"Uşaqlarımızı lazım oldu olmadı qonşu toyuna, qohum nişanına aparmağa vaxt da tapırıq, imkan da. Amma ildə bir neçə dəfə onları teatra aparmağa gələndə buna maddi imkanımız çatmır"
"Teatra getməyən uşağın bir tərəfi mənən şikəstdir"
Qurban Məsimov: "Uşaq ruhunu ac saxlayırsa, gələcəkdə cəmiyyət üçün təhlükəlidir"
"Uşaqlarımızı lazım oldu olmadı qonşu toyuna, qohum nişanına aparmağa vaxt da tapırıq, imkan da. Amma ildə bir neçə dəfə onları teatra aparmağa gələndə buna maddi imkanımız çatmır"
"Uşaqlarımızı lazım oldu olmadı qonşu toyuna, qohum nişanına aparmağa vaxt da tapırıq, imkan da. Amma ildə bir neçə dəfə onları teatra aparmağa gələndə buna maddi imkanımız çatmır"
İnsanın mənəvi dünyasını dolduran məkanlardan biri də teatrdı, mədəniyyət və incəsənət məkanlarıdır.
Əməkdar artist Qurban Məsimovun da son günlər bu sahə ilə bağlı açıqlamaları müzakirələrə səbəb olub. Haqlı şəkildə uşaqlarımızın ruhunu ac saxladığımızdan gileylənən aktyor «Şərq»ə fikirlərini bölüşüb.
- Doğrudanmı aktyor sənətinə kişi sənəti kimi baxmırlar?
- Bütünlükdə deyə bilmərəm, amma bir çox insanlar üçün aktyor sənəti kişi sənəti deyil. Misal üçün, Bakının bəzi məhəllələrində əvvəllər aktyor sənətinə kişi sənəti kimi baxmırdılar. Ya da bölgələrimizdə artisti ciddi qəbul etmirdilər. Amma onu da deyim ki, əvvəllər yaxşı sənətkarlara dəyər də olub. Bizim məhəlləmizdə, mən yaşadığım küçədə aktyor sənətinə ciddi yanaşılmırdı. Hətta artist adına lağ edirdilər. Bir sözlə, bizə aktyor kimi yox, «artist» kimi baxırdılar. Bəlkə də mənim bu fikrim birmənalı qarşılanmaya bilər. Amma həqiqətən bundan ibarətdir.
- Tamaşaçı sizi əvvəllər daha çox televiziya layihəsində «Nəm-nəm» obrazı ilə tanıdılar. Baxmayaraq ki, üzünüz görünmürdü, səsinizlə tamaşaçı marağını özünüzə yönəldə bilmişdiz.
- Həqiqətən "Nəm-nəm” layihəsi uğurlu alınmışdı. Azərbaycanda ilk klounlardan biriyəm. Bu obraz mənim oynadığım kloun Appanın əlləri idi. Sonradan "Baksell"in reklam çarxına çəkildim, o da maraqla qarşılandı.
- Sonra səhv etmirəmsə, Mehman obrazı ilə tanındınız.
- Bəli, Mehman obrazı maraqla qarşılandı. Amma Mehman obrazı ilə yanaşı, ara-sıra bədii filmlərdə çəkildim.
Rusiyanın sifarişi ilə çəkilən "Qraf Kristovski” serialında Tahir obrazını oynadım. Bu, "Qraf Monto Kristo”nun müasir fərziyyəsi idi. Həmçinin üç İran filmində rol aldım. Sonuncusunun çəkilişlərində iki ay Məşhəddə yaşamalı oldum. Bildiyimə görə, həmin film bir sıra ölkələrdə, həmçinin İran Mədəniyyət Günləri çərçivəsində İndoneziyada nümayiş olunub. Bu filmin senarisi mənə görə yazılmışdı, obrazımın adı da Qurban idi.
- Bəzi aktyorların potensialını rejissorlar zamanında görə bilmir. Sizcə, rejissorlar gəncliyinizdən yetərincə istifadə ediblər, ya elə rollar var ki, bu gün də arzusundasız?
- Ümumiyyətlə, son illər xüsusilə bu barədə düşünmürəm. Qırx yaşım, 50 yaşım olsa da iyirmi yaşlı insanın plastikasını bədənimə uyğunlaşdırıram. Lazım olanda on-iyirmi il gəncləşə, yaxud yaşlana bilirəm. Bu da aldığım təlimdən irəli gəlir. Pantomima aktyoru olduğumdan bilirəm ki, hər yaşın, hər obrazın öz plastikası var.
- Aktyor bu qədər çətinliklərə, həyatınızdakı bu qədər qayğılara və sosial problemlərə baxmayaraq içindəki yaradıcılıq eşqini nə cür qoruyub-saxlaya bilər?
- İlk növbədə sənətə, səhnəyə olan sevgi önəm daşıyır. Sən səhnəni sevməsən, onun çətinliklərini qaldırmağa gücün yetməz. Bir də Pantomima Teatrında çalışmaq mənim sənətdəki ən böyük uğurlarımdan olub. Ora ayrıca bir teatr məktəbi idi. Bəxtiyar Xanızadənin bizə verdiyi istiqamətin nəticəsiydi ki, biz o yaradıcılığı saxlayırıq.
Biz o vaxt əsas ideyanı üstün tuturduq ki, olmayan bir şeyi yaradaq. İndiki gənclər də bazar iqtisadiyyatının qaydalarına və sosial mühitin tələblərinə uyğun olaraq hərəkət edirlər.
Əgər onun müraciət elədiyi teatrda maddi təminat varsa orda qalır, yoxdursa, o, maddi təminat olan tərəfə üz tutur. Əgər reklam dizayneri işində onun maddi təminatı bərpa olunursa, içərisindəki yaradıcı adamı öldürür və gedir o istiqamətə. Bura olan enerjisini ora sərf edir. Orda da uğur qazanacaq, əgər məşğul olduğu iş yaradıcı işdirsə. Amma deyilsə, içərisindəki o yaradıcı adamın yerini bir kədər, biz hüzn qapayır
.
- Siz eyni zamanda rəssamlıqla məşğul olursuz. Rejissorluq fakültəsini bitirmisiz, aktyor kimi isə fəaliyyətiniz davam edir.
- Bu da Allahın verdiyi bir istedaddı yəqin. Bacardığım üçün hərdən üçündən də istifadə etməyə çalışıram. Hamısı nəticədə özünü ifadə vasitələridir.
- Bəzən uşaqlarımızı teatra aparmayanda yaxşı bəhanə tapırıq. İmkan yoxdu…
- Bilirsiz, bizim millətin özünə aid dəyərləri var. Amma çox təəssüf edirəm ki, bəzən biz elə o milli mentallara sığınıb lazım olanları edə bilmirik, ya da etmirik. Uşaqların tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında teatrın, muzeylərin və bu kimi digər məkanların rolu olsa da biz buna önəm vermirik. Bunu vacib saymırıq.
Uşaqlarımızı lazım oldu olmadı qonşu toyuna, qohum nişanına aparmağa vaxt da tapırıq, imkan da. Amma ildə bir neçə dəfə onları teatra aparmağa gələndə buna maddi imkanımız çatmır. Bəhanəmiz olur ki, problem çoxdu, imkan yoxdu.
Bilirsiz, uşaqların tərbiyəsində əminliklə deyə bilərəm ki, teatrın rolu var. Mən bunu hər dəfə qeyd edirəm ki, teatra getməyən uşağın bir tərəfi mənən şikəstdi. Onun əskiyi qalır. İnanın, bunu psixoloqlarla da danışsaz, onlar da təsdiqləyər. Uşaq ruhunu ac saxlayırsa, gələcəkdə cəmiyyət üçün təhlükəlidir. İnsanların ali məqsədi maddiyyat və sağlamlığını qaydada saxlamaqdır. Bütün problemlərin həlli ruhumuzun şad olmağına xidmət edir. Nəyi əldə etmək istəyiriksə, ruhumuzun rahatlığı üçündür.
Tahirə