“Rüşvət almayan məktəb direktoru tanımıram” - SƏRT AÇIQLAMA + Video

Xəbər verdiyimiz kimi, bir müddət öncə, Bakının Nizami rayonundakı 109 nömrəli məktəbdə 5-ci şagird Fatimə Əliyeva intihara cəhd edib.
Şagirdin atası Şamxal Əliyev 109 nömrəli məktəbə gedərək müəllimləri ittiham edib. Şamxal Əliyev müəllimlərə yaxınlaşaraq bunları bildirib:
"Qızımın intiharında günahkar sizsiniz".
Daha sonra ata direktorun otağına gedib. Lakin direktoru otağında görməyən qəzəbli ata onun qorxub qaçdığını söyləyib.
Ata açıqlamasında bildirib ki, həmin günü qızının vəziyyəti yaxşı olmayıb:
"O müəlliməsinə yaxınlaşıb bildirib ki, icazə verin anama zəng edim. Müəllim qızıma deyib ki, aktyorluq etmə. Get dərsində otur. Uşaq məktəbdən çıxanda yoldaşlarına deyib ki, özümü öldürəcəyəm. Dərsdən evə gəlib saat 2-də dərmanları içib. Biz onu axşam 8-də tapdıq. Mənə dəfələrlə direktor tərəfindən rüşvət təklif olunub. Məni dövlət orqanları ilə qorxudurlar. Hər şeyi valideynlərin üzərinə atırlar. İmtahan üçün rüşvət istəyirlər. Qızımın geyiminə, saçına ilişirdilər”.
Baş verənləri "Sherg.az” dəyərləndirən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu deyib ki, şagirdin intiharında günah yalnız məktəb direktoru və müəllimlərin deyil, həm də bütövlükdə cəmiyyətindir:
"Hər hansı bir hadisə baş verirsə, bunda cəmiyyətin də payı var. Valideynin "direktor rüşvət alır” deməsi elə-belə deyil. Elə bir məktəb direktoru tanımıram ki, o rüşvət almasın. Mənə hansısa direktorun adını desələr, bilərəm ki, o rüşvət alır ya yox. Tanıdığım direktorların hamısı rüşvət alıb. Özü də bu rüşvəti adi qaydada yox, hədə-qorxu, şagirdi sıxma-boğmaya salmaqla alırlar. Məktəblərimizdə rüşvət sanki bir adət şəklini alıb”.
Ekspert bildirib ki, məktəblərdə rüşvəti təşkil edən Təhsil Nazirliyi yox, icra başçılarıdır:
"İcra başçıları ilə əlaqədə olan məktəb direktorları və təhsil şöbə müdirləri rüşvətlərin yığılmasını tələb edirlər. Tam əminliklə deyə bilərəm ki, Təhsil Nazirliyi bu işə girişə bilmir. Ona görə də məktəblərimiz bu vəziyyətə düşüb. Bütün bu hadisələr korrupsiyanın nəticələridir. Korrupsiya olan yerdə heç vaxt nizam-intizam olmaz.
Artıq neçə illərdir ki, bu mövzular müzakirə edilir. Təhsil sahəsində müəyyən islahatlar olmadan problemin qarşısını almaq mümkün deyil. Təhsil islahatı isə dövlət başçısının siyasi iradəsinə bağlıdır. Bu bir-iki günün işi deyil. Azərbaycanda ictimai-siyasi mühit dəyişsə də, məktəblərdə olan bu sindrom bir müddət yaşanacaq. Məktəblərdıki ləkə hələ uzun müddət qalacaq”.
Yeganə Bayramova