Putin Poroşenkonu günahkar bilir

O, açıq şəkildə bildirir ki, bu iqtidar hakimiyyətdə qaldığı müddətcə Rusiya Ukraynaya qarşı siyasətini dəyişməyəcək



Rusiyanın Azov dənizində Ukrayna gəmilərinə hücum etməsindən sonra Moskva ilə Kiyev arasında yaranmış qarşıdurma davam edir. BBC-nin rus xidməti Böyük Britaniya ordusunun 77-ci məxfi briqadasının dəstək üçün Ukraynaya göndərildiyini yazıb. Kanalın məlumatına görə, briqadada internetdə hərbi tapşırıqları, psixoloji fəaliyyəti və informasiya əməliyyatlarını yerinə yetirən mindən artıq hərbçi var. 

Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın Ukraynada bu məxfi əməliyyatı ilə bağlı açıqlama yayıb. Səfirlikdən bildirilib ki, Britaniya prezident seçkiləri öncəsi Ukraynada hərbi fəaliyyətini genişləndirir: "Britaniya hərbçilərinin məxfi əməliyyatı ilə bağlı xəbər doğrudursa, onda bu, ingilis əsgərlərinin Ukraynada miqyaslı hərbi fəaliyyətlərinin yeni elementidir”. Səfirlik bəyan edib ki, bundan öncə Britaniyadan olan mütəxəssislərin Donetsk və Luqanskın mülki vətəndaşlarına qarşı xüsusi əməliyyat aparan Ukrayna hərbçilərinə təlim keçdiyi haqda məlumatlar var.


Ukrayna-Rusiya gərginliyini "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, "G-20” Sammitində Vladimir Putinin Ukraynanı təhdid edən bəyanatla çıxış etməsi göstərdi ki, Kreml yaranmış konfliktdə Poroşenko hökumətini günahkar bilir:

 "Putin bildirdi ki, bu iqtidar hakimiyyətdə qaldığı müddətcə Rusiya Ukraynaya qarşı siyasətini dəyişməyəcək. Bu da dolayısı yolla Krımın və Ukraynanın şərqinin Rusiyanın nəzarətində qalacağı barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq mesajı idi. Rusiyanın Ukraynaya qarşı bu qədər sərt davranmasının səbəbi Avropa Birliyinin Ukraynanı üzv dövlətlər sırasına qatmaq istəməsidir. Kreml rəhbərinin Avropanı təhdid edərək, daha da irəliyə gedəcəyi mesajını verməsi əslində ukraynalıları qorxutmağa yönəlib. Lakin indiyə qədər baş verənlər və münasibətlərin kifayət qədər pozulması bu iki ölkənin yaxın zamanlarda birlikdə hərəkət etməyəcəyinə mübahisəsiz dəlildir”. 

Ekspertin sözlərinə görə, "Rus sosializmi” çökdükdən sonra Şərqi Avropa ölkələri böyük sıçrayışla inkişafa doğru getsələr də, Rusiya bu şansı əldən qaçırdı:

 "Sovet zamanı az da olsa inkişaf edən rus sənayesi tamamilə darmadağın edildi. Müstəqilliyin ilk illərində Boris Yeltsin müəyyən cəhdlər göstərdi, lakin sərxoş həyat tərzi və ağır xəstəlik onun planlarını puça çıxardı. Putinin Rusiyada hakimiyyətə gəlişi Çeçenistan müharibəsi ilə başladı və onun aktiv siyasəti nəticəsində sələfləri tərəfindən yaradılmış süni separatçı dövlətlərin yaradılması prosesi başa çatdı. Daha sonra Gürcüstanda iki inzibati ərazi "müstəqil dövlət” kimi tanındı. Ardınca Ukraynanın incisi sayılan Krım ilhaq edildi. Lakin Dağlıq Qarabağ münaqişəsində ehtiyatlı davranan Kreml ermənilər tərəfindən işğal edilmiş əraziləri Azərbaycanın subyekti kimi tanımağa məcbur oldu”.

İsmayıl