Onlar jurnalist deyil Reketlərin ifşa olunması prosesi davam etməlidir
“Bu halda situasiya xeyli aydınlaşar və jurnalist peşəsinin missiyası öz həqiqi yerini, dəyərini alar”
(əvvəli ötən sayda)
Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının "reket”liklə məşğul olan jurnalistlərə qarşı apardığı əməliyyatlar davam etdirilir. Ekspertlərə görə, əməliyyatlar keçmiş MTN-dəki cinayətkarqruplaşmaya və onların "maşalarına” qarşı aparılan miqyaslı mübarizənin tərkib hissəsidir. Tək sağlam medianın nümayəndələri deyil, bütöv cəmiyyət "reket jurnalistlərə” qarşı həyata keçirilən təmizləmə əməliyyatını dəstəkləyir və prosesin sona qədər davam etməsini arzulayırlar. Çünki reketlər özlərini "jurnalist” kimi qələmə verərək, cəmiyyətin bütün təbəqələrini, tanınmış iş adamlarını, məmurları, müxtəlif dövlət idarələrinin əməkdaşlarını ifşaedici materiallarla təhqir edir, onlardan külli miqdarda pul alırdılar. Reketlər insanları təhqir etməklə yanaşı, adamların şəxsi həyatına, ailə həyatına qərəzli mövqedən yanaşır, öz məqsədlərinə çatmaq üçün çirkin üsullarla şantaj edirdilər. Əslində uzun illər medianın adına ləkə olan belə şəxslərlə mübarizə aparılıb. Həbs edilənlərlə bağlı Mətbuat Şurası hələ 2010-cu ildə tədbir görüb və onları "qara siyahı”ya salıb. Amma bunun nəticəsi olmayıb və onların əməllərindən əziyyət çəkənlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin uzun müddət MTN-də yuva salan cinayətkar qruplaşma bu dəstəni himayə etdiyi üçün reketlərin cəzalandırılması mümkünsüz olub. Ona görə də ekspertlər hesab edirlər ki, qruplaşmaya dəstək verən şəxslər və bəzi "media” orqanları da vaxtında ifşa edilməlidir. Bəzən bu adamlara qarşı görülən tədbirləri "jurnalistlərin həbsi” kimi qiymətləndirmək cəhdləri müşahidə edilir. Lakin bu, tamamilə yanlışdır, çünki həmin şəxslərin mediaya heç bir aidiyyəti yoxdur. Onlar çirkin məqsədlərlə mətbuata soxulmuş ünsürlərdir. Xüsusən, davamlı olaraq bu cür şantaj xarakterli əməllərlə məşğul olanlar qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb edilməlidir. Onların hərəkəti həm Azərbaycan cəmiyyətinə, həm də ölkə jurnalistikasına qarşı təhqirdir. O baxımdan belə əməliyyatlara hətta ənənəvi mətbuatın özü də qoşulmalı, reket jurnalistlərin ifşası üçün hüquq-mühafizə orqanlarına yardımçı olmalıdır. Bu mübarizə bizim cəmiyyətin sağlamlaşmasına xidmət edən addımlardandır. Vətəndaş cəmiyyətinin formalaşmasında mətbuatın da böyük rolu var. Əgər cəmiyyətdə qeyri-sağlam ünsürlər olarsa, cəmiyyət başqa istiqamətə yönələr. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi bu cür əməliyyat Azərbaycanda jurnalistikanın sağlamlaşmasına, cəmiyyətə qarşı yönəlmiş mənəvi terrorun qarşısını almaq üçün atılan addımlardandır.
Mövzu ilə bağlı qəzetimizə danışan sayt rəhbərləri də DTX əməliyyatlarını təqdirəlayiq hesab ediblər. "Yeni Müsavat”ın redaktoru Xalid Kazımlı bildirib ki, istənilən reketlik, şantaj cinayətdir və mütləq cəzalandırılmalıdır:
"Bəzi reketlər sadəcə mediadan vasitə kimi istifadə edirlər. O adamlar jurnalist deyillər, yazı-pozuları da yoxdur, imzaları da. Onların ifşa olunması prosesi davam etsə yaxşı olar. Bu halda situasiya xeyli aydınlaşar və jurnalist peşəsinin missiyası öz həqiqi yerini, dəyərini alar”. "Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov da söyləyib ki, "reket” jurnalistlərlə istənilən mübarizəni və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən bu əməliyyatları hər birimiz birmənalı olaraq dəstəkləməliyik: "Mətbuat Şurasının "qara siyahısı”na baxdıqda bu adamların və "mətbu” orqanların hələ bir neçə il öncə fəaliyyətlərinə qiymət verilib. Onlar dəfələrlə bu əməllərinə son qoymağa dəvət ediliblər. Lakin bu adamlar arxalarındakı məlum gücə arxalanaraq, reket fəaliyyətlərini davam etdiriblər. Reketlərin əməllərindən əziyyət çəkənlər dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, onların cəzalandırılmaları mümkün olmayıb. O şəxslərin mətbuata, jurnalistikaya heç bir aidiyyəti yoxdur, onlar müəyyən qaranlıq çevrənin məqsədli şəkildə mətbuata soxduğu cinayətkarlardır. Bu baxımdan, Dövlət Təhlükəsizlik Xidmətinin son vaxtlar həyata keçirdiyi əməliyyatların nəticəsində üz qarası fəaliyyətlə məşğul olan bu qrupun ifşası və saxlanılması alqışlanmalıdır. Həmin ünsürlərə görə, çoxumuz özümüzü əslində çox şərəfli bir peşə olan jurnalist kimi təqdim etməyə utanırdıq. İnsanlarımızın bir qismi jurnalist deyəndə o cür adamları və onların fəaliyyətini tanıyır, düşünür ki, jurnalistlərin hamısı elədir, jurnalistikanın mahiyyəti budur. Sevindirici haldır ki, artıq bu problem öz həllini tapmağa başlayıb və mediamızda həqiqi jurnalistlərin fəaliyyət meydanı böyüyəcək. Bu həm də o deməkdir ki, dövlət rəhbərliyi mətbuatın sağlamlaşmasında və inkişafında maraqlıdır. Bu da öz növbəsində cəmiyyətimizin, hüquqi dövlətin inkişafına xidmət edən amildir”.
"Yeni Çağ” qəzetinin və saytının baş redaktoru Aqil Ələsgər deyib ki, "reket jurnalistika” məsələsi davamlı şəkildə mediada gündəmə gətirilir və müzakirə olunur. Mətbuat Şurası da onlarla bağlı "qara siyahı” hazırlayıb:
"Bir il öncə reketlər mövzusu geniş müzakirə olundu. İnsanların özəl həyatına müdaxilə edən, şantaja əl atan, mətbuata yaraşmayan əxlaqsız hərəkətlərə rəvac verənlərin cəzalandırılması çox vacibdir. Təəssüf ki, bu məsələdə bir qədər gecikdik. Daha əvvəl atılması zəruri olan addımlar məlum səbəblərdən gec atıldı. Amma burada bir məsələyə diqqət yetirmək lazımdır. Bu gün Azərbaycanda qocaman, illərini Azərbaycan mətbuatına həsr etmiş jurnalistlər çox məhdud imkanlarla yaşayırlar. Amma buna paralel olaraq reket mətbuatı milyonlara malikdir. Bu nə ilə bağlıdır? Jurnalistin çörəyi qələmdən çıxır. Normal jurnalistika ilə məşğul olan həmkarlarımız halal pul qazanırlar. Reket jurnalistikanın hədəfi isə rüşvətxor məmurlar, işində ciddi nöqsanlar olan iş adamlardır. Təəssüflər olsun ki, "əl əli yuyur, əl də üzü” prinsipi həmin məmurlarla reketlər arasında əlaqənin qurulmasına gətirib çıxarıb. Ancaq reket jurnalistikası bununla yekunlaşmır. Hesab etmirəm ki, iki-üç nəfər böyük başları həbs etməklə bu işi sonlandırmaq mümkün olacaq. Tam əksinə, burada çox ciddi və kompleks tədbirlər görülməlidir”.
Baş redaktorun fikrincə, bununla bərabər reketlərin əməkdaşlıq etdikləri, onlara kompromatlar ötürən şəxslərlə bağlı da ciddi tədbirlər görülməlidi:
"Əgər bir məmurun 500-600 manat maaşı varsa, o adam reket jurnalistlərə 5-10 min manatı haradan alıb verir? İstintaq paralel aparılmalı, pulların mənbəyi araşdırılmalıdır. Açıq demək lazımdır ki, köhnə MTN-in bəzi tör-töküntüləri bu gün də fəaliyyət göstərirlər. Kompleks tədbirlər görülməsə, "Həsənin yerinə Hüseyn gələcək” və dəyişən bir şey olmayacaq. İmkan verilməməlidir ki, Azərbaycan mətbuatında bu kimi hallar olsun. Əlbəttə, bu o anlama gəlmir ki, məmurlar tənqid olunmasın və əməliyyatlardan həqiqi mediaya qarşı qalxan kimi istifadə edilsin. Tənqid hər zaman olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də mövqeyi budur ki, mətbuat daim ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Amma ictimai nəzarət adı altında reketçiliklə məşğul olmamalıdır”.
"Bakipost.az” saytının rəhbəri Elçin Zahiroğlu bəyan edib ki, cinayət törədən, qanunları pozan şəxslərin cəzalandırılması təbiidir və bu işlərin aparılması aidiyyəti qurumların borcudur: "Reket jurnalistlərin zərərsizləşdirilməsi həm media əhlini, həm də vəzifəli şəxsləri böyük bir utancdan xilas edir. İndiyə qədər jurnalist çətirinin altında gizlənən, az qala özünü toxunulmaz adam kimi təqdim edənlər artıq tam ifşa olunub. Bu işi həyata keçirənlər sağ olsunlar. Amma bir neçə nəfərin həbs olunması problemi köklü şəkildə həll etməyəcək. Bu bəlanın, rəzilliyin tumurcuqlanmasına səbəb olan şəraiti dəyişmək lazımdır. Eyni zamanda məmurlardan tutmuş adi vətəndaşlara kimi mətbuata münasibət dəyişməlidir. Mətbuat Şurasının belə şəxslərə loyal münasibəti çox sərtləşməlidir, onlara güzəşt olunmamalıdır. Mətbuatın özünün də bu məsələlərə daha çox diqqət ayırmaq, reketlərə reaksiya göstərmək vaxtı çatıb. Etiraf olunmalıdır ki, bəzən hansısa əlaqələr, maraqlar, tanışlıqlar, tapşırıqlar bu adamlarla mübarizəni əngəlləyir. Elə buna görə də vəziyyət o həddə çatıb ki, məsələyə Dövlət Təhlükəsizlik Xidməti müdaxilə etməyə məcbur qalıb”.
"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy da bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuatın adına xələl gətirən şəxslərə qarşı həyata keçirdiyi əməliyyatlar təqdir olunmalıdır:
"Daha yaxşı olar ki, "reket jurnalistikası”na qarşı yalnız hansısa dövlət qurumları səviyyəsində deyil, cəmiyyət olaraq mübarizə aparılsın. Mən həbs olunan şəxslərə məxsus olan bahalı avtomobillər və villalarla bağlı xəbəri oxuyanda bir az da heyrətləndim. Bunlar mətbuatın inkişafına, cəmiyyətin informasiya tələbatının ödənməsinə verdikləri "töhfələrə” görə, həmin imkanları əldə etməyiblər. Ancaq etiraf edək ki, bu vəsaitləri qazanmaqda onlara yardım edənlər həm də cəmiyyətimizdir. Cəmiyyət olaraq belələri haqqında müvafiq qurumları vaxtında məlumatlandırmaqdan imtina etməsəydik, nə jurnalistikamızın adına xələl gətirənlərin uzun illər boyu meydan sulaması mümkün olmazdı, nə də onlarla şəxs reketlərin hədəfinə tuş gəlməzdi. O mənada ölkə başçısının da dəfələrlə dediyi kimi, ictimai nəzarət mexanizmi bütün gücü ilə işə salınmalıdır ki, cəmiyyətimiz neqativlərdən maksimum sığortalana bilsin. Təbii ki, jurnalistikaya yalnız qazanc mənbəyi kimi baxan belə şəxslərin güclü himayəçilərinin olması da onlara əl-qol açmaq imkanı verib. Görün nə həddə çatıblar ki, hətta Mətbuat Şurasının rəhbərliyini belə təhdid etməkdən çəkinməyiblər. Ancaqinanmaq istəyirik ki, artıq belə hallar geridə qalacaq və bundan sonra heç bir səlahiyyət sahibi sələflərinin taleyindən ibrət götürərək mətbuatın "qara yaraları”nı müdafiə etmək niyyətinə düşməyəcək. Hər halda DTX-nin əməliyyatları çoxlarına dərs olacaq”.
"Azpolitika.az” saytının redaktoru Elnur Məhərrəmli də vurğulayıb ki, əməliyyatlar gecikib:
"Biri var jurnalistin müəyyən qaranlıq işlərlə məşğul olması, hədə-qorxu ilə reketçilik etməsi, biri də var həqiqi reketin öz fəaliyyətini jurnalist pərdəsi altında gizlətmək cəhdi. Sözügedən şəxslər sözün həqiqi mənasında reket fəaliyyətilə məşğul idilər və bunu bəzən jurnalist adı altında edirdilər. Belə olduqda isə onları görməmək, bilməmək mümkün deyildi. İndi bu adamları keçmiş MTN-lə bağlayırlar, məncə düz edirlər. Hamı bilirdi ki, bunları MTN-in Antiterror Mərkəzi himayə edirdi. Lakin onların arxasında təkcə "kəşfiyyatçılar” durmurdu. Bu adamları bəzi qurumlarda himayə edən şəxslər də var idi. Olan isə jurnalistikaya olurdu”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb