Nə Paşinyan, nə də başqası Ermənistanı vəziyyətdən çıxara biləcək

Ona görə parlament seçkilərində vətəndaşlar seçki fəallığı göstərmədilər



Dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkisi, daha doğrusu, seçki şousu başa çatdı. Düşmən ölkədəki seçkilər kütləvi saxtakarlıq, qanun pozuntuları və seçicilərin boykotu ilə yadda qaldı. Nikol Paşinyanın "Mənim Addımım” bloku 70 faiz səs "topladığını” iddia edərək özünü qalib elan etdi. Serj Sarkisyanın Respublikaçılar Partiyası da daxil olmaqla, 8 siyasi təşkilat isə parlamentdən kənarda qaldı. Seçkidə bir müddət əvvəl ölmüş ermənilərin də "səs verdiyi” üzə çıxdı. Bununla da səsvermə Ermənistan tarixinin ən biabırçı seçkisi kimi tarixə düşdü. Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan erkən parlament seçkilərində 48 faiz ölkə vətəndaşının iştirak etdiyini açıqladı. Deməli, 52 faiz seçici səs verməkdən boyun qaçırıb. Paşinyan və tərəfdarlarının seçkidə saxtakarlıq yolu ilə qələbə çalması erməni siyasətçiləri tərəfindən də etiraf edilib. 

Respublikaçılar Partiyasının təmsilçisi David Şahnazaryan seçki kampaniyası zamanı təhdidlər səsləndirildiyini, hakim qüvvə tərəfindən təzyiq hallarının baş verdiyini söyləyib: "Seçkilər hökumət qüvvələri tərəfindən təhdidlər, qanun pozuntuları və şiddətlə müşayiət edildi”. Seçkidə hər cür saxtakarlığa rəvac verən Paşinyan öz qohum-əqrəbalarını parlamentə doldurmaqla səs üstünlüyü qazanmağa çalışıb. Saxta seçkilərdə baş nazirin iki yaxın qohumu - qardaşı oğlu və qaynı deputat "seçiliblər”. Parlamentə mandat qazananlar arasında barəsində cinayət işi açılmış Qagik Tsarukyanın mühafizəsinin başçısı Eduard Babayan da var. Göründüyü kimi, Paşinyan növbəti dəfə problemsiz baş nazir seçilə bilmək üçün özünə yaxın bildiyi bütün adamları qanunsuz yollarla parlamentə toplayıb. Şübhəsiz ki, belə vəziyyətdə baş tutan seçkini demokratik və şəffaf adlandırmaq qətiyyən mümkün deyil.

İctimaiyyət nümayəndələri də bazar günü Ermənistanda baş tutan seçkinin senari üzrə davam edən teatr olduğunu deyiblər.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov "Şərq”ə açıqlamasında deyib ki, Ermənistandakı seçki Nikol Paşinyana bağlı siyasi qüvvələrin təzyiqi altında baş tutub. Analitik bildirib ki, seçkilərdə kütləvi saxtakarlıq edildiyinin bariz nümunəsi odur ki, seçicilərin yarısı seçki məntəqəsinə gəlməyib: "Əksəriyyət səs vermək istəməyib. Belə məqamda hansısa "qələbə”dən danışmaq yersizdir və reallıqdan uzaqdır. Ermənilər həm fiziki, həm də mənəvi cəhətdən tamamilə yorulublar. Çünki 20 ildən artıq hakimiyyətdə olan siyasi qüvvələr erməni xalqına müsbət heç nə vermədi. Dağlıq Qarabağ problemi həll olunmamış qalıb. Ölkə aclıq, səfalət içindədir, kasıblıq baş alıb gedir. Siyasi və iqtisadi problemlər erməniləri nəinki seçkidən, ümumiyyətlə, həyatdan bezdirib. Paşinyanın populist bəyanatları nəyisə dəyişmək gücündə deyil. 

Bu vəziyyətdə baş nazirin ölkəni idarə etmək imkanları sıfıra bərabərdir. Ermənistanı çox çətin və mürəkkəb vəziyyət gözləyir”.

"Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri Məhəmməd Əsədullazadə də "Şərq”ə deyib ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın "qalib” gələcəyi gözlənilən idi. Amma siyasi proseslərdə baş verən dəyişikliklərə rəğmən ölkə vətəndaşları seçkidə yüksək fəallıq göstərmədilər. Politoloq bildirib ki, seçici fəallığının olmamasını Paşinyan özü də sosial şəbəkədə etiraf edib: 

"Hesab edirəm ki, ölkədə baş tutan tələm-tələsik seçkilər Paşinyanın siyasi şousu idi. Gələn ilə planlaşdırılan seçkilərin qabağa çəkilməsi yeni hakimiyyətin səs itirməməsinə və dəstəyinə hesablanmışdı. Ancaq göründüyü kimi, seçicilərin böyük əksəriyyəti, əsasən, region əhalisinin seçkilərdə iştirakı çox zəif olub. Ümumiyyətlə, Ermənistanda seçki institutunu "Qarabağ klanı” 20 il ərzində məhv edib. İnsanlarda seçki prosesinə, verdikləri səsin əhəmiyyətli olduğuna heç bir inam, etibar qalmayıb. Ona görə də indiki seçki Ermənistanda demokratiyanın və siyasi proseslərin inkişafına təkan verməyəcək. Sadəcə, Paşinyan bu kimi şoulardan istifadə edərək hakimiyyəti əlində saxlayacaq. Seçki göstərdi ki, ermənilərin öz ölkələrinin gələcəyinə ümidləri yoxdur. Paşinyan inqilabla hakimiyyəti ələ aldığı üçün bu seçki onun legitimliyinə lazım idi”.

Siyasi şərhçi Anar İmanov da vurğulayıb ki, fantastik saxtakarlıq şəraitində keçirilən seçki şousunda Paşinyan "qalib” oldu: 

"Saxtakarlıqlar o qədər idi ki, hətta bunu rəsmi səviyyədə etiraf edirdilər. Seçkilərə gəlincə, bütün dünya gördü ki, proses antidemokratik şəraitdə keçirildi. Ancaq dünya gördü və susdu. İndiyə qədər bir çox ölkələrin demokratik seçkilərinə burunlarını soxub, onları "antidemokratik" adlandıran beynəlxalq ictimaiyyət susmağa üstünlük verdi. Paşinyan tələsirdi, çünki olmayan nüfuzunun daha da aşağı düşməsindən ehtiyat edirdi. Ona görə də opponentlərə imkan və vaxt verilmədi. Lakin həm küçə eyforiyasından "seçki”lərə tələsən Paşinyan, həm də dünya xalqın "seçki”ləri boykot etdiyini gördü. Sonuncu "seçki”lər ən zəif seçkilər oldu. Gülməli rəqəmlər də sübut edir ki, Ermənistanın demoqrafik vəziyyəti acınacaqlıdır, ölkədə əhali azdır və hansısa siyasi oyunlarda iştirak etmək istəmir”. Analitik bəyan edib ki, "seçki”lərdən öncə Paşinyan əhaliyə xeyli vəd verib ki, onların bəziləri iqtisadiyyatın yüksəlişi ilə bağlı idi: "Vədlərlə bərabər Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı anlaşılmayan, biri-birini təkzib edən açıqlamaları da gündəmə gəlib. Hazırda Paşinyan test rejimindədir və bu rejim onun vədlərini necə yerinə yetirəcəyini göstərəcək”.

Siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət isə hər şeyi kənara qoyaraq, seçicilərin fəallığı məsələsinə toxunub. Onun sözlərinə görə, erməni əhalisi faktiki olaraq seçkini rədd etdi: 

"Seçici fəallığının həddindən artıq az olması əhalinin keçmiş Sarkisyan-Koçaryan hökumətlərinə bağlı olması anlamına gəlmir. Səbəb odur ki, ermənilər gələcəyə ümidlərini büsbütün itiriblər. Ermənilər birmənalı başa düşürlər ki, Paşinyan və ya başqası Ermənistanı bu vəziyyətdən çıxara bilməyəcək. Anlayırlar ki, onların nicatı, xoşbəxt gələcəyi yalnız və yalnız Azərbaycanla münasibətləri yoluna qoymaqdan keçir. Bu, baş verməyəcəyi təqdirdə Ermənistanda kimin hakimiyyətə gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Məhz bu səbəbdən seçicilər biganə yanaşdılar. Paşinyan və tərəfdarları isə əllərindən gələni etdilər ki, "qaalibiyyətlərini” rəsmiləşdirsinlər. Saxtakarlıqlar, qanun pozuntuları bütün dünyanın gözü qarşısında baş verdi. Şübhə etmirəm ki, beynəlxalq qurumlar susqun qalacaq, yaxud bir-iki bəyanatla məsələni qapadacaqlar. Məsələ ondadır ki, ermənilərlə bərabər artıq beynəlxalq ictimaiyyət də başa düşür ki, Ermənistanın hansı formada seçki keçirməsinin əhəmiyyəti yoxdur. Çünki Ermənistan asılı və başqasının əlinin altında olan bir ölkədir”.

İsmayıl