Bütün dünyada baş verən qanlı hadisələrdə birmənalı şəkildə ABŞ-ın əli qana batıb.
Bunu Sherg.az-a ABŞ prezidenti Barak Obamanın "Rusiya və İranın əli Suriyada qana batıb"
iddiasını dəyərləndirərkən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib.
Deputatın sözlərinə görə, B. Obamanın əməl edə bilmədiyi vədləri nəzərə alsaq, onun son sözlərinə inanmaq düzgün deyil:
"B. Obamanın son prezident seçkilərində müdafiə etdiyi Hillari Klinton böyük ambisiyaları olan əxlaqsız qadındır. O, iradəsiz bir insan kimi H. Klintonun tərəfində çıxış edərək, dünyada tökülən qanlara bais olub. Bu səbəbdən, Amerika tarixində ən zəif prezident kimi B. Obamanın adı qalacaq. O, prezident seçildikdə Əfqanıstandan qoşunlarını çıxaracağını, Quantanamo həbsxanasını bağlayacağını, Qarabağ münaqişəsini və başqa problemləri həll edəcəyin söz versə də, onların heç birini yerinə yetirə bilmədi. Qarabağ münaqişəsinin həllində hazırda, ABŞ ən passiv ölkə kimi çıxış edir. Nobel sülh mükafatı alması belə onu dünya gözündə sülhpərvər prezident kimi önə çəkə bilmədi. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkəsində qan tökən, postsovet ölkələrində, o cümlədən, Azərbaycanda qanlı hadisələrdə əli olan M. Qarbaçova da sülh mükafatı verilib”.
A.Əlizadə əlavə edib ki, D. Tramp siyasətçi deyil, biznesmen kimi daha çox tanınır:
"Biznesin belə qanunu var ki, aldatdınsansa, nüfuzunu itirib, müflis olursan. Yeni prezident bu qanunla addımlasa, ətrafındakı siyasətçilərin təsiri altına düşməsə, Amerikanın xeyrinə addımlar ata bilər”.
Aysel Aslan