Rusiyanın Bakıdakı səfirliyi də hədəf alınıb

Hikmət Hacıyev: “Bütün lazımi tədbirlər görülür”
Asim Mollazadə: “Terrorçuların bütün təhlükələrindən özümüzü qorumalıyıq”


İŞİD terror qruplaşması Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun güllələnməsindən sonra bu ölkənin başqa yerlərdəki səfirliklərini də hədəf alıb. Terror qruplaşması Rusiyanın hansı ölkələrdəki səfirliklərinin hücumlara məruz qalacağına dair PDF formatında siyahı yayıb.

Siyahıda Rusiyanın Azərbaycandakı səfirliyi də yer alıb. Bununla belə İŞİD-in Rusiyanın Ankaradakı səfirinin güllələnməsinə görə, məsuliyyəti üzərinə götürdüyü barədə məlumat yoxdur.

Xatırladaq ki, Andrey Karlovun öldürülməsindən sonra Rusiyanın Bakıdakı səfirliyinin təhlükəsizliyi gücləndirilib. Vladimir Putin xüsusi xidmət orqanlarına səfirliklərin və diplomatların mühafizəsinin gücləndirilməsi üçün göstəriş verib.

İŞİD-in Rusiyanın Azərbaycandakı səfirliyini hədəf alması ilə bağlı "Sherg.az”a açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyib ki, Azərbaycan öz ərazisində fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini tam şəkildə təmin edir:

 "İŞİD-in bu planı mediada yayılan məlumatdır. Azərbaycan diplomatik münasibətlər haqqında Vyana Konvensiyasından çıxış edərək, ölkəmizdə fəaliyyət göstərən digər dövlətlərin səfirliklərinin və rəsmi nümayəndələrin təhlükəsizliyini təmin edir və bütün lazımi tədbirləri görür”. 

İŞİD-in təhdidi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən millət vəkili Asim Mollazadə bildirib ki, Türkiyədə baş verən hadisə bütün dünyanı terrorla ciddi mübarizəyə, gücləri səfərbər etməyə sövq edir: 

"İŞİD-in təhdidləri çox böyük və ciddi təhlükədir. Bu cür məlumatlara ciddi yanaşmaq və bütün zəruri addımları atmaq lazımdır. Əminəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları zəruri tədbirləri görür, vacib addımları atır. Azərbaycan çirkin terrorçu qruplaşmaların fəaliyyət göstərdiyi ərazilərə coğrafi olaraq yaxındır. Ona görə də terrorçuların bütün təhlükələrindən özümüzü qorumalıyıq”.

İsmayıl