
Mollalar, şeyxlər yox, alimlər öndə olmalıdır
Fazil Mustafa: "Dində olan müsbət təzahürlərin uşaqlara öyrədilməsinin heç bir zərəri yoxdur. Sadəcə, bunun ayrıca din dərsi kimi uşaqlara keçirilməsi məqsədəuyğun deyil"Əhməd Qəşəmoğlu: "Orta məktəblərdə dinlə bağlı ayrıca fənni tədris etmək üçün təcrübəli kadrlarımız yoxdur"
Kamran Əsədov: "Bu təkliflər son dərəcə gecikmiş təkliflərdir. Gərək orta məktəblərdə dini biliklərin tədrisi işinə çoxdan başlanılardı"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının orta və ali məktəblərdə din dərslərinin keçiriləcəyi barədə açıqlaması ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Məsələ ondadır ki, təhsil ocaqlarında dini bilgilərin veriləcəyi xəbəri cəmiyyətdə birmənalı qarşılanmayıb. Dini tədrisə dəstək verənlərlə yanaşı, qarşı çıxanlar da kifayət qədər çox olub. Daha sonra ictimaiyyətə açıqlama verən Komitə rəhbərliyi bildirib ki, söhbət orta məktəblərdə dinin və şəriətin tədrisindən getmir. Məqsəd ümumi dini biliklərin tədris edilməsidir: "Şagirdlərə, gənclərə ilkin bilikləri biz verməliyik, radikal qüvvələr yox”.
Komitə rəsmisinin fikrincə, təklifə verilən reaksiyalar göstərdi ki, orta məktəblərdə dini biliklərin tədrisi aktual və zəruri məsələdir: "Komitənin mövqeyi dəyişməyib. Sentyabrdan etibarən ali təhsil ocaqlarında "Multikulturalizmə giriş” fənni tədris ediləcək. Əvvəlkindən fərqli olaraq, əsas fənn kimi tədris olunacaq. I hissədə multikulturalizm, II hissədə dinlər və dinlərin tarixi tədris olunacaq”. Komitədən vurğulanıb ki, beynəlxalq təcrübədə dini biliklər 3 yolla verilir: "Dini tərbiyəni ailə verir. Dini təhsili dini təyinatlı mədrəsələr və təhsil ocaqları verir. Bizim təklif etdiyimiz isə dini tədrisdir. Məktəbdə riyaziyyatı, fizikanı ona görə keçmirlər ki, hamı riyaziyyatçı olsun”.
İctimaiyyət nümayəndələrinin, tanınmış ziyalıların da orta məktəblərdə dini tədrisin yer almasına fərqli baxışları olub.
Millət vəkili Fazil Mustafa hesab edir ki, təhsil ocaqlarında multikulturalizm adı ilə dinin tədris edilməsi normaldır: "Dinlərarası münasibətlərə aqressiv formada yanaşmamaq, yaxud daha humanist yanaşma üçün dində olan müsbət təzahürlərin uşaqlara öyrədilməsinin heç bir zərəri yoxdur. Sadəcə, bunun ayrıca din dərsi kimi uşaqlara keçirilməsi məqsədəuyğun deyil. Multikultural formada keçirilməsi daha məqsədəuyğundur. Bu yolla başqa dinlərə münasibətdə insanların daha tolerant yanaşmasını təmin etmək olar. Təbii ki, islam dininin də zəruriliyi göstərilməlidir. Qətiyyən islam tarixi ilə bağlı müqayisəli məqamlara yol vermək olmaz. Hansısa müzakirələrin aparılmasına imkan yaratmaq doğru deyil. Tarixdə o qədər ziddiyyətlər var ki! Çalışmalıyıq ki, bunu Azərbaycan əhalisinin müəyyən formatına uyğunlaşdıraq. Hansısa ölkələrin ideologiyasının təbliği məsələsi gündəmdə olmamalıdır”.
Sosioloq-alim, professor Əhməd Qəşəmoğlu da "Şərq”ə açıqlamasında vurğulayıb ki, orta məktəblərdə dinlə bağlı məlumat verilməlidir. Çünki din elə bir sahədir ki, burada boşluq olanda başqa ölkələr öz maraqlarını həyata keçirməyə cəhd göstərirlər:
"İllərdir gündəmə daşıdığımız problemləri aradan qaldırmaq üçün əməli iş görməyin vaxtıdır. Tez-tez ölkəmizə İran, Ərəbistan, Türkiyə və başqa dövlətlərin dini qruplaşmalarının, o cümlədən xristian aləminin yad təsirlərindən danışırıq. Əgər müşahidə etdiyimiz boşluğu vaxtında doldurmazsaq, təhlükəli tendensiya davam edəcək. Təhsil sistemində şagirdlərə normal dini bilgilər vermək mümkündür. Amma çox ciddi bir problemimiz var.
Bununla bağlı Komitəyə dəfələrlə tövsiyələrimi vermişəm. Azərbaycanda dini məsələlərlə bağlı elmə əsaslanmış platforma və konsepsiya yoxdur. Konsepsiya hazırlanarsa, o zaman biləcəyik ki, ərəblərdən, İrandan və Türkiyədən hansı faydalı məqamları götürə bilərik. Sadaladığım ölkələrdə din tədrisi ilə bağlı təcrübə daha çoxdur. Azərbaycanda konkret konsepsiya olmadığına görə, işimiz-gücümüz kənar təsirlərdən danışmaqdır. Xeyli vaxtdır, İran belə getdi, vəhhabilər elə gəldi, gülənçilər içimizə girdi və s. məsələləri müzakirə edirik. Ancaq ortada real nəticə yoxdur. Mütləq şəkildə düşünülmüş konsepsiyaya ehtiyacımız var. Özü də mollalarla, şeyxlərlə yox, alimlərlə birlikdə hazırlanmış ciddi elmi-əsaslı platforma olmalıdır”.
Alim vurğulayıb ki, orta məktəblərdə dinlə bağlı ayrıca fənni tədris etmək üçün təcrübəli kadrlarımız yoxdur:
"Mən öz şagirdlərimi, gənc nəsli başlı-başına buraxa bilmərəm ki, öz dinləri barədə anlayışları olmadığı üçün onları hərə bir tərəfə çəksin. Ancaq din tədrisində xurafatyönlü məsələlər təbliğ olunmamalıdır. Daha çox fəlsəfi aspektdən maraqlı olan dini məqamları uşaqlarımıza aşılamalıyıq. İslamın əsas dəyərlərini dərindən öyrətməliyik. Bu sahədə Dini Komitənin mövqeyi ilə razıyam”.

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov isə bu prosesin gecikdiyini söyləyib: "Hesab edirəm ki, bu təkliflər son dərəcə gecikmiş təkliflərdir. Gərək orta məktəblərdə dini biliklərin tədrisi işinə çoxdan başlanılardı.
Azərbaycanda orta məktəblərdə dini mövzuda dərslərin keçirilməsi zaman-zaman gündəmə gətirilir və müzakirə olunur. Dini dəyərlər tarix boyu xalqımızın milli-mədəni və ideoloji identikliyini formalaşdıran əsas baza hesab olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş versin, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər.
Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun. Amma qeyd etmək istəyirəm ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir. Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi "xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaqları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə yaratmaq cəhdləridir”.
Ekspertin sözlərinə görə, din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına da böyük töhfə verəcək:
"Adətən gənclər islamı düzgün dərk etmədikdə yanlış yollara meyl edir. Düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verəcək”.
İlahiyyatçı Əkrəm Həsənov da radikalizm və mövhumatçılığın baş verməməsi üçün dini fənlərin tədrisinin vacibliyini və cəmiyyətin özündə buna maraq olmalı olduğunu vurğulayıb:
"Hər bir dinin öz radikal forması var. Radikalizm dini bilməməkdən irəli gəlir. İslam dini mükəmməl dindir və qətiyyən terror və radikalizmi aşılamayan din kimi onun həm orta, həm ali məktəblərdə elmi şəkildə tədrisi çox vacibdir. Lakin bəzi insanlar sosial şəbəkələrdə şüar səsləndirirlər ki, mollaxana yetişdirilir, guya cəmiyyət dindarlaşdırılır. Bu tamamilə absurd fikirdir. Ailə dinin və mənəviyyatın marağında olmalıdır. Həmçinin, televiziya efirlərində dini müzakirələrə yer verməklə cəmiyyəti geniş şəkildə maarifləndirmək lazımdır. Bütün bunların olmaması isə mənfi nəticələr doğurur. İlahiyyatda oxuyan bir insan kənara çıxanda tamamilə başqa bir çevrə ilə qarşılaşır. Oxuduqlarını cəmiyyətə izah edə, sübut edə bilmir. Çünki çevrə və cəmiyyət fərqlidir. Düşünürəm ki, orta və ali məktəbdə xüsusi dini təhsil verildikdə cəmiyyət özü-özünü formalaşdıracaq”.
Tanınmış jurnalist Xəqani Səfəroğlu da məsələyə öz münasibətini bildirib:
"Ali məktəblərdə dinşünaslığın tədrisi, orta məktəblərdə din barədə ümumi bilgilərin verilməsi nə üçün bir qrup tərəfindən belə aqressiv qarşılanır? Ateist sovet hökuməti zamanında belə ali məktəblərdə "elmi ateizm” deyilən fənn tədris olunurdu. Orada bütün dinlər barədə müfəssəl məlumatlar verilirdi. Bizim oxuduğumuz 90-larda "dini biliklərin əsasları və tarixşünaslığı” fənni tədris olunurdu. Müəllimlə maraqlı müzakirələrimiz olurdu. İnsan tanımadığı şeydən qorxar. İslam dini Rusiya İmperiyasında və ateist SSRİ zamanında Azərbaycan xalqının dağılmaması, milli özünüdərkin saxlanmasında mühüm rol oynayıb.
Din bu gün də ölkəmizin xalqlarını bir-birinə bağlayan bağ kimi çıxış edir.
Gənclərin, uşaqların dinlər, Allah, peyğəmbərlər, onların həyatı, mesajı, tarixi barədə bilmələri nə üçün narahatlıq yaratmalıdır? Dini mühafizəkarlığın möhkəm sayıldığı bir məkanda - Lənkəranda doğulmuşam.
Yeniyetmə vaxtımdan bəri ən müxtəlif dini mərasimlərində olmuşam. Bu 28 il ərzində tanıdığım 100-lərlə uşaqdan, yeniyetmədən bu gün ABŞ-da oxuyub yaşayanları, ali təhsil alıb uğurlu karyera quranları, dəqiq elmlər üzrə elmlər namizədi olanları, yaxşı biznesmen, hərbçi, müəllim, musiqiçi, xanəndə olanı var. Heç kim gedib nə terrorist oldu, nə də mövhumatçı”.
İsmayıl