Qarabağın həlli ilə bağlı ortada razılaşma yoxdur

Həmsədr ölkələr “başımızın altına yastıq qoymaq”la məşğuldur


Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan və Azərbaycanın siyasi iradəsi və onların kompromis həll yoluna getməyə nə qədər hazır olmasından asılıdır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
XİN rəhbəri bildirib ki, münaqişənin həllində çox şey barədə razılıq əldə olunub, sadəcə bir neçə məsələ qalıb, lakin onlar ən çətin məsələlərdir: 

"Nəticələr ilk növbədə tərəflərin öz siyasi iradəsindən və onların kompromisə getməsindən asılıdır”. Lavrov vurğulayıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin aktiv iştirakçısı olaraq qalmaqdadır: "ABŞ və Fransa ilə birgə tərəflərə münaqişənin həlli istiqamətində yardım edirik. Ötən ilin yayında Rusiya Prezidentinin təşəbbüsü ilə üçtərəfli sammit də məhz buna həsr olunmuşdu”. 

Rusiya xarici siyasət rəhbərinin sözlərini "Şərq”ə şərh edən politoloq Rasim Ağayev deyib ki, Lavrovun açıqlamasında yeni heç nə yoxdur. Ümumiyyətlə, Rusiyanın məqsədi münaqişənin həll edilməsi deyil: 

"Bir atalar sözü var - "köhnə hamam, köhnə tas”. Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişdən söhbət gedə bilməz. Ortada razılaşdırılmış məqam yoxdur. İşğalçı ölkənin rəhbəri öz iddiasında israr edir və kompromisə yaxın durmur. Sarkisyan rejimi ilə yanaşı, kürd və rusdan ibarət olan erməni ictimaiyyəti məsələyə çox aqressiv yanaşırlar. Əgər onlar sülhsevər olsaydılar, Levon Ter-Petrosyan kimi siyasətçilərə də dəstək verərdilər. Görünən odur ki, Ermənistanda "sülh” mövqeləri qətiyyən keçmir, daha doğrusu, bunun reallaşmasına icazə vermirlər. Ona görə də heç kim aldanmasın və nəyəsə ümid etməsin. İndiki danışıqlarla heç nə həll olunmayacaq”.

 Ekspertin sözlərinə görə, mövcud vəziyyət həm düşmən Ermənistanı, həm də onun havadarları olan Qərb ölkələrini və Rusiyanı qane edir: 
"Həmin güclər Dağlıq Qarabağ münaqişəsini saxlamaqla Azərbaycana təzyiq rıçaqlarını əllərində saxlayırlar. Bir məsələni xatırladım, hələ sovet dövründə İrəvanda kiçik mitinq baş verən zaman Amerika Konqresi təcili bəyanat qəbul edərək bildirdi ki, "Qarabağdan əlinizi çəkin, ora ermənilərin olmalıdır”. ABŞ bu günə qədər Qarabağın ermənilərin işğalı altında qalması üçün əlindən gələni edib. Belə mövqedə olan bir "həmsədr” dövlətdən münaqişənin obyektiv həllini gözləmək olarmı? Bəzi ekspertlərimiz iddia edirlər ki, guya Vaşinqton və ya Moskva bugün-sabah problemi həll edəcək. Yalandır, inanmayın, onlar problemin həlli barədə düşünmürlər. Məqsədləri başımızın altına yastıq qoymaqdır”.

İsmayıl