Ölkəmizə gələn əcnəbilərin sayı artıb

Manatın ucuzlaşmasının turizm sahəsinə müsbət təsiri olub“Əgər sadaladığımız addımlar atılsa, Azərbaycanda 365 gün turizm mövsümü olar”
Manatın məzənnəsinin dollar qarşısında günü-gündən zəifləməsi bütün sahələrdə özünün mənfi təsirini göstərir. Üstəlik də ötən il ərzində baş verən iki kəskin devalvasiya ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Kommunal xərclər artıb, bütün məhsulların qiymətində bahalaşma baş verib, ölkədə böhran vəziyyəti yaranıb, turizm sahəsindən başqa. Digər sahələrin əksinə olaraq manatın xarici valyutalar qarşısında ucuzlaşması turizm sektoruna müsbət təsir edib və bu sahədə müəyyən canlanma yaradıb.
Devalvasiyanın turizmə böyük təsiri olduğunu vurğulayan Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovun sözlərinə görə, keçən ilin bu dövrü ilə müqayisə etdikdə ölkədən xaricə gedən turistlərin sayında azalma baş verib. Amma gəlmə turizmində xeyli artımlar olub. Xarici valyuta ilə Azərbaycana gəlmək daha ucuz başa gəlir. Manatın düşməsi daxili turizmə daha yaxşı təsir edib. Azərbaycana gələn əcnəbi turist manatın ucuzlaşması səbəbilə ölkə daxilində daha çox səyahət edə bilir. N.Bağırov deyib ki, xaricə turizm məqsədilə səyahət edənlərin çoxu devalvasiyadan sonra ölkə daxilində səyahət etməyi seçiblər: "Yeni il ərəfəsində ölkə daxilindəki otellərdə müəyyən sıxlıq hiss olunur. Hamı əvvəldən sifariş edib. Yay mövsümü ilə müqayisə etdikdə sözsüz ki, müəyyən azalma var. Amma bu, təbiidir. Devalvasiya Azərbaycan turizminin inkişafına səbəb ola bilər. Bundan əlavə bəzi ölkələrin vətəndaşlarına sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi də turizmin inkişafına təsir edən amillərdir”.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov da "Şərq”ə müsahibəsində milli valyutanın ucuzlaşması ilə əlaqədar xaricə gedən turistlərin sayının azaldığını, Azərbaycana gələn əcnəbi turistlərin sayının isə əksinə, artdığını deyib: 
"Beynəlxalq rəqabət qabiliyyətli valyutalarla müqayisədə manatın dəyərinin azalması həmin valyutaların istifadə edildiyi turizm coğrafiyasından ölkəmizə turist idxalını sürətləndirir. Son illərə qədər Azərbaycanın milli valyutası xarici valyutalardan daha dəyərli olduğu üçün pul vahidi dollar və evro olan ölkələrin vətəndaşlarına turist kimi Azərbaycana gəlmək sərf eləmirdi. Amma devalvasiyadan sonra proseslər tamamilə əks istiqamətə yönəlib. Məhz bu səbəbdən də Azərbaycana gələn əcnəbi turistlərin sayında müəyyən qədər artım müşahidə edilməyə başlandı. Bu isə devalvasiyanın Azərbaycan turizminə müsbət təsir etdiyini göstərir.
- Öz vətəndaşlarımız arasında da daxili turizmə maraq artıbmı?
- Artıq xaricə turizm məqsədilə səyahət edən vətəndaşlarımızın sayında nəzərə çarpacaq qədər azalma hiss olunur. Bu isə təbii olaraq daxili turizmə marağın artmasına gətirib çıxarıb ki, bu tendensiya da devalvasiyaya qədər xaricə gedən milli valyutaların ölkəmizdə qalmasına təsir edir.
- Azərbaycanda turizmin inkişafını ləngidən amillərdən biri kimi keyfiyyətli xidmətin olmaması göstərilir. Necə düşünürsüz, turizm sahəsində çalışan insanlar bu fürsəti dəyərləndirmək üçün çatışmazlıqların aradan qaldırılmasına diqqət ayıracaqlarmı?
- Bəli, zənnimcə biz Azərbaycanda turizmin inkişafına nail ola biləcəyik. Artıq bu istiqamətdə ciddi irəliləyiş hiss olunmaqdadır. Hələlik keyfiyyətli xidmət sahəsində köklü dəyişikliklərə nail olmasaq da, bir neçə il əvvələ nisbətən müsbətə doğru dəyişikliklər var. Ölkə başçısının 6 dekabr tarixində imzaladığı turizm sahəsinin inkişafı ilə bağlı yol xəritəsində təhsil və kadr hazırlığına investisiyaların qoyulması və regionlarda ATU-nun peşə məktəblərinin yaradılması, turizm əmək bazarında işləyənlərin akreditasiyası və sertifikatlaşması ilə bağlı məsələlərin öz əksini tapması daxili turizm bazarında xidmət keyfiyyətlərinin artmasına öz töhfəsini verəcək. Xarici turistlərin axını artdıqca, rəqabət mühiti də artacaq və turizm obyektləri turistləri məmnun etmək üçün xidmət sahəsinə diqqəti artıracaqlar. Rəqabət mühiti o qədər artmalıdır ki, restoranlar, otellər müştərinin diqqətini cəlb etmək üçün biri-birləri ilə keyfiyyət yarışına girsinlər. Müəssisələr öz əməkdaşlarına investisiya qoymalı, onlara xarici dil öyrənmələri üçün şərait yaratmalıdırlar ki, peşəkar xidmət sahəsində öz yerlərini tuta bilsinlər.
Öz əməkdaşlarını sertifikat kurslarına cəlb edərək peşəkarlıqlarını artırmağa çalışacaqlar. Sərbəst bazar iqtisadiyyatının əsas vasitəsi hesab olunan bu addımlar da son nəticədə xidmət sahəsində keyfiyyətin artırılmasına gətirib çıxaracaq.
- Hazırkı mərhələdə Azərbaycanda peşəkar kadr bazasını qənaətbəxş hesab etmək olar?
- Əgər biz bu peşəkarlığı idarəetmə səviyyəsində çalışan kadrlara aid etsək, bəli, otellərdə, turizm agentliklərində bu səviyyədə fəaliyyət göstərən yetəri qədər peşəkar kadrlarımız var. Son statistikaya görə, bu sektorda ümumilikdə 42 min insan çalışır. Bu isə kifayət qədər böyük rəqəmdir və yalnız menecerlərin peşəkar olması kifayət etmir. Xidməti personalın peşəkarlığı da zəruridir. İnsafən, bu istiqamətdə xeyli sayda iş görülüb, amma görülən işlər qaneedici səviyyədə deyil. Bunun da səbəbi Azərbaycanda turizmin mövsümi xarakter daşıması ilə bağlıdır. Qış və yay fəsli istisna olmaqla qalan vaxt Azərbaycanda turizm mövsümü bağlanır. Bu zaman da turizm müəssisələrinin əksəriyyəti öz fəaliyyətini dayandırmalı olur, orada çalışan insanlar isə iş yerlərini tərk edib, başqa fəaliyyət sahəsi ilə məşğul olurlar. Müşahidələrimizə əsasən də yarıdan çoxu növbəti mövsümdə geri qayıtmır. Dolayısı ilə hər il müəyyən miqdarda investisiya qoyulub, təcrübəsi artırılan işçilər gedib, qayıtmır. Biz turizm sahəsində mövsümlük problemini həll etdiyimiz andan xidmət keyfiyyətinin daha da stabilləşməsi məsələsi avtomatik olaraq öz həllini tapmış olacaq.
- Yayda və qışda insanların turizm məqsədi ilə üz tutacaqları bölgələr bəllidir. Bəs yaz və payız ayları üçün respublikamızın hansı rayonları turizm əhəmiyyətlidir?
- Respublikamızın bütün bölgələri turizm baxımından səfalıdır. Sadəcə əhali daha çox qışda və yayda istirahətə vaxt ayırdığı üçün sözügedən bölgələr daha populyardır. Halbuki Naftalan, Naxçıvandakı Duzdağı, Şabrandakı "İstisu”, "Qalaaltı” kimi turizm obyektlərində yaz və payız aylarında qiymətlər daha münasib olur. Eyni zamanda, aran rayonlarımız ov turizmi üçün çox faydalıdır. Dediyim kimi, bütün bölgələrimizdə turizm obyektləri yaratmaq olar. Önəmli olan keyfiyyətli xidmət göstərib turistlərin diqqətini cəlb etməkdir. Əgər sadaladığımız addımlar atılsa, Azərbaycanda 365 gün turizm mövsümü olar.
Tövsiyə edirəm ki, bizim vətəndaşlarımız da avropalıların təcrübəsindən yararlansın və məzuniyyətlərini tam götürməsinlər. Demək olar ki, dövlət idarələrində çalışan insanların böyük əksəriyyəti illik məzuniyyətlərini yay aylarında və tam şəkildə götürür. Bu isə nə iqtisadi cəhətdən sərfəlidir, nə də sağlamlıq baxımdan məqsədəuyğundur. İnsanlar məzuniyyət günlərini fəsillər arasında bölməklə istirahət hüquqlarından əlverişli şəkildə istifadə edə bilərlər. Qiymətlər baha olduğu üçün yay aylarında hansısa bir turizm bölgəsinə səfər edə bilməyən vətəndaşlar yaz və payız aylarında daha ucuz qiymətə tur paketlər əldə etmək imkanı qazana bilərlər.
Şəymən