Analitiklərə görə, Paşinyan absurd tələblərində nə Qərbin, nə də güvəndiyi Rusiyanın dəstəyini ala biləcək
Paşinyanın qara günləri hələ qabaqdadır
Rəsmi Bakının ona verdiyi şansın limiti avqust ayında bitəcək
Analitiklərə görə, Paşinyan absurd tələblərində nə Qərbin, nə də güvəndiyi Rusiyanın dəstəyini ala biləcək
Analitiklərə görə, Paşinyan absurd tələblərində nə Qərbin, nə də güvəndiyi Rusiyanın dəstəyini ala biləcək
Hazırda Ermənistanın siyasi mühiti də iqtisadiyyatı kimi bərbaddır. Belə məqamda baş nazir Nikol Paşinyanın hakimiyyətdə nə qədər qalacağını demək mümkün deyil. Lakin hesab edilir ki, düşmən ölkədə baş verən proseslər dərinləşərsə, Ermənistan rəhbərliyinin gücü tamamilə sarsıla bilər. Ekspertlərə görə, siyasi proseslərə müdaxilə etmək gücündə və potensialında olmayan naşı Paşinyan diqqəti əsas mövzudan bilərəkdən yayındırmaq istəyir.
Bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirir, digər tərəfdən isə danışıqlarda Qarabağ təmsilçilərinin də iştirak etməli olduğunu, onların yerinə qərar verə bilməyəcəyini deyir. Analitiklərə görə, Paşinyan absurd tələblərində nə Qərbin, nə də güvəndiyi Rusiyanın dəstəyini ala biləcək. Çünki illərdir formalaşan format var və Paşinyanın xaricində kimsə bu formatın dəyişməsini istəmir.
Paşinyanın ziddiyyətli mövqeyi ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, qondarma Dağlıq Qarabağ heç zaman danışıqlarda tərəf olmayacaq. O baxımdan Ermənistanın baş nazirinin hansı iddialarla çıxış etməsinin, səsləndirdiyi fikirlərin Azərbaycan üçün ciddi əhəmiyyəti yoxdur: "Paşinyan Ermənistanda hakimiyyətə gəlmiş təsadüfi şəxsdir. Onun siyasi rəhbər olması, gələcəkdə ölkənin siyasətini düzgün qura bilməsi hələ də şübhə altındadır.
Prezident İlham Əliyev Azərbaycanın mövqeyini hər zaman diqqətə çatdırır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Burada yaradılmış qondarma, cinayətkar, separatçı qurum ləğv ediləcək. Separatçı qurumu formalaşdıranlar isə lazımi cəzalarına çatacaqlar”. Ötən əsrin 90-ci illərində Dağlıq Qarabağ ətrafında baş verən hadisələri xatırladan deputat ermənilərin hələ o vaxtdan qondarma rejimi təbliğ etdiyini vurğulayıb: "Bütün cəhdlərə baxmayaraq, ermənilərin istəyi baş tutmayıb. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Orada sovet dövründən bəri yaşayan əhali Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın əraziləri Dağlıq Qarabağda məskunlaşan bir neçə erməni tərəfindən deyil, Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib”.
Politoloq İlqar Vəlizadə "sherg.az”a deyib ki, Ermənistan qondarma Dağlıq Qarabağın danışıqlarda iştirak etməsini irəli sürməklə iki hədəfə nail olmaq istəyir. Birincisi odur ki, separatçı rejim subyekt kimi qəbul olunsun. İkincisi də işğalçı dövlət adı Ermənistanın üzərindən götürülsün: "Azərbaycan qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə danışıqlar aparsa, deməli onu beynəlxalq subyekt kimi tanımış olacaq. Rəsmi Bakı bunun Ermənistanın tələsi olduğunu çox yaxşı anlayır. Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğuna görə, danışıqlarda eyni hüquqlu subyekt kimi iştirak etməsi mümkün deyil. Biz hər zaman Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini vurğulayırıq. Rəsmi İrəvan isə "DQR”-in danışıqlarda iştirak etməsi ilə özünü kənarlaşdırmağa çalışır. Beləliklə, tənqidi yanaşma, Azərbaycanın irəli sürdüyü suallar Ermənistana deyil, qondarma Dağlıq Qarabağa qarşı səsləndiriləcək. Ermənistan isə bu məsələdə "sudan quru çıxmış” olacaq”. İ.Vəlizadə diqqətə çatdırıb ki, Ermənistan qondarma Dağlıq Qarabağın müstəqil subyekt olduğunu iddia edirsə, arqumentlərini ortaya qoymalıdır: "İşğal faktı ortadadır və bu amilin arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər. Ermənistan rəhbərliyinin apardığı siyasət o dərəcədə bəsit və ziddiyyətlidir ki, yolun sonu növbəti müharibə, yaxud gərginlik olacaq. Beləliklə, Ermənistan iqtisadiyyatında, daxili və xarici siyasətində yeni böhranlı vəziyyətlə üzləşəcək”.
Politoloq Elxan Şahinoğlu da bildirib ki, Paşinyan dediyindən dönməsə, ona qarşı istifadə edəcəyimiz arqument bəllidir: "Birincisi, torpaqlarımızı Ermənistan işğal edib, ona görə də yaxalarını kənara çəkə bilməzlər. İkincisi, münaqişənin həllinin sonrakı mərhələsində müzakirələrdə Qarabağ təmsilçilərinin iştirakı istisna olunmur. Ancaq bu danışıqlarda Qarabağın erməni icması ilə yanaşı, azərbaycanlı icması da iştirak etməlidir. Məsələ ondadır ki, Nikol Paşinyanla bleflə məşğuldur. O yəqin bilir ki, təklifi reallaşmayacaq. Ermənistanın xarici işlər naziri ilə görüşən Rusiya XİN rəhbəri Sergey Lavrov da Paşinyana ümid yeri qoymayıb. Lavrovun sözlərindən çıxan nəticə budur ki, Azərbaycan etiraz edirsə, Qarabağ təmsilçilərinin danışıqlarda iştirakı mümkün olmayacaq”. Politoloq bildirib ki, Nikol Paşinyanın məqsədi diqqəti həll prosesindən yayındırmaqdır: "Baş nazirin iqtidarı zəifdir. Ona görə də o, Qarabağ danışıqlarına hazır deyil və növbədənkənar parlament seçkisinə qədər vaxtı uzatmağa çalışır. O, indiki kövrək parlamentlə ciddi addımlar atmağa risk etmir”.
Siyasi elmlər doktoru Zaur Məmmədov da bildirib ki, azərbaycanlı liberalların Paşinyana ümidləri puç çıxdı: "Paşinyan ermənidir. Erməni cəmiyyəti hər zaman faşist, ideoloji baxımdan qonşuların nəinki torpağına, hətta musiqisinə, mədəniyyətinə, mətbəxinə göz tikən xalq olublar. Bu cəmiyyət xəstə cəmiyyətdir. Rəsmi Bakı hələlik Paşinyana şans verir. Bu şansın limiti avqust ayında bitəcək. İqtisadi və sosial tərəqqi şüarları ilə hakimiyyətə gələn "çantalı kişi” parlamentdə hökumətin proqramını təqdim edib. Proqramda romantizmdən başqa heç nə yox idi. İslahatlarla və gələcək siyasi, sosial, iqtisadi kursla bağlı konkret layihə mövcud deyil. Əlbəttə, özləri bilər, bizi maraqlandıran sadəcə Qarabağdır. Paşinyanın fikrincə, əgər Qarabağ erməniləri Ermənistandakı hakimiyyətin formalaşmasında iştirak etmirlərsə, İrəvanda oturanların onların adından danışmağa haqqı yoxdur. O zaman sual olunur, bəs Ermənistan gəncləri niyə Qarabağda qulluq edirlər?”. Ekspert ermənilərin bəhanə etdiyi "millətlərin öz müqqədəratını təyin etmə” prinsipi haqda da fikrini söyləyib: "Münaqişənin üçüncü tərəfi yoxdur. Dağlıq Qarabağ xalqı anlayışı da yoxdur. Ermənilərin öz müqqədəratını həlletmə prinsipi Ermənistan dövləti çərçivəsində həllini tapıb. BMT-nin prinsiplərindən olan bu formulun ermənilərlə heç bir əlaqəsi yoxdur. İkinci Dünya Müharibəsindən sonra bu prinsipin beynəlxalq hüquqa daxil olmasının səbəbi ozamankı dövr, konfiqurasiya ilə bağlı idi. Bu xəstələrə yerlərini bildirməliyik”.
İsmayıl