Ermənistan hakimiyyəti Rusiyaya yeni səfir vəzifəsinə namizəd axtarışını davam etdirir.
Sherg.az xəbər verir ki, “Joqovurd” qəzetinin yazdığına görə, Rusiyadakı əvvəlki səfir Qurgen Arsenyanın fəaliyyəti Ermənistanın baş nazirinin gözləntilərini doğrultmayıb. Nikol Paşinyanın iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq istiqamətində göstərdiyi şəxsi səylər də hələlik nəticə verməyib.
Nəşr qeyd edir ki, Paşinyan Moskvaya sadəcə diplomat deyil, Rusiya tərəfi ilə müxtəlif səviyyələrdə səmərəli işləyə biləcək və zərurət yarandıqda İrəvanla Moskva arasındakı mübahisəli məsələləri həll edə biləcək siyasi komanda üzvü göndərmək istəyir. Paşinyanın Moskvaya planlaşdırılan səfəri fonunda bu məsələ daha da aktuallaşıb.
“Joqovurd” iddia edir ki, Ermənistanın baş naziri yeni səfir vəzifəsinə namizədlər arasında hətta Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın namizədliyini də nəzərdən keçirib. Qəzet Qriqoryanı Paşinyanın komandasındakı “qərbpərəst siyasətçilərdən biri” kimi xarakterizə edir.
Bundan əvvəl KİV-də Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın da mümkün namizəd kimi adı hallanmışdı.