Ekspert bildirir ki, o keçidlər quraşdırılmazdan öncə mütəxəssislərin rəyi nəzərə alınmalı idi
Paytaxtdakı piyada keçidlərinin normalara uyğun olmadığı aşkarlanıb. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, paytaxtdakı piyada keçidləri agentlik tərəfindən araşdırılıb və 413 piyada keçidinin normalara uyğun quraşdırılmadığı məlum olub.
Agentlik təklif edir ki, paytaxtın bir sıra ərazilərində avtomobil sıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bəzi məntəqələrdə piyadaların hərəkəti xüsusi düymə ilə idarə olunan işıqforlarla nizamlansın. Bununla bağlı BNA təkliflər paketi hazırlayıb. Bundan əlavə, Bakı şəhərinin 37 əsas küçə və prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolaqlarının təşkil edilməsi haqqında da təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Piyada keçidlərinin quraşdırılmasında uyğunsuzluqlar ortaya çıxmasına münasibət bildirən nəqliyyat problemləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə bu fikirdədir ki, o keçidlər quraşdırılmazdan öncə mütəxəssislərin rəyi nəzərə alınmalı idi:
- Şəhər infrastrukturu çox mürəkkəb və məsuliyyət tələb edən sahədir. Burada "bu gün bunu edək, yaxşı olmaz, dəyişərik”, prinsipi ilə hərəkət etmək, əlbəttə, düzgün deyil. Lakin görürük ki, bəzən yol hərəkətinin nizamlanmasında, işıqforların, piyada keçidlərinin, hətta yeraltı, yerüstü keçidlərin də inşasında səhlənkarlığa, qeyri-peşəkarlığa yol verilir. Harda ki, piyadalar üçün keçid olması labüddür, orada keçid quraşdırılmır, insanlar real təhlükə altında yolu keçir, amma harda ki, keçidə heç bir zərurət yoxdur, orada keçid qoyulur. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə hər hansı tədbir görülürsə, ərazi əvvəlcədən dəqiq öyrənilməlidir, avtomobillərin hərəkət istiqaməti düzgün təyin edilməlidir. Bir də görürsən, elə yerdə gətirib işıqfor quraşdırırlar ki, hərəkəti tənzimləmək əvəzinə, əksinə, sıxlıq yaranmasına səbəb olur. Piyada keçidləri də belədir. Piyada keçidinin məqsədi piyadaların hərəkət təhlükəsizliyini təmin etməkdirsə, bu, o demək deyil ki, sürücülər təhlükə altında qalmalı, qəza şəraiti ilə üzləşməlidirlər. Bəzən bir piyadanın keçiddən keçməsinə görə, avtomobillər arxa-arxaya düzülür, "quyruq” yaranır, bu da tıxaca səbəb olur. Piyadalar da gərək anlayışlı olsunlar, harda ki, yolun hərəkət hissəsini yeraltı keçiddən keçmək mümkündür, avtomobillərin hərəkətinə mane olmasınlar, yalnız özlərini düşünüb, vaxta qənaət etmək xətrinə piyada keçid zolağı ilə hərəkət etməsinlər. Yola çıxan insan özünü də düşünməlidir, sürücünü də. Piyadanın həyatı təhlükə altına düşürsə, sürücü də məsuliyyət altına düşür.
Məlahət Rzayeva