Təqvimdəki qara rənglərdən qurtulmalıyıq

Aprel döyüşləri, ön cəbhənin yarılması bizi qələbəyə xeyli yaxınlaşdırdı


Şanlı və şərəfli aprel döyüşlərinin sevincini yenidən yaşayırıq. Eyni həyəcan və qürurla şəhidlərimizi anıb onların əziz xatirəsini yad edirik. Azərbaycan ordusunun nələrə qadir olduğunu bütün dünyaya sübut etdikləri, az qala sönməkdə olan vətənpərvərlik ruhumuzu yenidən alovlandırdıqları üçün onlara ürəkdolusu minnətdarlığımızı bildiririk. Əsgərlərimizin şəhid olması müqabilində iki kəndin və önəmli döyüş mövqelərinin ələ keçirilməsi cəmiyyətdə elə bir ruh yüksəkliyi yaratdı ki, xalq olaraq içimizdə qələbəyə inam yarandı. 

Az qala bizim üçün qara bir düyünə çevrilən Qarabağ münaqişəsi yenidən mübarizə meydanına çevrildi. Belə ki, tarixə dördgünlük döyüşlər kimi daxil olan aprel savaşının bir ili tamam oldu. "Aprel döyüşləri bizə nələr qazandırdı” kimi sualları şərh edən ekspertlər hesab edirlər ki, dördgünlük müharibə Azərbaycanın dövlətçilik və hərb tarixi baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycan Ordusu düşmənin qüvvətli təxribat diversiya hərəkətlərinin qarşısını alaraq, əks həmlə ilə işğalçılara ağır zərbə vurub.

Hərbçi-ekspert Azad İsazadənin qənaətincə, aprel döyüşlərindən sonra əldə edilən strateji nöqtələr bizə gələcək döyüşlər üçün böyük taktiki əhəmiyyətə malikdir. Yəni, sülh danışıqlarının dalana dirənməsi ilə müharibənin başlayacağı təqdirdə ordumuz qısa zamanda böyük üstünlüklər əldə edəcək:

"Həm Talış kəndi ətrafındakı yüksəkliklər, həm də Lələtəpə ərazisi mühüm hərbi strateji əhəmiyyətə malik nöqtələrdir. Bu ərazilərin düşməndən geri alınması ilə hər iki istiqamətdə ordumuz böyük üstünlüyə sahib olub. Bu həm dinc, həm də müharibə dövrünə aiddir. Dinc dövrdə əhəmiyyəti odur ki, insanlarımız, cəbhə bölgəsində düşmənlə üz-üzə yaşayan sakinlər indi daha təhlükəsiz həyat sürürlər. Atəşkəs pozulan kimi düşmən həmin nöqtələrdən susdurulur. Müharibə dövründə isə həmin məntəqələrdən dəhliz açaraq düşmənə sarsıdıcı zərbə vurmaq olar”.

A.İsazadənin sözlərinə görə, aprel döyüşlərindəki məğlubiyyəti düşmən həzm edə bilmir: 

"Bu strateji nöqtələrin itirilməsi onlar üçün ölümə bərabərdir. Nə qədər malalamağa çalışsalar da, aprel döyüşləri erməni ordusunda ruh düşkünlüyü yaradıb. Bizim əsgərlərdə isə özünə və qələbənin daha da yaxınlaşmasına inam birə-beş artıb. Dördgünlük döyüşlər Azərbaycan Ordusunun gücünün nümayişi idi. Aydındır ki, bu döyüşlərdə ordumuzun yalnız ön xətdə qulluq edən şəxsi heyəti döyüşüb. Arsenalımızdakı silahların heç də hamısından istifadə edilməyib. Düşmən İsrail dronlarının səsindən necə qorxuya düşmüşdü, hamımız gördük. Hətta İsraillə danışıqlar aparmışdılar ki, Azərbaycana silah satılmasın. Erməni nümayəndə heyətinin bu cavabı isə rədd edilmişdi”.

Ekspertin sözlərinə görə, aprel döyüşləri nəticəsində son bir il ərzində Ermənistanda ictimai-siyasi sabitlik tamamilə pozulub: 

"Ermənistan cəmiyyətində həm siyasi, həm hərbi, həm də iqtisadi və sosial vəziyyət baxımından böyük gərginlik yaşanır. Artıq erməni anaları öz övladlarını döyüşə göndərmək, onların Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçmələrini istəmirlər. Ermənistanda keçiriləcək seçkilərdə də müxalifəti təmsil edən bir sıra partiyalar və onların tanınmış nümayəndələri, o cümlədən keçmiş prezidentlər, baş nazir və başqa-başqa strukturlarda rəhbər vəzifələrdə çalışmış şəxslər də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Azərbaycanla əlaqələrin qurulmasını əsas şüar olaraq öz seçki platformalarına daxil ediblər. Aprel döyüşlərinin nəticəsi budur. Yəni bir il ərzində Ermənistan ictimaiyyətinin böyük hissəsi artıq Azərbaycanla sülh danışıqlarına getməyi, Azərbaycanla əlaqələrin qurulmasını istəyir və Ermənistanın düşdüyü ağır durumdan çıxmasını məhz bu yolda görürlər”.

"Aprel döyüşləri ilə Azərbaycan Ordusu "ermənilərin sarsılmaz olması” miflərini tamamilə dağıdıb”. Bunu isə trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib. Azərbaycan Ordusunun ötən il aprel ayının ilk günlərində ermənilərin etdiyi təxribata çox layiqli cavab verdiyini deyən deputat bildirib ki, bu döyüşlər ermənilərə və dünya ictimaiyyətinə çox ciddi mesaj da verdi:

"Azərbaycan həm ermənilərə, həm də bütün dünyaya göstərdi ki, ordumuzun çox ciddi, müasir, peşəkar qüvvələri var və ölkəmiz istənilən zaman öz torpaqlarını işğaldan azad edə bilər. Azərbaycan sadəcə olaraq, itkilər olmasın deyə, bu münaqişəni sülh yolu ilə həll etmək istəyir. Azərbaycan sülhü tezliklə əldə etmək üçün beynəlxalq ictimaiyyətdən ciddi dəstək gözləyir. Azərbaycan müasir, güclü Ordusunu daha da gücləndirəcək. Ordumuz hər zaman ermənilərin təxribatlarına layiqli cavab verəcək”.

Millət vəkili Zahid Oruc isə aprel döyüşlərini Dağlıq Qarabağ müharibəsinin yeni mərhələsi kimi dəyərləndirənlər sırasındadır. Onun sözlərinə görə, 20 ildən artıq keçən müddət ərzində atəşkəsin müxtəlif dövrlərdə pozulması fonunda nə hərbi vəziyyət dəyişə bilmir, nə də beynəlxalq vasitəçilərin münaqişənin tənzimlənməsi ilə bağlı real addımları mövcud deyildi. Azərbaycan ordusu 4 günlük müharibədə göstərdi ki, torpaqlarımız ATƏT-in Minsk Qrupu deyil, məhz silahlı qüvvələr, Azərbaycan dövlətinin və xalqın gücü ilə geri qaytarıla bilər.

Bizim torpaqlarımızı kənd-kənd deyil, rayon-rayon itirdiyimizi qeyd edən millət vəkilinə görə, bu da 1000 kvadrat kilometrlərlə ərazi deməkdir. Onun geri qaytarılması daha fərqli çərçivədə, miqyasda baş verəcək: "Biz buna real gözlə baxmalıyıq. Lakin bununla bərabər aprel döyüşləri zamanı bütün siyasi və hərbi riskləri öz üzərinə götürən və böyük lider qabiliyyətini nümayiş etdirən məhz dövlət başçısı oldu. Hər birimizə bəllidir ki, səngərdə gedən döyüşlər, eləcə də bağlı qapılar arxasında gedən diplomatik müharibə də birinci şəxsin üzərinə düşür. Həmin günlər ərzində ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitindən geri dönərək gecə saatlarında təhlükəsizlik şurasının iclasını çağırmaq, daha sonrakı dövrlərdə ən mühüm məsuliyyət tələb edən qərarları çıxarmaq heç də asan görünə bilməz. Çünki MDB məkanında itirilən torpaqların hətta bir qarışının belə geri qaytarılması təcrübəsi mövcud deyil. Nə Abxaziya, nə Asetiya, nə də digər bölgədə belə təcrübəni görmək mümkün deyil. O ki qaldı tamamilə dağılmış və viranəyə çevrilmiş Suriyaya, burada isə koalisiya qoşunlarının bir neçə dövlətin gücünün nəticəsində hansısa ərazilərin geri qaytarılmasından danışmaq olar”.
Millət vəkili bildirib ki, aprel döyüşlərinin ən mühüm nəticələrindən biri uzun müddət ərzində dəyişilməz sayılan, keçilməz sədd hesab olunan ön xəttin yarılmasının mümkünlüyü idi. Azərbaycanın bunu çox kiçik qüvvələrlə reallaşdırmağa gücü çatdığını vurğulayan millət vəkili deyib ki, bu, ermənilərə vurulan ikiqat zərbə idi: "Bundan başqa ən önəmli hadisə Ermənistanda taxt-taca yiyələnənlərin bir qismi çox ciddi iflasa uğradılar. Seyhan Ohanyanın 20 ildən artıq bir müddətdə özünü qəhrəman libasında təqdim etməsi, bir neçə generalın ordu sistemində özünə yer tutması kimi məsələlər aprel döyüşlərində ordumuzun bir zərbəsi fonunda yerlə-yeksan oldu”.

Z.Oruc onu da deyib ki, aprel döyüşlərindən sonra Dağlıq Qarabağ məsələsi ilə bağlı 90-cı illərdə bizim əleyhimizə verilən bəyanatların çərçivəsi xeyli daralıb. Aprel döyüşləri Azərbaycanın diplomatik danışıqlarda siyasi gücünü artırmaqla yanaşı, eyni zamanda ordumuzun və nəticə etibarı ilə dövlətimizin nüfuzuna yüksək təsir göstərib: 

"Uzun illər ərzində məğlubiyyətin töhməti altında yaşamaq qətiyyən asan deyildi. Yalnız matəm günləri, soyqırımları, rayonlarımızın işğal ildönümləri cəmiyyəti ağır və hüznlü duruma məruz qoyurdu. Halbuki bizim millətimiz qələbə kimi yaxşı günlərin çox ciddi ehtiyacındadır. Belə olan halda, aprelin 2-si Kəlbəcərin işğalından daha çox, yeni dövrün, tarixin hadisəsinə çevrilib. Biz təqvimdə qara rəngdən qurtulmalıyıq”.

Aprel döyüşlərinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin son dərəcədə şanlı, şərəfli səhifəsi kimi tarixdə yer tutacağını əminliklə qeyd edən millət vəkili deyib ki, Azərbaycan Prezidentinin martın 31-də hərbçilərimizlə görüşündə qeyd etdiyi kimi, ölkəmiz daha mühüm hədəflər uğrunda mübarizədədir və əminəm ki, 2 apreldən başlayan yol bütövlükdə bizi torpaq bütünlüyümüzə qovuşduracaq.

Şəymən