Sarkisyan rejimi növbəti tamaşaya imza atdı
Ermənistan dünyanın gözü qarşısında biabırçı seçki keçirdi
Ermənistanda aprelin 2-də keçirilən parlament seçkiləri düşmən ölkədə cərəyan edən özbaşınalığı və rüsvayçılığı bir daha bütün dünyaya göstərdi. İstər müxalifət nümayəndələri, istər erməni mətbuatı, istərsə də bir sıra beynəlxalq müşahidə missiyaları seçkilərdə baş verən çoxsaylı qanun pozuntularını dünyaya çatdırdılar.
Seçkilərin nəticəsi olaraq Ermənistan parlamentində yalnız hakim Respublika və Daşnaksutyun partiyaları təmsil olunmaq hüququ qazandılar. Hakim Sarkisyan rejimi növbəti tamaşaya imza ataraq sadəcə 50 faiz seçicinin iştirak etdiyi və total saxtakarlıqlarla müşahidə olunan seçkilərin "baş tutduğunu” iddia etdi. Seçkilər zamanı jurnalistlərin döyülməsi, qərargahlarda baş verən dava-dalaşlar, rüşvətlə səs verilməsi, hakim partiyanın namizədinə məxsus seçki qərargahında meyitin tapılması və s. olaylar Ermənistan reallığını tam çılpaqlığı ilə ortaya qoydu. Baş verən kütləvi seçki özbaşınalıqlarını və pozuntularını əks etdirən kifayət qədər videoçəkilişlər ictimailəşdi. Artıq seçkilərdə qeydə alınmış qanun pozuntuları faktı üzrə 6 cinayət işi açılıb, bir neçə nəfər həbs olunub.
"Seçkilərdə saxtakarlığın şahidi olduq”
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan da seçki məntəqələrində kütləvi saxtakarlıqların şahidi olduqlarını vurğulayıb: "Biz hakimiyyətə gəlmək və Ermənistandakı mövcud vəziyyəti dəyişmək istəyirik. Ermənistanın normal, demokratik ölkə olması, insanların özlərini insan kimi hiss etmələri üçün bu oliqarxiya idarəçiliyindən qurtulmalıyıq”. Sabiq baş nazir seçkilərin nəticələrinin obyektiv olacağına inanmadığını bildirib: "Səsvermənin başladığı erkən saatlardan məntəqələrdə qanun pozuntuları ilə bağlı məlumatlar daxil edilib. İnsanlar kütləvi şəkildə mikroavtobuslarla seçki məntəqələrinə daşınıb. Bununla bağlı əlimizdə video-görüntülər var, yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyik”. Xatırladaq ki, "Transparency İnternational” antikorrupsiya mərkəzi Ermənistanda keçirilən parlament seçkilərində ciddi qanun pozuntularının aşkarlanması ilə bağlı bəyanat verib. Mərkəzin proqram rəhbəri Varujan Oktanyan seçkilərdə inzibati resurslardan sui-istifadə monitorinqinin nəticələrini açıqlayarkən deyib ki, seçkidən əvvəl seçici səslərinin satın alınması və ya rüşvət verilməsi ilə bağlı 200-dən çox fakt qeydə alınıb.
Ermənistansayağı "demokratiya” - jurnalist döyüldü...
"Azatutyun” radiosunun jurnalisti Sisak Qabrielyan seçki günü İrəvanın Kond meydanında hücuma məruz qalıb. Müxbir görüb ki, seçicilər səs vermək üçün məntəqələrə getməzdən öncə hakim partiyanın namizədi Akob Beqlaryanın qərargahına girirlər. Qərargahdan çıxan bəzi seçicilərin əlində pul olması jurnalistin diqqətini çəkib. İçəridə nə baş verdiyini aydınlaşdırmaq istəyən Sisak Qabrielyan da qərargaha daxil olub. Ancaq oradakı şəxslər jurnalisti gördükdə rüşvət faktını gizlədərək, guya "əməkhaqqı” payladıqlarını bildiriblər. Daha sonra bir qrup şəxs müxbirə hücum edərək onun telefonunu əlindən alıb. Qarşıdurmada jurnalistin gözünə ciddi xəsarət yetirilib.
"Seçkilər biabırçı pozuntularla keçirilib”
"Elk” siyasi blokunun üzvü Aram Sarkisyan "exit-poll”un nəticələrini tanımadığını deyib. Onun sözlərinə görə, həmin nəticələr çox erkən məlumatlara əsaslanır: "Biz əminik ki, "exit-poll”un təqdim etdiyindən daha çox səs toplamışıq. Müəyyən etmişik ki, seçkilər biabırçı pozuntularla, seçicilərə rüşvətin paylanması ilə keçirilib. Lakin baş verənləri qiymətləndirmək üçün hələ tələsmirik”. Parlament seçkilərində "Azad demokratlar” partiyasından namizədliyini irəli sürmüş Stepan Safaryan da deyib ki, seçkilər əvvəlki marafonlardan keyfiyyət baxımından heç nə ilə fərqlənmədi: "Bu, pul seçkisi idi. Hamınız bunun şahidi oldunuz. Xalq pulu seçərək səs verdi. Biz "exit-poll”un nəticələrini tanımırıq və qəbul etmirik”.
Sarkisyana qarşı etirazlar gözlənilir
Seçkiqabağı baş verən proseslər, hakim partiyanı dəstəkləyənlərin müxalif qüvvələrə qarşı silahlı hücumları, müxalifətin fasiləsiz etiraz aksiyalarına çağırışları işğalçı ölkədə gərginliyin daha da artacağından xəbər verir. Xüsusən, seçkidə müşahidə olunan ciddi saxtakarlıqların növbəti etiraz dalğasına səbəb olacağı deyilir. Artıq "Əriklər ölkəsi” partiyası Ermənistanda və dünyada yaşayan erməniləri parlament seçkilərinin nəticələrini tanımamaqla bağlı aksiyalara çağırıb.
"Ermənistanda seçkilərin saxtalaşdırılacağı əvvəlcədən məlum idi”
Ermənistandakı seçkinin nəticələrini şərh edən millət vəkili Elman Məmmədov deyib ki, Ermənistanda keçirilən seçkilərin saxtalaşdırılacağı əvvəlcədən məlum idi: "Düşmən ölkədə keçirilən seçkilərdəki saxtakarlığı orada olan beynəlxalq təşkilatların nümayəndələri də gördülər və bununla bağlı bəyanatlar yayırlar. Ermənistandakı cinayətkar rejim artıq xalqı aldada bilmir. Orada böyük etirazçı kütlə yaranıb. Ermənistanda hərbi canilərin hakimiyyətinə son qoymaq üçün böyük etiraz dalğası başlayacaq. Onsuz da düşmən ölkə hər cəhətdən iflasa uğraya-uğraya gedir. Orada Sarkisyan rejiminin sonu yaxınlaşıb”.
"Seçkilərin saxtalaşdırılması Sarkisyan tərəfindən hazırlanmışdı”
Politoloq Fikrət Sadıqov da bildirib ki, Ermənistanda keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı ssenari Sarkisyan tərəfindən əvvəlcədən hazırlanmışdı:
"Biz son zamanlar Sarkisyanın hansı ölkələrə gedib, kimlərdən dəstək istədiyini yaxşı bilirik. Bu baxımdan ötən gün keçirilən seçkilərdə onun partiyası düşünülmüş şəkildə üstünlük qazandı”. Ekspertin sözlərinə görə, Ermənistan parlamentinə başqa qüvvələrin daxil olması mümkün deyildi: "Çünki onların düşüncələri, siyasi addımları rəsmi İrəvana zidd addım ola bilərdi. Digər tərəfdən biz Ermənistanda keçirilən seçkilərdə kütləvi şəkildə saxtalaşmanı da gördük. Bunu müşahidəçilər də açıq şəkildə bəyan etdilər. Beləliklə Sarkisyanın ssenarisi, saxtalaşma, xarici dəstək hazırkı nəticələrə gətirib çıxartdı. Düşünürəm ki, Sarkisyan bütün administrativ resurslardan, güc strukturlarından istifadə edərək istədiyi nəticəni əldə etmiş oldu”. Ermənistanda 2008-ci ildə də seçkilərin saxtalaşdırıldığını xatırladan politoloq Sadıqov söyləyib ki, eyni məntiq bu seçkilərdə də tətbiq edilib: "2008-ci ilin prezident seçkilərində bir çox insan həbs edilərək, onlara işgəncə verilib, nümayişlər zamanı bir neçə insan belə həlak olub. Düzdür, bu məsələ Avropa Şurasında müzakirə olunub, lakin təəssüf ki, bununla bağlı heç bir qərar çıxarılmayıb”. Politoloq əlavə edib ki, bundan sonra Ermənistanda etirazlar daha da arta bilər: "Nəticələrlə razılaşmayan qüvvələrin az olmadığını nəzərə alsaq, düşmən ölkədə siyasi mübarizədə gərginliyin olacağı istisna edilmir. Bu gərginlik nəticələrə güclü şəkildə təsir etməsə də, bütün məsələlərin Sarkisyanın ssenarisi əsasında gedəcəyi anlamına da gəlmir. Ermənistandakı məqamların hansı istiqamətdə gedəcəyi yaxın zamanlarda aydınlaşacaq”.
İsmayıl