OBA market səhvini düzəltdi: "Səməd Vurğunun varisi ilə əlaqə saxlayıb üzrxahlıq etdik"

"Reklam çarxı yalnız bir radioda (Xəzər FM) efirə gedirdi və bugündən etibarən biz həmin səsləndirmənin yayımlanmasını dayandırmağı qarşı tərəfdən tələb etmişik"


Xəbər verdiyimiz kimi, OBA marketlər şəbəkəsinin dahi xalq şairi Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin sözlərini təhrif edərək özünü və ya məhsullarının reklam etmək məqsədilə hazırladığı reklam çarxı cəmiyyətdə ciddi etiraza səbəb olub. 

Son günlər sosial şəbəkələrdə və eyni  zamanda mətbuatda sadə, sivil vətəndaşdan tutmuş, millət vəkilləri və ictimaiyyət nümayəndələrinə qədər əksər insanlar bu mağazalar şəbəkəsinin məlum addımını pisləyib. Və bunu qeyri - etik davranış kodeksi kimi qiymətləndirib. 

Sözügedən mağazalar şəbəkəsi isə haqlı və sağlam tənqiddən nəticə çıxararaq məlum reklamın efirə getməsinə qadağa qoyub. OBA -nın mətbuat xidmətindən "Sherg.az"-a verilən məlumata görə, hazırda həmin reklamın səsləndirilməsi dayandırılıb: 

"Radioda yayımlanan qeyd edilən reklam çarxı autsorsinq əsasında Xəzər radiosu tərəfindən hazırlanıb və radioya yerləşdirilib. Reklamın hazırlanmasını və yayımını Xəzər radiosu həyata keçirib. Biz bununla bağlı artıq radio ilə əlaqə saxlayıb, səsləndirilən iradları bildirmişik. 

Reklam çarxı yalnız bir radioda (Xəzər FM) efirə gedirdi və bugündən etibarən biz həmin səsləndirmənin yayımlanmasını dayandırmağı qarşı tərəfdən tələb etmişik. 

Bundan başqa çairin carisi Nigar xanım Vəkilova ilə əlaqə saxladıq.  OBA marketlər şəbəkəsi adından yaranan anlaşılmazlığa görə, üzrxahlıq etdik və Nigar xanım üzürxahlığımızı qəbul etdi".


Qeyd edək ki, Qeyd edək ki, Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə xanım Vəkilova sözügedən reklamı çəkən "Oba” marketlər şəbəkəsini məhkəməyə verməyi düşündüyünü bildirib.

Xatırladaq ki, sözügedən reklam çarxı "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən" misraları əsasında hazırlanıb və bir neçə radioda yayımlanır.

Ayyət ƏHMƏD