Fərhad Eyyubov: "İnsanlar yol nəqliyyat qaydalarına əməl etməli olsa da, struktur imkan vermədikdə məcbur olub qaydaları pozacaqlar"
"Səkilərdə piyadaların hərəkəti təmin olunmalıdır, kafelər açılmamalıdır”.
Bunu Sherg.az-a piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə kafelərin yaradılması ilə bağlı danışarkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
O bildirib ki, bəzi yerlərdə səkilərdə hərəkət məhdudlaşdırıldığı üçün piyadalar məcbur olub, yolun hərəkət hissəsindən keçir:
"Şəhərsalma qaydalarına görə, yolların salınmasının müəyyən qaydaları var. Həmin yollar hərəkət hissəsinə və piyadalar üçün ayrılan hissəyə bölünür. Bəzi yerlərdə səkilər olmadığından sakinlər yolun hərəkət hissəsinə keçir. Belə yerlərdə təhlükəsizlik məsələlərini müəyyən qaydalarla nizamlamaq olur. Amma bütün hallarda piyadaların hərəkətinə mane olunmamalı və onlara təhlükə yaradılmamalıdır.
Xarici ölkələrdə kafe açanlar, obyekt işçiləri elə şəkildə bunu təşkil edirlər ki, heç bir maneçilik yaranmasın. Paytaxta indi xarici turistlər çox gəlir. Onların dincəlməsi üçün, qəlyanaltı etməsi üçün rahat kafelər olmalıdır. Amma piyadaların hərəkətinə mane olmamaq şərti ilə. Ona görə, birmənalı şəkildə piyadalar üçün nəzərdə tutulan səkilərdə sakinlərə mane törədən fəaliyyətlə məşğul olunması qadağandır”.
İyaişə obyektləri tikilərkən inzibati qaydalara uyğun həyata keçirildiyini deyən F. Eyyubovun sözlərinə görə, bu yol nəqliyyat mədəniyyətinin bir hissəsidir:"Proses mənəvi və maddi tərəfə bölünür. Mənəvi tərəfi odur ki, insanlar qaydalara əməl edir. Maddi göstəricilər isə infrastrukturun əlverişli olmasıdır. Bunlar birləşdikdə yol nəqliyyat mədəniyyəti əmələ gətirir. İnsanlar yol nəqliyyat qaydalarına əməl etməli olsa da, struktur imkan vermədikdə məcbur olub qaydaları pozacaqlar. Ona görə, piyadalara rahat hərəkət etmək üçün şərait yaratmaq lazımdır.
Səkilərdə kafelərin qurulması məsələsinə ciddi nəzarət edilməlidir. Sözsüz ki, bu qanunla tənzimlənir və qaydalara əməl etməyənlər cərimələnir. Lakin bu cərimələr kifayət etmir. İctimai formada bir-birimizin qayğısına qalmalı, rahatlığa mane olmamalıyıq. Ona görə, kafelərin səkilərdə yaradılmasına haqq qazandırmıram. Sahibkarlar səkilərə özününkü kimi baxmamalıdır”.
Aysel Aslan