Elman Məmmədov: “Sülhdən danışan beynəlxalq qurumlar, xüsusilə də ATƏT-in Minsk Qrupu bunun qarşısını almalıdır”
Elxan Şahinoğlu: “Əgər Moskva istəsəydi, əlinin altındakı separatçıların nümayəndələrinə deyərdi ki, referendumu izləməyiniz məsləhət deyil”
"Azərbaycanın qanunlarına və beynəlxalq hüququn prinsiplərinə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyinə zidd olaraq, Ermənistan tərəfindən siyasi təxribat məqsədilə qondarma referendum keçirildi”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. XİN rəsmisi bəyan edib ki, beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz hesab olunan və nəticələri qəbul olunmayan qondarma referendumun Ermənistan tərəfindən keçirilməsi özünü və beynəlxalq ictimaiyyəti aldatmaq və danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil:
"Qanunsuz "referendum”un kimlərsə tərəfindən müşahidə edilməsi barəsində iddiası gülüncdür. Heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən "referendum”u müşahidə etmək üçün nümayəndə heyəti göndərilməyib. Ermənistan tərəfindən öz uğursuz və qanunsuz fəaliyyətinə bəraət qazandırmaq üçün bir qrup şəxsin işğal olunmuş ərazilərə fərdi səfəri təşkil olunub. Bunu qanunsuz turizm səfəri də adlandırmaq olar. İlkin araşdırmalarımız onu deməyə əsas verir ki, onların əksəriyyəti arzuolunmaz şəxslər siyahısındadır”. H.Hacıyev bildirib ki, Ermənistan bu kimi təxribatçı əməllərlə məşğul olmaq əvəzinə, işğalçılıq siyasətinə son qoymalı, regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır”.
Şübhəsiz ki, bu təxribatçı addım, qondarma DQR-i beynəlxalq birliyə legitim qurum kimi sırımaq yönündə düşmənin növbəti hiyləsidir. Guya ki, dünyada bu adda "dövlət” var, "konstitusiyası” var və vaxtaşırı "seçkilər” keçirir. Təbii ki, bu, özünü aldatmadır. Dağlıq Qarabağdakı qondarma qurumu heç bir dövlət, hətta işğalçı Ermənistanın özü də tanımayıb, tanımağa cürət etməyib. Qarabağda oynanılan "referendum” tamaşası ermənilərin iç üzünü dünyaya açıb, düşmənin sülh istəmədiyini təsdiqləyib.
Millət vəkili Elman Məmmədov deyib ki, sözügedən "referendum”un heç bir qanuni əsası olmadığı üçün legitim sayıla bilməz:
"Separatçıların Azərbaycanın tarixi torpaqlarında "referendum” keçirməsi heç kim tərəfindən qəbul olunmur və tanınmır. Buna rəğmən Azərbaycan bu cür halların qarşısının alınması üçün müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Bəyanatlar verir ki, onlar bunun qarşısını alsınlar. Hesab edirəm ki, sülhdən danışan beynəlxalq qurumlar, xüsusilə də ATƏT-in Minsk Qrupu bunun qarşısını almalıdır. Əgər onlar heç bir addım atmazsa, Azərbaycan hərbi gücündən istifadə edərək, həmin cinayətkar separatçı qurumu ləğv edəcək. Belə olduqda onların qəbul etdiyi bütün qərarlar ləğv olunacaq və cinayətkarlar qanun qarşısında cavab verəcəklər”. Deputat əlavə edib ki, beynəlxalq təşkilatlar Ermənistanı susdurmaq əvəzinə, 25 ildir ki, himayə edirlər: "Bu azmış kimi, onlar bizim ərazimizdə fəaliyyət göstərən cinayətkar separatçı qurumu müdafiə edir, onlara yardım ayırmaqla ömrünü uzadırlar”.
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, əgər kimlərsə qondarma referenduma müşahidəçi kimi qatılıbsa, onların adları və statusları müəyyənləşdirilib, təmsil etdikləri ölkələrə nota göndərilməlidir. Ekspertin fikrincə, bu məsələ Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir:
"Erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri "referendum”u özləri kimi separatçı bölgələrdən, Abxaziya və Cənubi Osetiyadan izləyənlərin olduğu deyilir. Onlardan biri Abxaziya "parlamentinin sədr yardımçısı” Emma Qamisoniyadır. Məlumdur ki, həmin ərazilər tamamilə Rusiyanın siyasi, iqtisadi və hərbi nəzarəti altındadır. Moskva Abxaziya və Cənubi Osetiyanı öz əlavəsinə çevirib, iki bölgədə qoşun birlikləri yerləşdirib. Sözümün canı odur ki, Abxaziya və Cənubi Osetiyada Kremlin bir sözünü iki edən yoxdur. Əgər Moskva istəsəydi, əlinin altındakı separatçıların nümayəndələrinə deyərdi ki, "Dağlıq Qarabağdakı referendumu izləməyiniz məsləhət deyil, oturun oturduğunuz yerdə”. Deməyib, tam əksinə onların Qarabağa getmələrinə yaşıl işıq yandırıb”.
İsmayıl