Təhsilli fəhlə övladının sağ qalması üçün BÖYRƏYİNİ satır- DƏHŞƏT

"Nəinki uşağı Almaniyaya aparmağa, heç onlara çörək almağa pul tapmıram"


Bir az öncə xəbər verdiyimiz kimi, Mətbuat prospektində yerləşən "Azərbaycan Nəşriyyatı"nın giriş hissəsinin divarına "Ailə vəziyyətimlə əlaqədar böyrəyimi satıram" elan vurulub. Ad və soyadını göstərməyən vətəndaşımız elana mobil nömrəsini yazmaqla kifayətlənib. Elanın fotosunu çəkib ictimailəşdirdik, bundan sonra həmin şəxsin kimliyini və bu addımı hansı səbəblərə görə atdığını müəyyənləşdirmək üçün elandakı nömrə ilə əlaqə saxladıq.

Ad -soyadının Rəsulov Rəşad Nazim oğlu olduğunu söyləyən elan sahibi Sherg.az-a Yasamal rayonunda yaşadığını bildirdi: 

" 36 yaşım var, ailəliyəm, bir oğlan, bir qız olmaqla iki övlad atasıyam. Ali təhsilim var. İlk ali təhsilimi Azərbaycan Texniki Univsersitetində, ikinci ali təhsilimi isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsində almışam. Əvvəllər 11 il Quba rayonunda orta məktəblərin birində riyaziyat müəllimi kimi fəaliyyət göstərmişəm. Müəllimlik fəlaliyyətimlə bağlı 180-190 manat əmək haqqı alırdım. Bu maaşla ailəmi dolandıra bilmirdim. Ona görə, məktəbdən çıxdım. Bakıya köçüb, 2 il yarım tikinti şirkətlərinin birində fəhlə kimi çalışdım. Amma bir ildən çoxdur işsizəm. Fəhləlik işi də tapmıram".

İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə müraciət etdiyini söyləyən R. Rəsulov deyib ki, sözügedən qurumlardan da bir səs çıxmadı: 

"Bu nazirliklərə müraciət etdim ki, ailəm və xəstə uşağım var. Bir iş verin, işləyim. Məni məşğulluğa göndərdilər. Orada da hələ gözlə dedilər".

Övladlarının birinin gicgah nahiyəsinə maye yığıldığını söyləyən R. Rəsulov onu da əlavə edib ki, həkimlər uşağı Almaniyaya aparmağını tövsiyə edib:

" Dedilər ki, onu Azərbaycanda əməliyyat etmək təhlükəlidir. Zəmanət verə bilmərik. Ona görə ki, maye təhlükəli yerdədir. Əməliyyatdan sonra uşaq iflic ola bilər. Çox çalışdım ki, pul yığıb, övladımı Almaniyaya aparım. Vəziyyət elə gətirdi ki, iş tapa bilmədim. Nəinki uşağı Almaniyaya aparmağa, heç onlara çörək almağa pul tapmıram. Uşağın dərmanlarını almaq üçün 3600 manata qədər borc etmişəm. Yoldaşımın qızıllarını satdım. Çox acınacaqlı durumdayam. Çıxış yolu kimi böyrəyimin birini satmaq qərarına gəldim. Almaniyada yaşayan tanış adam var. Onunla əlaqə saxladım. Maraqlanıb mənə bildirdi ki, həmin xəstəliyin Almaniyada müalicəsi mümkündür. Bunun üçün isə 12-15 min dollar pul lazımdır".


Ayyət Əhməd