Qadınlar da fikir meydanında qələmlərini sınayıblar

Sabir Gəncəlinin yeni çapdan çıxmış kitabında maarifçi qadınlardan bəhs olunur



Qocaman yazıçı-jurnalist, tarix elmləri doktoru, qızıl qələm mükafatçısı Sabir Gəncəlinin (Məmmədov) Azərbaycanın qəhrəman qadınlarının həyat və yaradıcılığından bəhs edən "İşıqlı ömürlər, kövrək talelər” adlı kitabı nəşr edilib. 60 ildən çox elmi-tədqiqat işi ilə məşğul olan müəllifin qələmə aldığı bu kitabda Azərbaycanın müxtəlif dövrlərinə işıq tutan qəhrəman və maarifpərvər türk qadınlarının həyat yolu, fədakar fəaliyyətləri ətraflı şəkildə tərənnüm edilib.

Sabir Gəncəlinin sözügedən əsərində müxtəlif dövrlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti ərəfəsində və 23 aylıq Cümhuriyyət dövründə fəaliyyət göstərmiş maarifçi qadınlar barəsində də geniş bəhs olunub. Müəllif kitabında vurğulayıb ki, XX əsrin əvvəllərində Azərbaycanda milli mətbuatın inkişafı, demokratik fikrin yayılması, milli ruhun güclənməsi Azərbaycan qadınlarının həyatında təsiredici rol oynayıb. Qadınlar da fikir meydanında olmaq, yazıb-yaratmaq arzusunda olublar: "Bu sahədə ilk addımı Şəfiqə xanım Əfəndizadə atıb. Onun ilk imzası 1903-cü ildə "Şərqi-Rus” qəzetində göründü. Bu istedadlı qadını ilk olaraq qəzetin əməkdaşları təbrik etdilər. Qəzetin elə həmin nömrəsində dərc edilmiş "İdarədən” adlı yazıda deyilirdi: "Şəfiqə xanımın təbrik məktubu hamını valeh edib, sevindirib. Əgər o biri qadınlarımız da onun kimi olsaydılar, millətimiz irəli gedərdi. Şəfiqə xanımın məktubu bizə yeni fikir, yeni duyğu gətirir...”. Şəfiqə xanım Əfəndizadənin mədəniyyətə, maarifə səsləyən məqalələri, hekayələri "Dəbistan”, "Məktəb”, "Dirilik” jurnallarında, "Açıq söz”, "Azərbaycan” və başqa qəzetlərdə dərc edilib. Çox keçməyib ki, 1911-ci ildə Azərbaycan mətbuat aləminə "İşıq” adlı bir jurnal da daxil olub. "İşıq”ın dünya işığına çıxması tərəqqipərvər adamları, xüsusilə qadınları çox sevindirdi. Azərbaycanın ziyalı qadınları öz təbriklərini, məqalələrini, şeirlərini bu ilk qadın jurnalına göndərdilər. Həlimə xanım Axundova "Övrət millət anasıdır” adlı məqalə ilə çıxış edib, cəhalətpərəstləri mədəniyyətin və elmin düşməni adlandırırdı. O, deyirdi: "İndi başqa zamandır. Bütün millətlər günü-gündən tərəqqi edir, elm və maarif yolunda çalışırlar. Amma biz!”.
Münəvvər xanım Əlixanova yazırdı: "Əgər biz öz hüquqlarımıza malik olmaq istəyiriksə, lazım və vacibdir ki, qeyrət edərək, ciddi bir surətdə müttəfiq olub, əməl və arzularımızı kəndi əql və fərasətimizi ələ keçirək... Bizə elm ilə bərabər azadəlik də vacibdir”. Müəllif əsərində vurğulayıb ki, maarifi, mədəniyyəti yaymağı qarşısına məqsəd qoyan "İşıq” jurnalı ətrafında onlarca ziyalı qadın toplayıb: "Gəncədən Asiya Axundzadə, Xuraman Rəhinbəyzadə, Şəkidən Maral Nəbizadə, Şamaxıdan Gövhər Şövqiyyə, Bakıdan Səidə Şeyxzadə, Nabat Nərimanova "İşıq”ın ən fəal müəllifləri idilər. Jurnalın redaktoru Xədicə xanım Əlibəyova (1884-1958) ömür yoldaşı, hüquqşünas Mustafa bəylə birlikdə jurnalın nəşrində böyük səy göstəriblər. Burada onların qadın hüquqlarına dair maraqlı məqalələri dərc olunub. "İşıq” cəmi iki ilə yaxın ömür sürüb. Lakin onun sorağı, sədası az vaxtda bütün ölkəyə yayılıb. Öz işıqlı fikirləri ilə Azərbaycan qadınlarına maarifin, mədəniyyətin əhəmiyyətini başa salıb. Qadınlar arasından ilk müxbirlərin, şairlərin yetişməsinə, dövri mətbuatımıza qədəm qoymalarına yol açıb. Əgər XIX əsrin axırlarında qadın azadlığı, qadın hüququ haqqında maarifpərvər ziyalılar danışdılarsa, XX əsrin ilk günlərində Azərbaycanın az-çox təhsil görmüş xanımlarının da kişilərlə birlikdə səsləri eşidilməyə başlamışdı. Nəşrləri günü-gündən artan milli mətbuatımızın səhifələrində get-gedə imzaları görünürdü. Qadın müəllimlərin, qız məktəblərinin və şagirdlərin sayı getdikcə çoxalırdı. Azərbaycan qadınları mütəfəkkir-ziyalılarımız - H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağayevin, Ə.Topçubaşovun, M.Ə.Rəsulzadənin milli qüruru gücləndirən fikirlərini, ideyalarını mənimsəyib, mübarizə yoluna qədəm qoyurdular. Bu müqəddəs işdə ilk publisist qadın Şəfiqə xanım Əfəndizadə, görkəmli maarif xadimləri Hənifə Məlikova, Mədinə Qiyasbəyli, Xədicə Ağayeva, Məryəm Bayraməlibəyova, Nigar Şıxlinskaya, Ümgülsüm Sadıqzadə, Səkinə Yaqubova, Xədicə Qayıbova və başqaları əsl fədakarlıq göstəriblər”.

S.Gəncəli kitabında yazıb ki, "Şərq qadını” jurnalı fəaliyyətə başladığı ilk illərdə Azərbaycan dilində mükəmməl təhsil görmüş qadın müəlliflər demək olar ki, yox idi. Belə bir vaxtda yeni ədəbi qüvvələri jurnal ətrafında toplamaq, onlara istiqamət vermək, yetişdirmək asan iş deyildi: "Şəfiqə xanım Əfəndizadə jurnalın məsul katibi olmaqla yanaşı, ədəbiyyat və bədiyyat şöbəsinə də başçılıq edir, bir yazıçı və publisist kimi fəaliyyət göstərirdi. O, jurnalda dərc etdiyi "Qız ilə ana arasında söhbət”, "Bəhriyyədən Minirəyə”, "Al qırmızı qofta”, "İki sima”, "Evlənmək”, "Rəna” və s. hekayə və publisistik yazılarında qadın azadlığı ideyalarını təbliğ edirdi. Ş.Əfəndizadə yalnız bir ədib kimi jurnalda çalışmaqla qalmırdı. Onun xalqı tərəqqiyə, maarifə səsləyən səsi təlim-tərbiyə ocaqlarından da eşidilirdi. Şəfiqə xanım darülmüəllimatda, bir sıra məktəb və savad kurslarında dərs deyirdi. XX əsrin əvvəllərində nəşrə başlayan "Şərqi-Rus” qəzeti Şəfiqə xanımın həyatında yeni səhifə açıb. O, "Şərqi-Rus” qəzetində dərc etdirdiyi məqalələrdə qadınları maarifə, təhsil almağa çağırırdı. "Bir çox ümidlərimiz” sərlövhəli məqaləsində yazırdı: "Ümidlərimiz çox böyükdür. Müsəlmanın indi söz deməyə imkanı oldu. Mədəni cəhətdən geri qalmağımız bizi pərişan edir. Hər bir rəzalətin başlıca səbəbi cəhalətdir. Cəhalətdən çıxmağın dərmanı isə elmdir, maarifdir”. 1905-ci il inqilabından sonra Azərbaycanda demokratik fikirlər yayan bir sıra qəzet və jurnallar nərş olunmağa başlayıb. Şəfiqə xanım bu mətbuat orqanlarının bir çoxunda çıxış edib. "Dəbistan”, "Məktəb” jurnalları üçün uşaq hekayələri yazıb. Onun "İki qızın söhbəti”, "Şəkər alması”, "Vəhşilər çörəkçisi”, "İlk məhəbbət”, "Röya”, "Müəllim nədir?” və digər didaktik hekayələri Azərbaycan uşaq ədəbiyyatının ilk nümunələri kimi qiymətlidir”.

Müəllif bəyan edib ki, Azərbaycan mətbuatında Şəfiqə xanım qadınları azadlığa və maariflənməyə çağıran məqalələr də yazıb. Onun bu mövzuda dərc etdirdiyi bir sıra məqalələri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. "Dirilik” jurnalında və "Açıq söz” qəzetində dərc etdirdiyi məqalələrində o, xalqın, oyanmaqda olan millətin taleyini düşünür, qadın azadlığını təbliğ edirdi. "Dirilik” jurnalında dərc etdirdiyi "Dirilik və varlıq qadınlar ilədir”, "Qadınlarda dirilik və nöqsanat” silsilə məqalələrində Şəfiqə xanım yazırdı ki, "biz iflic olmuş bir millətik”. O, qadınların cəhalətdə saxlanmasını hərəkətsiz, iflic olmuş bədənə oxşadırdı. Deyirdi ki, kişilər və qadınlar bəşər cəmiyyətinin iki qoludur. Onlar müştərək çalışarlarsa, hər bir məqsədə çatmaq olar. Qadınlıq yüksəlmədikcə, millət tənəzzül edər.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət qəzeti "Azərbaycan” Şəfiqə xanım Əfəndizadənin əqidəsi, arzusu, publisist fəaliyyəti üçün geniş meydan oldu. Burada onun qadın məsələsindən, qadın azadlığından bəhs edən "Təşkilatın qadınlara təsiri”, "Seçki və qadınlar”, "Milli bayram və qadınlarımız” , "Vətən bizim anamızdır”, "Analar qızlarımızı oxutdurunuz” və başqa silsilə məqalələri çap olunub. Şəfiqə xanım Azərbaycan mətbuatının tarixində ilk müstəqil dövlətimizin ilk redaksiya heyətinin üzvü seçilib”.

Sabir Gəncəli araşdırmasında Şəfiqə xanım Qasprinskaya haqqında da yazıb. Bildirib ki, Şəfiqə xanım Krımda, məşhur maarifpərvər, bütün türk dünyasında şöhrət qazanmış "Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspıralının ailəsində dünyaya göz açıb: "Şəfiqə xanım "Tərcüman” qəzetinin nəşrində və yayılmasında İsmayıl bəyin ən yaxın köməkçisi olub, hətta 16 yaşında məktəbli ikən həftəlik "Aləmnisvan” adlı jurnal buraxıb. Şəfiqə xanım Nəsib bəy Yusifbəyli ilə ailə qurub. Tale Şəfiqə xanımı Azərbaycana, qədim Gəncəyə gətirib. Şəfiqə xanım yalnız ev xanımı olaraq qalmayıb. O, Gəncənin ictimai həyatına qaynayıb-qarışıb, maarif və mədəniyyət işlərində iştirak edib, səsi mətbuat səhifələrindən eşidilib. 1908-ci ildə onun Şəfiqə-Sultan Yusifbəyli imzası ilə "Zaqafqaziya” qəzetinin 5 fevral tarixli sayında dərc etdirdiyi "Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyətinə dair” məqaləsi bunu bir daha sübut edir. Şəfiqə xanım Yusifbəyli 1920-ci ilə qədər Cümhuriyyətin mədəni tədbirlərində iştirak edib, milli qız gimnaziyasında dərs deyib. O, Azərbaycanın maaripərvər qadınları ilə dostluq edib, onlarla birlikdə xalqımızın tərəqqisi işində çalışıb”.

Müəllif əsərində "Şərq qadını” jurnalının redaktoru, Azərbaycanda qadın azadlığı hərəkatının görkəmli xadimi Gülarə Qədirbəyova haqqında da məlumat verib. Vurğulayıb ki, Gülarə Qədirbəyova qabaqcıl həyat mövqeyi, öz fikri, düşüncəsi olan bir mübariz qadın kimi tanınıb: "Gülarə Qədirbəyova "Şərq qadını” jurnalının ən fəal müxbirlərindən olub. "Şərq qadını” dönə-dönə onun şəklini çap edib "Məcmuəmizin ilk müxbirlərindən Gülarə Köylü qızı” deyə onu öz oxucularına təqdim edib. Gülarənin soyadı Qədirbəyovadır. Köylü qızı onun təxəllüsü idi. Görünür, gələcəkdə jurnalist, adlı-sanlı mətbuat işçisi olacağını hiss edib bu gözəl təxəllüsü özünə yaraşdırıb. Həqiqətən də Gülarə xanım Azərbaycan mətbuatı, mədəniyyəti və qadın azadlığı hərəkatı tarixində Köylü qızı kimi tanınıb. Onun ömür salnaməsinin ən gözəl səhifələri "Şərq qadını” jurnalı ilə bağlı olub. Jurnalda müntəzəm çap olunaraq, burada püxtələşib. 1932-1937-ci illərdə "Şərq qadını” jurnalının redaktoru səviyyəsinədək yüksəlib. Onun redaktor olduğu vaxt Azərbaycan tarixinin ən ziddiyyətli dövrü idi. Bu haylı-küylü, şüarlı dövrdə kəndlərdə kolxoz qurulur, qolçomaqlara qarşı mübarizə adı ilə ölkənin gözəgörümlü adamları sıxışdırılır, sürgünə göndərilirdi. Gülarə xanım məhz belə bir dövrdə yeni amallı gənclər kimi qurub-yaratmaq eşqi ilə coşub-çağlayırdı. Dövrlə ayaqlaşmaq, jurnalı yeni tələblərə uyğun şəkildə buraxmaq, zamanın inqilabi pafosunu əks etdirmək lazım gəlirdi. Gülarə xanım bu çətin vəziyyətdə öz əqidəsindən dönmür, bütün qüvvəsini, biliyini xalqın tərəqqisinə sərf edirdi”. Müəllif sonda vurğulayıb ki, xalqın azadlığı, maariflənməsi və təhsili uğrunda ömrünü fəda edən, canını qurban verən görkəmli şəxslərin ruhları, əqidələri, ideyaları bu gün də qəlbimizdə yaşayır.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb