Sabirdən müsahibə alan yeganə jurnalist...
Salman Mümtazın jurnalist və publisistlik fəaliyyəti böyük bir tarixdir
Azərbaycan Xalq Cümhuriyyəti illərində dövri mətbuatda məqalələri ilə çıxış edən dəyərli ziyalılarımızdan biri də Salman Mümtaz olub. Salman Mümtazın Azərbaycan ədəbiyyatının, folklorumuzun araşdırılmasında misilsiz xidmətləri danılmazdır.
Məlumdur ki, böyük tədqiqatçı-alim Azərbaycan ağız ədəbiyyatının toplanması və tədqiq edilməsi ilə bağlı komissiya da yaratmış və özü bu komissiyaya sədrlik etmişdir.
Lakin bu dəfə biz Salman Mümtazın jurnalist və publisistlik fəaliyyətindən söz açacağıq.
Bu azman insanın həyat və yaradıcılığını araşdırarkən qarşımıza çox maraqlı bir fakt çıxdı. Professor Şirməmməd Hüseynovun təqdimatında Salman Mümtazın dahi şairimiz Mirzə Ələkbər Sabirdən müsahibə alan ilk və sonuncu jurnalist olması ilə bağlı məqalə ilə rastlaşdıq.
Mətbuat tariximizin dəyərli araşdırmaçısı, müəllimimiz Şirməmməd Hüseynov bu barədə yazır:
"Böyük şairlə ünsiyyətdə olan, onun yaradıcılığına və şəxsiyyətinə məftun olanlardan biri də görkəmli tədqiqatçı-ədəbiyyatşünas, jurnalist və publisist Salman Mümtazdır. Onun "Sabir haqqında xatirələrində biz bunu bariz şəkildə görürük. Həm də məlum olur ki, S.Mümtaz M.Ə.Sabirdən müsahibə alan ilk və yeganə jurnalistdir. Əhvalatı o belə təsvir edir: "1910-cu ilin iyun ayında mən Bakıya gəlmişdim və Bakıdan da Tiflisə gedəcəkdim. Burada təsadüfi olaraq ikinci dəfə Sabirlə görüşə bildim. Bu da Aşqabaddan 1893-cü ildə ilk dəfə Sabirlə görüşdüyümüz tarixdən 17 il sonra idi...”
Jurnalist Salman Mümtaz
1910-cu ilin iyununda M.Ə.Sabir Haşımbəy Vəzirovun gündəlik "Səda” (1909-1911) qəzetində korrektor (müsəhhih) işləyir və "İslamiyyə” mehmanxanasında qalırdı. Əvvəlcə "Metropol” mehmanxanasına düşən S.Mümtaz Sabirlə görüşdükdən sonra onun qaldığı mehmanxanaya köçür.
S.Mümtaz yazır: "... Sabiri öz nömrəmə gətirdim və qalmağı təklif etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək "məni atıb-tutur”, - dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi "ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm” - deyərək yatdı... Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi və bazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu”.
Qeyd edim ki, M.Ə.Sabirdən ilk müsahibə alanda S.Mümtazın 27 yaşı, şairin isə bu vaxt 48 yaşı vardı. 1911-ci ildə M.Ə.Sabir dünyasını dəyişəndə onun yaradıcılığına və şəxsiyyətinə vurğun olan S.Mümtaz "Böyük Sabirə” adlı şeirini yazmış və dərc etdirmişdi. Bu barədə tədqiqatçılar A.Zamanov və R.Tağıyev ətraflı yazmışlar”.
Qeyd edək ki, bu müsahibə, professor Şirməmməd Hüseynov tərəfindən 20 aprel 2002-ci ildə "Günay” qəzetində dərc edilib.
Sual: - Sizin ilk təxəllüsünüz olan "Hop-hop” sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmisiniz?
Cavab: - Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdir. Hop-hop quş adıdır. Bu quşun bu addan başqa el arasında yenə bir neçə adı vardır ki, Fatmabacı, bu-bbu, op-op və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə "Fatmabacı” deyə xitab etmək üçün bu adı intixab etmişdir (seçmişdir). Mən də bunun əvəzində onun təxəllüsünü "Qızdırmalı” qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.
Sual: - Nə səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?
Cavab: - Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.
Sual: - Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?
Cavab: - Başda o böyükdür, yaşda mən.
Sual: - Səhhət dərin savadlıdırmı?
Cavab: - Mən onun şagirdiyəm, o mənə ustaddır.
Sual: - Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?
Cavab: - Ziya Paşa ilə Namiq Kamal bəyi.
Sual: - Tofiq Fikrəti bəyənirsiniz, düzdürmü?
Cavab: - Siz, Osmanlı şairlərini soruşdunuz, mən də fikrimi dedim. Fikrət ərəb şairidir (M.Ə.Sabir T.Fikrətin əsərlərində ərəb sözlərinin çox işlədildiyini yəqin ki, nəzərdə tuturdu - red.).
Bu adda türk şairi yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız. Yaxşısını o bilər (M.Hadinin də şeirlərində fars və ərəb sözləri çoxdur, Sabir ona da işarə edirdi” - red.).
Sual: - "Molla Nəsrəddin” məcmuəsinin 18-ci nömrəsindəki "Gözəlim” ünvanlı şeirinizin 3-cü və 5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və hikməti nədir?
Cavab: - Hikməti və səbəbi mürgüləməkdir. Mən gecələr "Səda” qəzetində ("Səda” 1909-1911 -ci illərdə N.Vəzirovun nəşr etdiyi gündəlik qəzet idi. -Ş.H.) korrektorluq edirəm. İdarə xüsusi teleqramlar almır. O qədər gözləyir ki, "Kaspi”, "Həqiqət” və sair qəzetlər çap olub çıxır. Onlar çıxandan sonra teleqramlar tərcümə olunur, düzülür, basılır, mən də korrekturasına baxıram, mən o şeiri Haşım bəyin mətbəəsində gecə yarısı yazmışam və yazarkən mürgüləyib sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da mabədini yazmışam. Şeir təb olub gələndən sonra səhvini başa düşmüşəm ki, bu da çox gec idi.
Sual: - Mətbu şeirlərinizin hansını çox bəyənirsiniz?
Cavab: - Heç birini. Bəyəniləsi şeirləri sonralar yazacağam.
Sual: - Sonra nə vaxt?
Cavab: - Mürgüləməyəndə.
Sual: - Nə üçün şeirlərinizi heca vəznində deyil, əruz bəhrində yazırsınız və şeirin əski formalarını, şəkillərini şiddətli surətdə mühafizə edirsiniz?
Cavab: - Bu çox mühüm məsələdir. Görüm öz fikrimi deyə biləcəyəmmi. Məncə, yeni fikirləri və yeni mövzuları mütləq əski formada və əruz bəhrlərində vermək və yazmaq lazım, həm də vacibdir. Bunları birdən-birə dəyişib oxucunu ədəbiyyatdan yadırğatmaq və soyutmaq olmaz. İri-iri toplar ilə hücuma keçən düşmənin qabağına sədəf dəstəli və qızıl suyu ilə yazılı gümüşü xəncər ilə çıxmaq ağılsızlıqdır. Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır.
Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o nə desə, xalq ona baxsın və nə yazsa el oxusun. Bu hökmranlıq da yalnız elin ruhunu bilməklə və tələblərini ödəməklə olar. Elin halına yanmayıb güclə hökmranlıq edənlər "dostum” Əbdülhəmid və Məmmədəlinin gününə düşərlər...”
Salman Mümtaza verdiyi müsahibəsində M.Ə.Sabir şeir, Şərq ədəbiyyatı, əruz vəzni, klassiklər, musiqi, muğam haqqında qızıl fikirlərini ərz edib. Salman Mümtazın bir əsr öncə aldığı müsahibə canlılığı, konkretliyi, müsahibi ilə danışıq tərzi bu günün jurnalistlərinə böyük örnəkdir.
"Molla Nəsrəddin”çi Salman Mümtaz
S.Mümtaz pərən-pərən düşmüş mənəvi dünyamızı bütövləşdirmək, bir araya gətirmək üçün bütün ömrünü fəda verdi, sonda isə bu parlaq əməllərin əvəzini öz canı ilə "ödədi”. "Lent.az”da yer almış məqalədə bu barədə danışılır. Qeyd edilir ki, Salman Mümtazın həyatında dönüş nöqtəsi 9 yaşında - Mirzə Ələkbər Sabirlə görüşündən sonra başlayıb. Bu görüşdən sonra onun ədəbiyyata sonsuz sevgisi yarandı. Əslində sevgi var idi, sadəcə Sabirlə görüş bu sevgini alovlandırmış, üzə çıxarmışdı. Onun həyatında ikinci ciddi dönüş Aşqabada da gəlib çıxan "Molla Nəsrəddin” jurnalı ilə tanışlıqdan sonra başlayır və S.Mümtaz tezliklə jurnalın fəal əməkdaşına çevrilir. Jurnala fəal əməkdaşlığına səbəb həm də Mirzə Ələkbər Sabirlə görüşü idi. Salman Mümtaz həm də böyük şairin tövsiyəsi ilə "Molla Nəsrəddin”ə məqalələr yazmağa başlayıb.
"İqbal” qəzeti 1913-cü ildə yazırdı ki, Salman Əsgərov cənabları ... millətimizin nöqsanlarını göstərir, nicatına yol göstərməkdə qələmiylə xidmət edir”.
1913-cü ildə Salman Mümtaz "Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı” adlı ilk kitabını Tiflisdə Mirzə Cəlilin "Qeyrət” mətbəəsində çap edir və 3 ay bu şəhərdə qalır. Abbas Səhhətlə tanış olur, onun ədəbiyyat bilgiləri dövrünün ən böyük ziyalılarından olan Abbas Səhhəti xeyli təəccübləndirir. İki il öncə dünyasını dəyişmiş Sabirin "Hophopnamə”sini buraxmaq üçün xeyli maddi yardım göstərir.
S.Mümtazın Mirzə Cəlillə dostluğunun tarixi də ilk kitabının nəşri vaxtına təsadüf edir. "Molla Nəsrəddin”in nəşrinə xeyli köməklik göstərir. Sonralar "Ölülər” əsərinin Aşqabadda səhnələşdirilməsi üçün çox çalışsa da, hökumət bu işə əngəl törədir.
Tacir Salman Əsgərzadə (O, Aşqabadda belə tanınırdı. Mümtaz onun təxəllüsüdür və mənası fərqlənən, seçilən deməkdir) Azərbaycan Demokratik Respublikası qurulan kimi anasını da götürüb Aşqabaddan Bakıya köçüb. ADR üçün canını verməyə hazır idi. Çünki müstəqilliyin necə böyük sərvət olduğunu anlayan çox ciddi ziyalılardan biri idi artıq.
Onun Nuru paşa və Ənvər paşaya həsr etdiyi şeirlər də çox maraqlıdır. Bildiyiniz kimi, o vaxt Nuru paşanın rəhbərliyi ilə türk əsgərləri Azərbaycanın xilası üçün Gəncəyə gəlmişdilər. Salman Mümtaz Şəkidə Nuru paşa ilə görüşüb ona həsr etdiyi "Öyün, vətən” qəzəlini söyləyib...
Ənvər paşaya həsr etdiyi "Ənvəriyyə” müxəmməsi də kamil şeir nümunəsi hesab edilir.
Salman Mümtaz ADR dövründə mütəmadi olaraq araşdırma-məqalələri ilə mətbuatda çıxış edib. Böyük bəstəkar və mütəfəkkir Üzeyir Hacıbəyli ilə yaxından dostluğu onu yazıb yaratmağa və nəşr olunmağa həvəsləndirirdi. Xüsusən "Azərbaycan” qəzetində çap olunmağı özü üçün böyük şərəf sayırdı. Salman Mümtaz həqiqətən də cümhuriyyət illərində qələmi ilə millətə nicat yolu göstərən görkəmli publisistlərdən idi.
Məlahət Rzayeva