Nəriman Həsənzadəyə həsr olunmuş onlayn poeziya axşamı... - Fotolar

18 fevral 2021-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Daş Salahlı kənd 1saylı kitabxana filialı Xalq şairi Nəriman Həsənzadənin 90 illiyinə həsr olunmuş “Zəriflik və saflıq şairi” adlı online poeziya axşamı keçirib. Tədbirdə MKS-nin direktoru Solmaz Babanlı, Azərbaycan Beynəlxalq radiosunun redaktoru, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, AYB-nin Qazax zona filialının ədəbi məsləhətçisi, şair, Mustafa Rasimoğlu, BDU-nun və Sosial-İqtisadi Kollecinin Qazax filialının tələbələrindən bir qrup iştirak edib. Kitabxana filialın əməkdaşı Hicranə Məmmədova tədbiri açaraq Nəriman Həsənzadə yaradıcılığının rəngarəng olduğundan, lirikasının saflığından, zərifliyindən danışıb. MKS-nin direktoru Solmaz Babanlı və digər çıxış edənlər Nəriman Həsənzadənin tarixi dramlarını, epik poemalarını, insan ömrünün bir anını tarixi bir hadisə kimi qiymətləndirməsini qeyd ediblər.

Tədbirin qonağı, tanınmış yazıçı və media eksperti Natəvan Dəmirçioğlunun çıxışı böyük maraqla qarşılanıb.

Doğma qazaxlıları salamlayan Natəvan xanım qeyd edib ki, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəriman Həsənzadə “Bu dünyanın gözəl vaxtı, Poyluda qaldı, Göy üzündən ulduz axdı, Poyluda qaldı” deyir.

“Mənim də rəngli uşaqlıq dünyam Qazaxda, Daş Salahlıda  qalıb. O səbəbdən sizinlə hər görüş  bayramdır. Bu gün Nəriman müəllimin 90 illiyi isə əsl poeziya bayramıdır bizimçün.

Zəriflik və saflıq şairi Nəriman Həsənzadənin çox adi bir ömürlüyü var, amma Nəriman müəllim qeyri-adi şairdir, qeyri-adi insandır. Onun şair böyüklüyü sadəliyindədir” deyən Natəvan xanım tədbirdən əvvəl şairlə telefonda danışdığını, onun tədbir iştirakçılarına salamlarını və minnətdarlığını  çatdırdığını söyləyib. 

    Sonda tədbir iştirakçıları Prezident İlham Əliyev tərəfindən yubileyi münasibətilə “İstiqlal” ordeni ilə təltif edildiyinə görə şairi təbrik edib, ona can sağlığı, uzun ömür arzulayıblar. Tələbələr və fəal oxucular sevimli şairin şeirlərini söyləyiblər.