Avropa ölkələri, Türkiyə və Azərbaycanın əməkdaşlığı ilə Xəzər dənizindən çıxarılan Azərbaycan qazının Avropa və Türkiyə bazarlarına daşınması üçün 2012-ci ildən TANAP layihəsinə start verilib. Dörd hissədən ibarət olacaq layihənin birinci hissəsinin bu gün Türkiyənin Əskişəhər ərazisində açlış mərasimi baş tutacaq. Açılış mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, TANAP vasitəsilə Azərbaycan təbii qazı Türkiyəyə, oradan da Avropaya nəql olunacaq. Cənub Qaz Dəhlizinin önəmli bir hissəsini təşkil edən TANAP-ın çəkilməsi ilə bağlı müqavilə 2012-ci ildə imzalanıb. Qaz boru kəmərinin təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə qoyulub.
İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
Azərbaycanın bir çox dövlətlərlə əməkdaşlıq etməsinə zəmin yaradacaq bu layilənin ölkəmiz üçün iqtisadi-siyasi əhəmiyyətindən söz açan Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban "Sherg.az"a bildirib ki, TANAP layihəsinin baş tutmasına illər öncə Azərbaycan təşəbbüs göstərib:
"Yəni Azərbaycan 2007-ci ildə bu layihəni başlanğıcını qoymaq istədi. Amma beş il müddətində Avropa ölkələri bu barədə heç bir addım atmadı. Nəhayət, 2012-ci ildə Avropa ölkələri TANAP-ın həyata keçməsinə səy göstərdi. Avropa ölkələri ilə yanaşı Türkiyə də layihənin içərisində yer aldı. Bütün bu dövlətlərin təşəbbüsü ilə TANAP layihəsi gündəmə gəldi və onun reallaşması həyat keçdi. "Cənub Qaz Dəhlizi" və TANAP vasitəsi ilə Azərbaycan qazı Avropa və Türkiyə bazarlarına çıxarılacaq. İndi "Cənub Qaz Dəhlizi"nin birinci hissəsi açılıb. TANAP-ın özündə Əskişəhərə qədər olan hissəsinin, yəni onun da birinci hissəsinin açılışı baş tutub. Beləliklə, Azərbaycan qazının Türkiyənin daxili qaz şəbəkəsinə qoşulmasına imkan yarandı. Bu layihələr vasitəsi ilə Xəzər dənizindən çıxarılan Azərbaycan qazı dünya bazarlarına axır. Əgər "Cənub Qaz Dəhlizi" lahiyəsi və TANAP layihələri baş tutmasaydı, Xəzər dənizinin dibində yataqlarda yerləşən bu qaz ehtiyatları orada da yatıb qalacaqdı.
Onda bu ehtiyatları kapitala çevirmək mümkün olmayacaqdı. Amma indi "Cənub Qaz Dəhlizi"ndən sonra TANAP layihəsinində həyata keçməsi çox yaxşı oldu. Bununla Xəzərin dibindən çıxarılan Azərbaycan qazı raharlıqla Türkiyə və Avropa bazarlarına çıxarılacaq. Bunun Azərbaycana iqtisadi təsirləri böyük olacaq. Ölkədə iqtisadi vəziyyət dəyişəcək. Əhalinin rifahı daha da yaxşılaşacaq. Ticari əlaqələr artacaq. Ölkə xərcləmələri artmaqla yeni layihələr baş tutacaq. Ölkələr arası iqtisadi əməkdaşlıq daha da güclənəcək. Cənab prezitent İlham Əliyevin vurğuladığı kimi TANAP layihəsi regionun iqtisadi xəritəsini dəyişdirməyə qadirdir".
Ekspert onu da diqqətə çatdırıb ki, TANAP Azərbaycana yalnız iqtisadi təsirlər göstərməyəcək həmçinin siyasi, mədəni təsirləri də olacaq:
"Azərbaycan bu layihə vasitəsi ilə Avropa ölkələri və Türkiyə kimi dövlətlərlə əməkdaşlıq edəcək. Get-gedə bu ölkələrin Azərbaycanla mədəni, siyasi əlaqələri güclənəcək. Həmçinin regionuların bir-biri ilə əlaqələri artacaq. Bu layihə Azərbaycana hələ bir çox uğur qazandıracaq. Təbii ki, bunların hamısı qısa müddətdə baş tutmayacaq. Bunların gerçəkləşməsi üçün bir az zaman lazım olacaq. Bütün bunlar həyata keçəndə isə Azərbaycan iqtisadi, siyasi və mədəni cəhətdən daha da güclü bir dövlət olacaq”.
Kənan Eynuroğlu