Qarabağda “referendum” nəyi dəyişəcək ki?..

Sabir Rüstəmxanlı: “Qarabağ erməniləri bizimlə birlikdə yaşamaq istəmirlərsə, onda zəhmət çəkib Ermənistana köçsünlər”




Beynəlxalq aləmin "etirazlarına” baxmayaraq, Dağlıq Qarabağda separatçılar tərəfindən "referendum” şousu keçirildi. Analitiklər cəbhə xəttində gərginliyin pik həddə olduğu bir vaxtda ermənilərin bu addımının vəziyyəti daha da çətinləşdirəcəyini iddia edirlər. Erməni politoloqlar da bunun Ermənistan və Azərbaycan arasında növbəti savaşa səbəb olacağını istisna etmirlər. Hətta Qarabağdakı ermənilər vəziyyətin gərginləşəcəyini nəzərə alaraq, "referendum”a qarşı çıxıblar.

Təəssüflər olsun ki, təcavüzkar Serj Sarkisyan rejimi beynəlxalq hüquq normalarına, haqlı çağırışlara məhəl qoymadan öz çirkin oyununu davam etdirir. İrəvan hökumətinin get-gedə daha da arsızlaşmasının səbəbi isə xarici dövlətlərdən aldığı maddi və mənəvi dəstəkdir. Şübhə yoxdur ki, işğalçı təfəkkür sahibləri ilə masa arxasına oturmaq, hansısa sülhməramlı dialoq aparmaq mümkünsüzdür. Ona görə də əksər ekspertlər yeganə variant kimi müharibə ehtimalını ön plana çəkirlər. 

Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən arzuolunmaz proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı deyib ki, problemə ikibaşlı münasibət davam etdiyi müddətcə hər hansı irəliləyişdən söhbət gedə bilməz...

- Qondarma rejimin "referendum” oyununa bəzi xarici dövlətlər, beynəlxalq təşkilatlar yumşaq formada "etiraz” etdilər. Sizcə, məsələyə bu cür yanaşma kifayət edirmi, yoxsa daha sərt addımlar atılmalı idi?

- Şübhəsiz ki, göstərilən münasibət bizi qane etmir, edə də bilməz. Mən başa düşə bilmirəm, niyə Cənubi Qafqaz ölkələri - Gürcüstana və Ermənistana xüsusi münasibət sərgilənir,

Azərbaycana isə tamam başqa formada yanaşılır? Gürcüstan torpağı olan Cənubi Osetiyada qondarma referendum keçiriləndə ABŞ və Avropa ölkələri kəskin mövqelərini ortaya qoydular. Konkret şəkildə bəyan etdilər ki, Abxaziya və Osetiya Gürcüstanın ayrılmaz parçası olduğu üçün orada keçirilən "referendum”un heç bir hüquqi əsası yoxdur. Amma təəssüflər olsun ki, Azərbaycana münasibətdə o cür davranmadılar. Halbuki Abxaziya ilə Dağlıq Qarabağı müqayisə etmək belə olmaz. Qərb dövlətləri Abxaziya ilə bağlı söylədiklərinin iki-üç dəfə artığını Dağlıq Qarabağ üçün deməli idilər. Çünki abxazlar etnik xalq kimi bütöv şəkildə öz vətənlərində, Abxaziyada yaşayırlar. Ona görə də ən pis halda öz müqəddəratlarını təyin etmək hüququna malikdirlər. Amma erməni xalqı Cənubi Qafqazda bir dəfə öz müqəddəratlarını müəyyən edib və dövlətlərini qurublar. Özü də qədim Azərbaycan torpaqları olan İrəvanın, Zəngəzur və Dərələyəzin hesabına. Dağlıq Qarabağ isə qədimdən olduğu kimi Azərbaycan ərazisi olaraq qalıb. Düzdür, sovet dövründə rus hökuməti min-bir hoqqadan çıxaraq burada ermənilərin sayını artırmağa çalışıb. Lakin bu əsas vermir ki, ermənilər Qarabağa öz torpaqları kimi iddia etsinlər.

- Beynəlxalq təşkilatların ikiüzlü mövqeyi ilə bağlı ən çox tənqid olunan Azərbaycanın xaricdəki diasporasıdır. Xaricdəki azərbaycanlılar üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirmi?

- Görünür, bizim də bu sahədə müəyyən yanlışlıqlarımız, çatışmazlıqlarımız var. Bunun nəticəsi göz önündədir. Fikrimcə, diplomatik korpusumuz, diasporamız daha ciddi işləməlidir. BMT, Avropa Birliyi, İslam Konfransı Təşkilatı və Azərbaycanın torpaq bütövlüyünü tanıyan bütün təşkilat və dövlətlərdən tələb etməliyik ki, torpaqlarımızda qanunsuz keçirilən heç bir "seçkini” tanımasınlar və birmənalı buna qarşı çıxsınlar. Qarabağda qondarma "referendum” nəyi dəyişə bilər ki?! Onsuz da Azərbaycan ərazisini zəbt etmiş işğalçı rejimin legitimliyi heç bir ölkə tərəfindən tanınmır. Ermənistan tərəfi bu məsələnin üzərində nə qədər siyasi oyunlar qursa da, uydurma tarixlər, məqalələr, şəxsiyyətlər vasitəsilə saxtakarlıq etməyə çalışsalar da, bütün real faktlar göz qabağındadır. Əgər Qarabağ erməniləri bizimlə birlikdə yaşamaq istəmirlərsə, onda zəhmət çəkib Ermənistana köçsünlər. Azərbaycan ərazilərində qalmağı üstün tuturlarsa, o zaman dövlətimizin qayda-qanunlarına əməl etmək məcburiyyətindədirlər. Hesab edirəm ki, bizə qarşı sərgilənən ikiüzlü münasibətin kökündə xarici ölkələrdəki erməni lobbisinin güclü şəkildə çalışması və təsir imkanları dayanır.

- Separatçı rejimin Dağlıq Qarabağ sözünü "Arsax” adı ilə dəyişdirməsində məqsəd nədir? Hesab etmək olarmı ki, Qarabağ adı beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanındığına görə, düşmən uydurma təbliğatını qura bilmir?

- Bu da Ermənistan rejiminin əsrlər boyu davam etdirdiyi oyunbazlığı, düşünülmüş siyasətidir. Ərməniyyə adını Hayastan elədilər, Qarabağı Arsaxa çevirdilər, yüzlərlə yer adlarını dəyişdirdilər. Ermənilər bununla ilk növbədə türk dilinə məxsus toponimləri arxa plana keçirməyə, öz məqsədlərinə qısa yolla çatmağa çalışırlar. Əslində düşmən fərqində deyil ki, elə Arsax sözünün özü də qədim türk sözüdür. Albanlara məxsus addır.

- Bir sıra ekspertlərə görə, əgər beynəlxalq təşkilatlardan istədiyimizi ala bilmiriksə, onda düşmənin "referendum” təxribatını əsas gətirərək cəbhədə gərginliyi artırmalı, müharibəyə başlamalıyıq. Siz necə düşünürsüz?

- Danışıqlar prosesində işimizə yaramayan beynəlxalq təşkilatlar Azərbaycanın müharibəyə başlamasına da haqq qazandırmırlar. Onlar savaşa mane olmaq üçün əllərindən gələni edirlər. Çox təəssüf ki, Azərbaycanın haqları hərtərəfli qaydada beynəlxalq qurumlar, xarici dövlətlər tərəfindən əzilir. Belə olan vəziyyətdə şübhəsiz ki, Azərbaycan daha ciddi və sərt mövqe ortaya qoymalıdır. Həm diplomatik, həm də hərbi sahədə gücümüzü artırmalıyıq. Yəni əvvəlcə, bütün beynəlxalq təşkilatları, həmsədr dövlətləri razı salmalıyıq ki, əgər bir münaqişə 25 il ərzində danışıqlar yolu ilə həll edilmirsə, onda problemin yeganə çıxış yolu hərbi əməliyyatlara başlamaqdır. Müharibə üçün ilk növbədə uyğun zəmin formalaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, işğalçı Ermənistana Rusiya tərəfindən silahlı yardım edilir. Xüsusən, son vaxtlar Moskva ciddi şəkildə İrəvan hökumətinə silah-sursat göndərib.

- Sarkisyan növbəti dəfə sərsəm açıqlama verdi. O dedi ki, "Azərbaycanlılar Xankəndində çay içmək istəyirdilər, amma heç Ağdamda, Kəlbəcərdə belə çay içə bilmədilər”.

- Düşməndir də. İşğalçı rejimin başında duran bir adamdan yaxşı nə gözləmək olar ki? Sarkisyan ağzına gələni danışır. Çox təəssüflər olsun ki, xarici güclərin himayəsi və beynəlxalq aləmin biganəliyi sayəsində düşmən tərəf daha şirnikləşir, həddini aşır. Vaxtın uzanması ermənilərin xeyrinə işləyir.

İsmayıl