Minlərlə şagirdimiz ali məktəbə daxil olub, amma təhsil və kirayə haqqı kimi maddi sıxıntılar imkan verməyib ki, onlar təhsilini davam etdirsin
Yeni dərs ilinin başlamasına sayılı günlər qalır. Hazırda kirayə ev tutmaq tələbələrin və valideynlərin ən böyük qayğısına çevrilib. Universitet yataqxanaları məsələnin həlli olmalı idi. Buna baxmayaraq yataqxanalar ya tamamilə şəraitsiz vəziyyətdədir, ya da ümumiyyətlə yoxdur.
Sovet dönəmində yataqxanalar tələbələrin əksəriyyətini qəbul etməyə hazır idisə, sonra məcburi köçkün problemi bu məsələdə vəziyyəti dəyişdirdi. Tələbə yataqxanaları demək olar ki, bütövlükdə qaçqınların ixtiyarına verildi. Bununla da tələbə yataqxanası ilə bağlı problemlər yaranmağa başladı.
...Kirayə evlər "od” qiymətinə
Əvvəlki illərlə müqayisədə bu il təhsil haqlarında müəyyən artımların olması valideynlərin işini bir qədər də çətinləşdirib. İllik təhsil haqqını birtəhər tapan valideynlər üstəlik kirayə pulu və digər xərclərin öhdəsindən gələ bilmək üçün "dəridən qabıqdan çıxırlar”. Hətta maddi çətinlik üzündən təhsilini davam etdirə bilməyən tələbələr var.
Nəzərə alsaq ki, sentyabr ayının yaxınlaşması ilə kirayə evlərə olan tələbat da artıb. Valideynlərin böyük əksəriyyəti isə düşünür ki, ev sahibləri tələbatın çox olduğu üçün qiymətləri qaldırıb. Məsələnin həlli isə tamamilə başqa cür olmalıdı. Çıxış yolu ev kirayəsinin ucuzlaşması deyil, yataqxanaların bərpasıdı.
Bəs bu problem öz həllini necə tapmalıdır? Ümumiyyətlə, ölkəmizdə tələbə yataqxanalarının nə zamansa mövcudluğundan söhbət gedə bilərmi?
...yataqxanaların bərpası istiqamətində işlər gedir
Ölkəmizdə təhsilin əlçatan olduğunu deyən təhsil üzrə ekspert Nadir İsrafilov tələbə yataqxanalarının hazırlanması ilə bağlı müəyyən tədbirlərin görüldüyünü bildirib. Ekspertin sözlərinə görə, bu barədə müxtəlif bəyanatlar, təkliflər də verilir.
Bu gün tələbələrə müəyyən güzəştlərin verildiyini deyən ekspert təhsilimizin dünya səviyyəsinə çatması üçün bu addımların atıldığını bildirib. N.İsrafilovun sözlərinə görə, ali məktəblərə qəbulun 2 dəfə keçirilməsi, universitetlərin daxilində müəyyən yay qruplarının yaradılması təhsilin əlçatan olmasına şərait yaradır: "Amma təhsili əlçatan eləmək istəyiriksə, ödənişləri də, yataqxanaları da əlçatan etməliyik. Bizim minlərlə şagirdimiz ali məktəbə daxil olub, amma təhsil və kirayə haqqı kimi maddi sıxıntılar imkan verməyib ki, onlar təhsilini davam etdirsin.
Sovet dönəmində təxminən 40 faiz ali məktəbin tələbələri yataqxana ilə təmin olunurdu. Sonradan Qarabağ müharibəsinin olması, yataqxanaların müxtəlif qaçqınlar tərəfindən tutulması bu sahədə problemlər yaratdı. Dünya təcrübəsinə baxsaq, məsələn, Harvard, Oxford kimi universitetlər kampus formasında fəaliyyət göstərir. Onların tələbə şəhərciyi var.
Bu şəhərcikdə tələbələr üçün hər cür şərait yaradılıb. Kitabxana, yeməkxana, idman zalı, kafe, restoran və s. şəhərciyin daxilindədir. Hətta tələbələr öz arzularına uyğun işlə təmin olunub əlavə qazanc da əldə edə bilərlər. Bizdə də bu məsələ dəfələrlə qaldırılıb. Tələbələr üçün mühitin yaradılması vacib məsələdir. Biz baloniya sisteminə qoşulmuşuq. Bu sistemdə "tyutor” deyilən əlavə məsləhətçi var. Lakin açığını deyim ki, bu tyutorlar rektora, dekana, kafedra müdirinə çay daşımaqla məşğuldurlar.
Bu saat bizim dövlət siyasəti neft kapitalını insan kapitalına çevirməkdi, büdcəmiz və siyasətimiz sosial yönümlüdür, amma tələbənin illik ödənişi və kirayə pulu məsələdə adekvatlıq təşkil eləmir. Bütün bunlar təhsilimizin keyfiyyətinə, tələbələrin xaricə üz tutmasına şərait yaradır. Hesab edirəm ki, bu vəziyyət bir az da gərginləşəcək”.
Təhsilin təkcə dövlət üçün yox, xalq üçün lazım olduğunu vurğulayan N.İsrafilov ölkəmizdəki işi adamları və digər imkanlı şəxslərdən də çox şey asılı olduğunu deyib: "Təhsil milli məsələdir. Vəzifəli və imkanlı şəxslər də təhsilə dəstək verməlidir. Bunu yalnız dövlətin üstünə atmaq düzgün deyil. Hazırda bəzi universitetlər üçün yataqxanaların tikintisinə başlanılıb. Lakin bu sahədə işlər ləng gedir”.
Yeganə Bayramova