"Dünya tarixində öz mənsub olduğu milləti aşağılayaraq, lənətləyərək, hətta öz xalqına qarşı səngərdə yer alıb, vuruşanlar çox olub. Dünya belə xəyanət səhnələri ilə doludur”.
Bunu "Sherg.az”a ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissorları isə Eldar Şengela və Fuad İbrahimbəyov olan "Qafqaz üçlüyü” filmində azərbaycanlıların mənfi obrazının yaradılmasından danışarkən millət vəkili Zahid Oruc söyləyib.
Onun sözlərinə görə, tarix sübut edir ki, satqınçılığın "mükafatı” xalqına xəyanət edən şəxslərin öz başına sıxılan güllələrdən ibarət olur:
"Öz ata-babasına qarşı çevrilmək, öz vətəni əleyhinə döyüşmək yaxşı hal sayıla bilməz. Rüstəm İbrahimbəyov uzun illər ərzində Bakı təfəkkürü məfhumu ilə Sovet dövründə milli respublikaları sındıran, onların əvəzinə ari irqin daşıyıcısı kimi özünü aparmaq istəyirdi. Bunu 90-cı illərdə dilə gətirirdi. Dəfələrlə söyləyirdi ki, Bakıdan ermənilər, ruslar, yəhudilər çıxıb gedəndən sonra bura həbsxananı xatırladır. SSRİ dönəmində çəkdiyi filmlərə görə, Heydər Əliyev ona yüksək dəyər verirdi. Prezident İlham Əliyev də həmin dəyəri davam etdirərək, Azərbaycanın qələm adamlarını, yazıçılarını, beynəlxalq məkanda tanınan isimlərini dövlət mənafeyi üçün birləşdirməyə çalışır. Bəzi şəxslərin isə bu qiymətin əvəzini nə ilə qaytardığı hər kəsə bəllidir.
2013-cü ildə Rüstəm İbrahimbəyov özü səhranın bəyaz günəşinin qəhrəmanına çevrilərək, kənardan gəmilər, toplar, tüfənglərlə gəlib, prezidentliyə iddia edirdi. Əgər Azərbaycan xalqı R. İbrahimbəyovun gözündə ermənilərdən də aşağıdırsa, niyə bu xalqın prezidenti olmaq istəyirdi? Üstəlik, o vaxt yaradılan Milli Şuranın üzvləri Rüstəm İbrahimbəyovun təhqirləri fonunda niyə səslərini çıxarmırlar? Sosial şəbəkə üzərindən hər gün canlı yayımlar edir, məlumat paylaşırlar. Əli Kərimli Rüstəm İbrahimbəyovun bu antimilli davranışı qarşısında niyə tənqidlər səsləndirmədi?”
Zahid Oruc söyləyib ki, R.İbrahimbəyov kimi adamların nə qədər böyük dünya şöhrəti olsa da onlardan imtina etmək lazımdır:
"Belə "aristokratlar” daim mən bu millətdən deyiləm şüuru ilə yaşayırlar. Onların heç zaman mənsub olduqları millətlərə xeyri olmur. Heç vaxt qanı erməni olan adamlardan qorxmayın. Bu, narahatlıq doğura bilməz. Çünki bütün hallarda onların törədə biləcəkləri əməllər gözləniləndir. Mənəviyyat ermənisi isə tamam fərqli fenomendir, fərqli hibriddir. Soyadı bizə doğma gəlsə də, daxili, dünya görüşü və mənəviyyatı tamamilə yaddır. Ermənilərin içərisində elə adamlar var, Qarabağın Azərbaycana məxsus olduğunu deyirlər. Mənim nəzərimdə o, bizim vətəndaşdır. Amma elə insanlar var, ikili pasportları olduğu kimi ikili mənəviyyatları var.
Yekun olaraq, bir kəlmə deyəcəyəm. Hələ mən anasının "çirkinliyindən” danışıb, özü gözəl görünən şəxs tanımamışam”.
Qeyd edək ki, 2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, gücllü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi "vəhşi azərbaycanlıların” "dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir.
Aysel Aslan