Bilal İsmayılov:" “Elə bakalavrlar var, danışıq dilində imtahan verdiyi xarici dili bilmir, amma esse yazaraq imtahandan keçir. Bu, necə olur ? Bax, bunu anlamaq çətindir !"
"Çox güman ki, tələbə imthanda ona esse yazmaq üçün düşəcək mövzuları əvvəlcədən bilir və bu istiqamətdə hazırlaşır. Magistarturaya qəbul olunur, auditoriyada fransızca sual verirsən, başa düşmür"
""Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsində xarici dillərdən imtahan verən bakalavrlar üçün dildən asılı olaraq, ayrı-ayrı imtahan forması tətbiq olunur”.
Bunu "Sherg.az”a filologiya elmləri doktoru, ADU-nun professoru Bilal İsmayılov bildirib. O qeyd edib ki, ingilis və rus dillərindən başqa formada, fransız və alman dillərindən isə daha fərqli şəkildə imtahan götürülməsi qeyri-müəyyənlik yaradır:
"Bəzi xarici dil fakültələrini bitirən bakalavrdan magistarturaya qəbulun ikinci mərhələsi üçün imtahan götürüldükdə dilçiliyin müxtəlif sahələrinə aid suallar olur. Həmin bakalavrlar da imtahanda onlara dilçilikdən sual düşəcəyini bilirlər və həmin istiqamətdə biliklərini inkişaf etdirirlər. Dilçilik sahəsini az-çox mənimsəyib, imtahan verirlər. Bu tələbələrin dilçilikdən bilikləri olduğuna görə, müəllimlər onları dilçi kimi yetişdirməkdə çətinlik çəkmirlər.
Fransız və alman dillərindən isə imtahan verən tələbələr bu dillərdə sadəcə esse yazırlar, onlara dilçilikdən heç bir sual verilmir. Bu mənda onların dilçilik sahəsi ilə bağlı bilikləri zəif olur. Dilin tədrisi və metodikası ilə dilçilik ixtisasları bir-birindən fərqlidir. Yaxşı olar ki, dilçilik ixtisasına imtahan verənləri elə dilçilik sahəsinə uyğun imtahan etsinlər. Bu tələbələrdə praktik danışıq qabiliyyəti ilə bərabər dilçiliyin əsasları haqqında biliklər olmalıdır. Belə olarsa, müəllimlər həmin magistrantları yaxşı dilçi kimi yetişdirə biləcəklər.
Müxtəlif bölgələrdə bakalavr təhsili üzrə xarici dilləri bitirib gələn tələbələr var. Onlara dilçiliyə aid olan bəzi fənlər elə də yaxşı tədris edilmir. Həmin tələbələri qiymətləndirmək çox çətin olur. Ona görə, təklif edirəm ki, magistratura imtahanının ikinci mərhələsində dilçiliyə aid suallar daxil edilsin”.
B.İsmayılov hesab edir ki, magistratura imtahanının ikinci mərhələsində essenin yazılması yalnız metodikaya imtahan verənlərə aid edilə bilər:
"Dilçiliyə imtahan verənlər üçün tək esse yazılması kifayət deyil. Hətta esse vacib də deyil. Onlar leksikologiya, fonetika, qrammatika sahələri üzrə qiymətləndirilməlidirlər. İmtahanlar düzgün şəkildə aparılmalıdır. Dilçiliyi keçməyən tələbəni magistraturada dilçilik ixtisasına yönləndirmək düzgün deyil.
Dövlət İmtahan Mərkəzi (DİM) nəzərə almalıdır ki, dilçilik bölməsini özünə ixtisas seçənlər mütləq dilçilikdən imtahan verməlidir. Dilin tədrisi və metodikasına sənəd verənlər isə fərqli imtahan metodu ilə yoxlanılsa münasib olar:
"Elə bakalavrlar var, danışıq dilində imtahan verdiyi xarici dili bilmir, amma esse yazaraq imtahandan keçir. Bu, necə olur ? Bax, bunu anlamaq çətindir ! Çox güman ki, tələbə imthanda ona esse yazmaq üçün düşəcək mövzuları əvvəlcədən bilir və bu istiqamətdə hazırlaşır. Magistarturaya qəbul olunur, auditoriyada fransızca sual verirsən, başa düşmür. Dili şifahi və ya əzbərləməklə öyrənmək olmaz. Konkret baza və bilik olmalıdır. Görünür, magistratura imtahanlarının ikinci mərhələsində qeyri-müəyyənlik var. Bunu aradan qaldırmaq üçün imtahan formasının dəyişdirilməsinə ehtiyac var”.
Aysel Aslan