Əhməd Qəşəmoğlu: "Reklam sahəsində dövlət atributlarından, məxsusi olaraq bayraqdan istifadə olunması düzgün deyil"Mirmahmud Mirəlioğlu: "Heç bir boya, biznes bizim bayrağımızdan üstün ola bilməz"
"Sobsan” boya istehsalçısının dövlət rəmzlərimizdən istifadə edərək çəkdiyi reklam sosial şəbəkələrdə tənqid obyektinə çevrilib. Bu istehsalçının dövlətin ən başlıca atributu hesab olunan Azərbaycan bayrağı ilə özünü reklam etməsi və reklam çarxında Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvinin də adının hallandırlması cəmiyyətdə qəzəb yaradıb.
Şəbəkə istifadəçiləri və eləcə də ictimaiyyət nümayəndələri piar məsələsində dövlət atributlarından və böyük ədiblərdən istifadə edilməsinin etik normalara və dövlətçilik ənənələrinə zidd olduğunu qeyd ediblər.
Məlum reklam çarxına etirazını ifadə edən professor, sosioloq Əhməd Qəşəmoğlu da "Sherg.az"-a açıqlamasında vurğulayıb ki, reklam sahəsində dövlət atributlarından, məxsusi olaraq bayraqdan istifadə olunması düzgün deyil.
İnkişaf etmiş dövlətlərdə dövlət atributlarının reklamlara çəkilməsinin qadağan olduğunu deyən Ə.Qəşəmoğlu qeyri-hökumət təşkilatlarını və sahibkarları belə məsələdə diqqətli olmağa çağırıb:
"Qanunvericiliyi axtarsaq, bizdə də belə reklamlar yolverilməzdir. Buna baxmayaraq ölkəmizdə səhlənkarlıq baş alıb gedir. Hətta dövlət rəmzlərini deyil, müəllif hüquqlarını pozaraq xalq şairlərimizin dəyərli şeirlərindən də istifadə edirlər. Belə məsələlərə qarşı cəzalandırma həyata keçirilməli və qanunvericilikdə konkret təsbit olunmalıdır.
Səməd Vurğunun "El bilir ki, sən mənimsən, Yurdum, yuvam məskənimsən” misraları az qala dövlət himninə bərabər olan sözlərdir. Belə dəyərli misraları təhrif edib, reklam hazırlamaq ciddi pozuntudur.
"Sobsan” boyalarının hazırladığı reklam hazırda bütün telekanallarda yayımlanır. Belə reklamların qarşısı alınmalıdır. İstər dövlət rəmzlərini, istərsə də milli-mənəvi sərvətlərimizi marketinq maraqları ilə bağlı sui-istifadə etmək olmaz”.
Milli Azadlıq Hərəkatının öncüllərindən olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə reklam sahəsi ilə məşğul olan qurumların bunu diqqətdə saxlamalı olduğunu deyib. O söyləyib ki, bu, tək dəyərlərimizə, dövlət atributlarına sataşmaq deyil, həm də o reklamı hazırlayanların savadsızlığının göstəricisidir:Yalnız"Sobsan” boyalarının çəkdiyi reklam deyil, çox sahibkarlıq müəssisələrində belə savadsız səhvlərə yol verirlər. Məsələn, bütün şadlıq saraylarında, sarayın adı ortada yazılır və bununla da söz sırası pozulur. Bu, Azərbaycan dilinin bütün ədəbi qaydalarına ziyan olan məsələdir.
Heç bir boya, biznes bizim dəyərlərimizdən üstün ola bilməz. Ola bilər, bundan sonra həmin reklama görə, şirkəti boykot edib, məhsullarına qadağa qoyarıq. Ola bilər, sosial şəbəkələrdə, mətbuatda fikir formalaşsın ki, "Sobsan” boyalarını alan anti-millətçidir, dövlətin və millətin əleyhinədir. Bu zaman şirkətin bazarı bağlanacaq. Belə hallar baş verməsin deyə, yaxşı olar ki, istehsalçının özü bunu düşünsün”.
M. Mirəlioğlunun fikrincə, bəzi biznes adamları "pul hər şeydən üstündür, filankəs də arxamızda durub, vəssalam” deyə düşünür:
"Biznesin arxasında kim durursa, bu cür piar onun da əleyhinədir.
"Çünki belə dövrdə millətin, dövlətin əleyhinə çıxmaq qəbulolunmazdır. Digər tərəfdən televiziyalar, elektron informasiya portalları belə qəbul edib, reklamı yayırsa, bu da onların savadsızlığıdır. Hansı kanal olursa olsun, buna diqqət etməlidir.
İstənilən şəxs bu istiqamətdə kampaniya aparıb, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Yəqin ki, aidiyyəti qurumlar məsələyə biganə qalmacaq".
Həmin reklam çarxını təqdim edirik:
Aysel Aslan, Ayyət Əhməd