya dönüb yazılarını hazırlayırdılar. İndi vəziyyət dəyişib. İlk növbədə informasiyanın yayılmasında vaxtın əhəmiyyəti görünməmiş qədər artıb. Yəni onlayn medianın vüsət alması ilə xəbər istehsalı əsas prioritet kəsb edib. Hamı xəbər yazır. Bunun üçün də mobil telefon yaxşı köməkçidir. Mobil telefonların olmadığı və çox baha olduğu dönəmlərdə jurnalist bütün günü bir, iki tədbirdə ola bilirdi. Oradakı qeydlərini redaksiyaya gətirdikdən sonra sabaha çıxacaq qəzet üçün yazı hazırlayırdı. İndi isə xəbər və informasiya yaymaq sürət tələb edir. Odur ki, indi jurnalistlər canlı ünsiyyəti vaxt itkisi sayaraq mobil telefon, sosial şəbəkələr üzərindən suallar vermək, müsahibə götürməyə meyilli olurlar.

Amma bütün hallarda bu, peşəkar jurnalist ənənələri üçün arzuedilməzdir. Çünki jurnalist üçün şəxsi təmas daha vacibdir. Bu ona lazımi adamı tanımaq şansı, əlaqə yaratmaq və bundan öz işində yararlanmaq imkanı verir. Hamı xəbər yaza bilməz. Jurnalist üçün müsahibə, təhlil, siyasi proqnozlar, ictimai-siyasi sfera ilə yazma bacarığı da vacib məsələdir”.

Əgər jurnalist ictimai-siyasi-sosial sahədə tanınmışları, aparıcı qüvvələri, şəxsləri tanımırsa, onun telefonla qurmaq istədiyi təmaslar çətin ki, effektiv olsun: 

"Quru danışıqlar ilə onun məqalələri tutumlu ola bilməz. Çünki bu şəxslər telefonda tanımadıqları jurnalistə onun istədiyi detalı, faktı verməyə bilər, başından edə bilər. Canlı müsahibə jurnalistə mühüm imkanlar verir: O, müsahibini müşahidə edə, onun sözlərində səmimi olduğunu yoxlaya bilər. Ola bilsin ki, bu müsahib müsahibədən kənar söhbətdə jurnalistin yazısı üçün çox mühüm bir detalı da açsın. Belə əlaqələr jurnalistin "baqajı” sayılır. Sabah istənilən hadisə ilə bağlı belə şəxsi əlaqələr hesabına informasiya əldə edə bilmək jurnalist üçün böyük üstünlükdür. O baxımdan şəxsi təmaslar daha yaxşı və peşəkar yanaşma üçün vacibdir. Jurnalist redaksiyada oturmamalıdır. Onun hər gün yazısı olmalıdır. Hökmən deyil ki, o yazı qəzetin sabahkı sayı üçün nəzərdə tutulsun. Bu bir yaradıcı prosesdir: Bu gün məqalə, sabah müsahibə, biri gün yaxşı bir araşdırma... Bunun üçünsə hər gün ən müxtəlif adamlarla təmas qurmaq, görüşmək lazım gəlir. Mobil telefon isə yazı obyektinin əlçatmaz olduğu bir zamanda işə yaraya bilər.

"Telefon jurnalistikasının” bir əsas səbəbi də jurnalist stimulunun olmamasıdır. Əgər jurnalist yazıya görə böyük qonorar alacağını bilərsə, bu yazılar onun işlədiyi və yaxud digər KİV-də karyera yüksəlişi üçün mühüm amil sayılarsa, o zaman o, ən yaxşı məqaləsini yazmağa çalışacaq. Bunun üçünsə jurnalist redaksiya otağından çıxmağa can atacaq...”.

Ölkə.Az saytının rəhbəri Məmməd Gülməmmədov da mediada mobil telefonların, planşetlərin digər texnologiya və qurğuların istifadəsinin tamamilə normal olduğunu deyib: 

"Müasir dövrdə informasiya alış-verişi sürətlənir və bunun metodları hər gün yenilənir, təkmilləşir. Bunu nəzərə alsaq, informasiyanın əldə edilməsi üçün daha sürətli və çevik vasitələrdən bütün dünyada olduğu kimi ölkəmizdə də jurnalistlər geniş istifadə edir. Hətta deyərdim ki, ən son texnologiyalarla təchiz edilmiş peşəkar fotoaparatlar artıq internetə bağlana və kompüterdən istifadə etmədən birbaşa çəkilən fotonun lazımi qurğuya ötürülməsi mümkündür. Bu kimi yeniliklər nəinki jurnalistləri tənbəlləşdirir, əksinə, onların daha operativ işləməsinə imkan verir.

Hətta son illərdə smartfonlar vasitəsilə hadisə yerində canlı yayım etmək imkanı da jurnalistlər üçün böyük fürsətə çevrilib, bunun da nəticəsində bahalı və böyük avadanlıqlardan istifadə etmədən vaxtında oxucuya, izləyiciyə məlumatı çatdırmaq olur. İndi jurnalistlər telefon vasitəsilə aldıqları açıqlamaları xüsusi tətbiqetmələr sayəsində başqa qurğuya köçürmədən birbaşa telefonlarına qeyd edə bilirlər. Bu da səsin daha təmiz yazılması deməkdir ki, daha sonra yazılmış səsi mətnə köçürdükdə səsin eşidilməməsi kimi problemlərlə qarşılaşılmır. Son olaraq qeyd etmək istəyirəm ki,

dünya ilə ayaqlaşa bilmək üçün müasir texnologiyalardan maksimum yararlanılmalı, bütün yeniliklər təqib və tətbiq edilməlidir”.

(Davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb