Regionda bir ilk yaşandı
Azərbaycanda keçirilən tədbir bütün Dünya Skaut Təşkilatlarından qatılan rekord sayda iştirakçılarla tarixə düşüb
Avqustun 14-də Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə başlayıb.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən bu tədbirdə dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən çox skautun qatılıb. Tədbirdə həmçinin Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli rəsmilər iştirak edirlər.
Azərbaycan 2013-cü ilin fevralında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.
Konfransda müzakirə olunan əsas mövzular skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətlərinin yaradılması, eləcə də təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsindən ibarətdir.
13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlərdir.
Qeyd edək ki, ötən həftə də Qəbələdə 130-dan çox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirilib.
Qəbələdə keçirilən Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparılıb, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi aparıblar.
Qəbələdə keçirilmiş 13-cü Ümumdünya Gənc Skautlar Forumu və bu gün start götürən 41-ci Ümumdünya Skaut Konfransı haqqında danışan Ümumdünya Skaut Hərəkatının baş katibi Əhməd Ələndəvinin sözlərinə görə, Azərbaycanda keçirilən bu konfrans Avrasiya regionunda bir ilkdir və bütün Dünya Skaut Təşkilatlarından qatılan rekord sayda iştirakçılarla tarixə düşüb: "Konfrans iştirakçıları nəinki skaut hərəkatının inkişafını izləyəcək, həmçinin Dünya Skaut Hərəkatının beynəlxalq aləmdə əsas gənclərin təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcək: "Bu konfrans imkan verəcək ki, bütün milli, regional və qlobal skaut təşkilatlarının liderləri bir yerdə toplaşaraq təşkilatın əsas konsepsiyası olan "Baxış - 2023” layihəsini daha da inkişaf etdirəcəklər. Bu layihə 2023-cü ilədək dünyada skautların sayının 200 milyona çatdırılmasını nəzərdə tutur”.
Bir neçə dəfə Bakıda olduğunu vurğulayan baş katib hər dəfə də bu xalqın qonaqpərvərliyindən aldığı xoş təəssüratlarla qayıtdığını qeyd edib: "Mən şadam ki, konfrans Azərbaycanda - "Odlar Yurdu”nda keçirilir. Bu da konfrans iştirakçılarına müzakirələr üçün əlavə enerji verəcək. Mən forum və konfransın yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan dövlətinə xüsusi minnətdarlığımı bildirirəm. Biz harada olsaq, istər Qəbələdə forum zamanı, istərsə də sərginin açılışı zamanı azərbaycanlıların isti münasibətindən aldığımız təəssürat bizi heyran edir. Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi arxitekturanın şedevr nümunəsidir, bu da öz növbəsində keçirilən tədbirlərin uğuruna yüksək əhval-ruhiyyə qatır. Mən şadam ki, bu konfrans Azərbaycanda keçirilir!”.
Bakıda keçirilən Dünya Skaut Konfransının iştirakçılarından olan Tanzaniyanın sabiq prezidenti Cakayya Kikvete isə özünün və oğlanlarının skaut hərəkatının fəal üzvlərindən olduqlarını bildirib. O, Tanzaniyanın Prezidenti olarkən həm də Milli Skaut Assosiasiyasına rəhbərlik edib: "Biz çalışırdıq ki, skaut hərəkatı inkişaf etsin, buna görə də onun fəaliyyətinə hər cür dəstək verirdik. Hərəkatın sıraları da yeni üzvlərlə genişlənirdi. Mən skaut hərəkatını çox önəmli hesab edirəm. Bu hərəkat gənclərdə vətənpərvərlik hissini artırmaqla, onların cəmiyyət qarşısında borcunu izah edir, cəmiyyət üçün lazımlı işlər görməyi təlqin edir. Skaut hərəkatı gəncləri yaxşı vətəndaş və məsuliyyətli lider yetişdirmək yolunda təlimləndirən mühüm bir təşkilatdır”.
Azərbaycanda ilk dəfə olduğunu bildirən qonaq deyib ki, Bakı çox gözəl şəhərdir. Paytaxtınızın çox gözəl təşkil olunmuş planlaşdırması var:
"Rənglərdən tutmuş binaların dizaynına qədər hər bir şey bir-birini tamamlayır. Şəhərin yaşıllığı ona əlavə rəng qatır. Mən Azərbaycanın paytaxtının gözəlliyi barədə sonsuza qədər danışa bilərəm. Baxmayaraq ki, mən burada birinci dəfəyəm. Amma qəti qərara almışam ki, tezliklə daha uzun müddətə burada qalmaq üçün geri qayıdım. Azərbaycan skautları ölkələrində keçirilən möhtəşəm tədbirlərlə fəxr edə bilərlər”. Sabiq Prezidentin qənaətincə, bu tədbirlər bitəndən sonra Azərbaycan skautlarının cərgəsi nəzərəçarpacaq dərəcədə genişlənəcək.
Dünya Skaut Hərəkatının pakistanlı iştirakçısı Tariq Şafi isə Dünya Skaut Konfransının Azərbaycanda təşkil olunmasının onları çox sevindirdiyini deyib. Azərbaycanın həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçildiyini vurğulayan T.Şafinin fikrincə, Konfransın mükəmməl təşkili bir daha bunu sübut edir: "Bakı konfransında skaut hərəkatının gələcək inkişafı istiqamətində faydalı müzakirələr aparılır. Azərbaycanlı həmkarlarımızın yüksək peşəkarlığı bizi sevindirir. Ölkənizdə bu sahənin inkişafı üçün əlverişli şərait və imkanlar var”.
Azərbaycanda ilk dəfə qonaq olan pakistanlı iştirakçı hələlik Qəbələ və Bakı ilə tanış olmaq imkanı əldə etdiyini deyib: "Gördüklərim məni heyran etdi. İnsanlar yüksək mehribanlığı və qonaqpərvərliyi ilə seçilir. Azərbaycan Şərq və Qərbin vəhdətini təşkil edir”.
Skautinqin ideyalarının azərbaycanlılara çox yaxın olduğunu vurğulayan Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, 41-ci Dünya Skaut Konfransı - iştirakçıların sayı və təmsil olunan ölkələrin sayına görə Azərbaycan tarixinin ən böyük beynəlxalq gənclər tədbiridir:
"Ən maraqlısı isə budur ki, bu tədbirin keçirilməsi Azərbaycan Skautlar Assosiasiyasının, Dünya Skaut Hərəkatı Təşkilatı ilə sıx əməkdaşlıq sayəsində baş tutur. Nəzərə alaq ki, bu cür tədbirin Bakıda keçirilməsinə nail olmaq elə də asan olmayıb. Amma Azərbaycan Skautlar Assosiasiyasının apardığı düzgün təbliğat nəticəsində, ölkəmiz Beynəlxalq Skautlar Hərəkatının tədbirlərinə ev sahibliyi edir”.
Beynəlxalq imic baxımından bu tədbirin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayan nazir müavini qeyd edib ki, Azərbaycan dəfələrlə belə böyük tədbirlərə ev sahibliyi edib və 13-cü Dünya Gənc Skautlar Forumu və indi keçirilən konfrans da belə tədbirlər kimi gənclərin beynəlxalq əməkdaşlıq tarixində öz layiqli yerini tutacaq və digər tərəfdən, Azərbaycan bu gün 160 ölkədən 1500 qonağı qəbul edir: "Bu insanlar müxtəlif ölkələri və mədəniyyətləri təmsil edir. Bu qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyi, tarix və mədəniyyətimizlə yaxından tanış olacaq və gələcəkdə bu təəssüratlarını özlərinin dostları ilə bölüşəcəklər. Skautinqin ideyaları azərbaycanlılara çox yaxındır, çünki vətənpərvər vətəndaşların tərbiyə edilməsi, ətraf mühitin mühafizəzi, insanlara yardım, özünütəkmilləşdirmə, düzgünlük, fiziki, mənəvi və intellektual inkişafı təmin etmək - Azərbaycanın gənclərlə bağlı olan siyasətinin əsas məqsədləridir.
Mən əminəm ki, Azərbaycanda gələcəkdə skautinqin inkişafı üçün bütün şəraitlər mövcuddur və inanıram ki, ölkəmizdə skautların sayı gündən-günə artacaq. Hesab edirəm ki, Azərbaycan skautları daim həm xaricdə, həm də ölkə daxilində təşkil olunacaq beynəlxalq tədbirlərdə aktiv iştirak edəcəklər”.
Bu tədbirin bizim gənclərə skautlar barədə daha çox məlumat əldə etmək üçün şərait yaradacağını hesab edən İ.Babayevin fikrincə, əsas məqam da odur ki, onlar bunu öz yaşıdlarından, sosial şəbəkələrdən eşidib oxuyacaqlar: "Bu gün Azərbaycanda yüzlərlə QHT fəaliyyət göstərir və onların davamçılarının sayını administrativ yolla artırmaq qeyri-mümkündür. Təşkilatlar özləri elə düzgün iş qurmalıdır ki, onlara ictimai maraq artsın. Skautinqin düşərgə, gözəl uniforma, liderlərin statusları kimi atributları, özü-özlüyündə davamçılarını cəlb edir.
Biz nazirlik olaraq Azərbaycan Skautlar Assosiasiyasına həm maddi, həm də təşkilati dəstəyimizi əsirgəmirik. Biz onlar üçün skautlar düşərgələrinin təşkilində, azərbaycanlı skautların xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakını təmin edirik”.
Məlumat üçün bildirək ki, Dünya Skaut Hərəkatı Təşkilatı fəal vətəndaşlara çevrilən, yaşadıqları cəmiyyətdə müsbət dəyişikliklər edən milyonlarla gənci bir araya gətirən dünyada aparıcı gənclər hərəkatından biridir. 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır. Azərbaycan Skautlar Assosiasiyası, həmçinin Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının üzvüdür və 2000-ci il avqustun 20-dən Assosiasiya Dünya Skaut Hərəkatı Təşkilatına qoşulub. 2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.
Təşkilat 1997-ci il oktyabrın 11-də təsis edilib və hazırda onun Azərbaycanın 16 regionundan 1750-dən artıq üzvü var. Dünya Skaut Gənclər Forumu skautinqin gələcəyinə laqeyd olmayan 18-26 yaş arası gənc liderlər arasında iş, ünsiyyət və ideya mübadiləsi üçün platformadır. Dünya Skaut Konfransı Skaut hərəkatının "hesabat-seçki assambleyası” adlanan ali idarəedici orqanıdır və burada Dünya Skaut Təşkilatının bütün iştirakçı ölkələri təmsil olunurlar.
Şəymən