Qulu Məhərrəmli: "MTRŞ sədri həyəcan təbili çalır ki, qoyulan norma həddindən artıq aşılıb"
""Yaradıcı" adamların televiziya ekranlarına çıxması problemi dərinləşdirir”
"Televiziyalarda ədəbi dil normalarının pozulması haqqında nə qədər danışılsa da problem həllini tapmır”.
Bunu "Sherg.az”a teleradio məkanında ədəbi dil normalarının dilin bütün səviyyələri üzrə pozulmasının səbəblərini izah edərkən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli deyib.
Monitorinq və cərimələrin effektiv olmamasına diqqət çəkən professorun sözlərinə görə, məsələyə yanaşmanın özü doğru deyil:
"Qloballaşma şəraitində Azərbaycan dilinin işlənməsi ilə bağlı bütün televiziyalarda dil şuraları fəaliyyət göstərir. Həmin şuralar isə sadəcə formal, fəaliyyət göstərir, nəzarət etmirlər. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmli dəfələrlə monitorinqlər təşkil edib, məsələni gündəmə gətirsə də problem qalır. Çünki telekanallarda dili bilməyən, Azərbaycan ədəbi dilin qaydalarından bixəbər, efir qaydalarına riayət etməyən əməkdaşların sayı çoxdur. Əvvəlki tələblər olmadığına görə, peşəkar əməkdaşların sayı azalır. Televiziya rəhbərləri öz zövqlərinə uyğun şəkildə yaradıcı kontingent formalaşdırır. İstədikləri aparıcını - istər müğənni, istərsə də başqa sahənin mütəxəssislərini efirə buraxırlar. Düzdür, onların aparıcı olmasında qəbahət yoxdur, lakin bir aparıcının Azərbaycan ədəbi dilinə bələd olmaması yolverilməzdir. "Yaradıcı" adamların televiziya ekranlarına çıxması problemi dərinləşdirir”.
Q.Məhərrəmli bildirib ki, dil-üslub redaktə edən şəxslər aparıcı ilə xüsusi şəkildə məşğul olmurlar:
"Televiziya aparıcılarından edilən tələblər yüksək səviyyədə deyil. Aparıcıların mütaliəsi yoxdur. İstifadə etdikləri leksik baza, üslub tərzi, ümumi dil bilikləri zəifdir. Bütün bunlar kamera qarşısına çıxan şəxslərin öz keyfiyyəti ilə bağlıdır.
Aparıcılar tamaşaçı, həmkarlar və peşəkarlar qarşısında məsuliyyət hiss etmədikdə peşələrinə dırnaqarası yanaşırlar. Efirdə dialekt və şivələrdən istifadə edilməsi məişət davranışının nəticəsi olaraq meydana gəlir. Ədəbi dili təmsil etməli olan aparıcı nəticə etibarı ilə bu qaydaları pozmuş olur.
MTRŞ sədri həyəcan təbili çalır ki, norma həddindən artıq aşılıb. Dilçilik İnstitutunun və MTRŞ-nın monitorinqləri aparılan vaxtlarda aparıcılar bir qədər diqqət etməli olurdu. Lakin indi aparıcılar monitorinqlərə və tənqidlərə əhəmiyyət vermirlər.
Bəzi aparıcılar sayəsində dilin obrazlılığı itib. Sanki xalq dili bir bulaq kimi quruyub. Halbuki dilin bütün normaları, obrazlılığı üçün biz xalq dilindən bəhrələnməliyik”.
Aparıcıların qeyri-düzgün nitq mədəniyyətinə nümunələr göstərən Q.Məhərrəmlinin sözlərinə görə, televiziya rəhbərləri aparıcıları seçərkən xüsusi diqqət etməlidir:
"Məsələn, dəfələrlə "demək” və "söyləmək” fellərinin işlənmə yerinə görə, fərqləri olduğunu demişik. "Axşamınız - sabahınız xeyirli olsun" ifadəsi düzgün deyil, "axşamınız- sabahınız xeyir” demək lazımdır. Söz sırasının pozulması, vurğunun düzgün qoyulmaması, alınma sözlərin və digər ifadələrin düzgün tələffüz edilməməsi ciddi nöqsanlar ortaya çıxarır.
Bu məsələ hər zaman MTRŞ-nı və dillə bağlı olan insanları narahat edir. Dilə hörmət etmək, onun qaydalarına riayət etmək lazımdır. Televiziya və radio şifahi və ədəbi dilimizin təbliğatçısıdır. Əgər bu sahədə çalışan şəxslər normaları pozacaqsa, sıravi insanlar necə maariflənə bilər?”
Qeyd edək ki, MTRŞ-nın təşkil etdiyi monitorinq nəticəsində qeydə alınan 850 faktdan 371-i fonetik, 177-si leksik, 200-ü qrammatik, 104-2 üslubi səviyyədə pozulma olub.
Ümumilikdə fonetik səviyyədə norma pozuntusu 44 faiz, leksik səviyyədə pozuntu 21, qrammatik səviyyədə 23, üslubi səviyyədə isə 12 faiz təşkil edib.
Aysel Aslan