Ömürlük həbs cəzası azalmağa doğru gedir





Həmçinin, siyasi sabitliyin mövcud olması da ağır cinayətlərin baş verməsini məhdudlaşdırır

Azərbaycanda ömürlük məhbusların sayı azalıb. Açıqlanan statistikaya görə, 2013-cü ildə ölkədə yalnız 15 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2014-cü ildə bu rəqəm 13-ə, 2015-ci ildə isə daha da azalaraq 4-ə enib. 2016-cı ildə ömürlük azadlıqdan məhrum edilənlərin sayı 10-a qalxsa da, ötən il onların sayı yenidən azalaraq 5-ə enib.

Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.

Ömürlük azadlıqdan məhrum edilən məhbusların azalmasının müxtəlif səbəbləri olduğunu deyən hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə bildirib ki, ölkəmizdə cəzaların humanistləşdirilməsi istiqamətində bir çox addımlar atılıb. Onun sözlərinə görə, bu humanistləşmə azadlıqdan məhrumetmə cəzasının müddəti ilə də bağlıdır

"Şübhəsiz ki, xüsusi qətllər törətmiş, terror hadisələrinə yol vermiş, dövlətə xəyanət edən və daha çox şəxsləri öldürən insanların ömürlük həbsi davam edəcək. Lakin ölkəmizdə ağır cinayət törədənlərin sayı azalmağa doğru gedir. Ömürlük həbsə məhkum şəxslərin sayının azalmasında digər səbəb cəmiyyətdə gərginliklərin maksimum dərəcədə azalması, insanların sosial-psixoloji durumunda dəyişikliklərin baş verməsidir. 

Ümumiyyətlə, cinayət hadisələri daha çox ailə zəminində baş verir. Artıq son illər ailə münasibətləri daha sivil yollarla həll edilir və daha amansız addımlar atılmır”.

O deyir ki, ümumən qloballaşma da həyat tərzimizə təsir göstərən amildir: 

"İnsanların geniş miqyasda maarifləndirilməsi həyata keçirilir. Müxtəlif ölkəyə səyahət edən vətəndaşlarımızın düşüncələrində və davranışlarında irəliləyişlər olur. Bununla da neqativ hallar getdikcə azalır. Həmçinin, siyasi sabitliyin mövcud olması da ağır cinayətlərin baş verməsini məhdudlaşdırır. Beləliklə, amansız cinayətlər baş vermədiyi təqdirdə, ömürlük həbs cəzası azalmağa doğru gedir”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə xatırladır ki, Azərbaycan Avropa Şurasına daxil olanda ölüm cəzasının ləğv olunması tələbi qoyuldu. Buna görə də ölüm cəzası ömürlük həbslə əvəzləndi: "Hazırda Qobustan həbsxanasında 25 ildən artıq məhbus olanlar və kifayət qədər yaşlı, ağır xəstəlikdən əziyyət çəkənlər var. 

Çalışırıq ki, onların cəzasının bir az yüngülləşməsinə imkan yaradaq. Problemlə bağlı dəfələrlə dövlət strukturlarına müraciət etmişik, Avropa Şurası qarşısında bu məsələni qaldırmışıq. Humanizm nöqteyi-nəzərdən yanaşanda onların evlərində, ailələrinin yanında dünyasını dəyişməyi yəqin ki, müsbət hal olardı. Ümumilikdə isə, ömürlük məhbusların sayının azalması təqdir edilməlidir”.

Yeganə Bayramova