"Naxçıvanda hərbi, siyasi, iqtisadi, sosial müstəvidə atılan hər bir addım bütövlükdə strateji mənaya malikdir”.
Bu barədə "Sherg.az”a Şərur rayonunun Günnüt kəndinin düşmən tapdağından azad olunmasından danışarkən millət vəkili Zahid Oruc bildirib.
O vurğulayıb ki, tarixi səbəblərdən Azərbaycandan coğrafi olaraq, ayrı düşmüş muxtar respublikanın inkişafının maraqlarımıza cavab verməsi göz önündədir:
"Həmin regiondakı problemlər bizim üçün daha böyük təhlükələr doğurmuş olar. Tək o bölgədə əsgərlərimizin durumu deyil, insanların məskunlaşması, yaşaması, təhsili, gələcəyini qurmaq qabiliyyəti, regional miqyasda hamısı dövlətin diqqət mərkəzindədir.
Günnüt kəndinin işğaldan azad olunması isə böyük siyasi, hərbi əhəmiyyətə malik əməliyyatdır. Bu, Qarabağ uğrunda müharibənin tərkib hissəsidir.
90-cı illərin əvvəlində biz hərbi cəhətdən hazırlıqsız yaxalandıq. Ermənilər isə regional dövlətlərin təxribatları ilə birlikdə ölkəmizə hücum etdilər. Təəssüf ki, bu təxribatların bir hissəsi Naxçıvanda ermənilərin uğur qazanmasına gətirib çıxardı. Bəzi kəndlərimiz də həmin dövrdə işğal altına düşmüşdü. Bu tək mənəvi psixoloji baxımdan deyil, eləcə də təhlükəsizlik cəhətdən əhalini narahat edirdi. 1991-ci ildə ulu öndər Heydər Əliyevin Naxçıvanda Ali Məclis rəhbərliyinə seçilməsi bu bölgənin müdafiəsini təmin etdi. H.Əliyev sadə vətəndaşları ətrafına toplayaraq, hərbi əsgəri qüvvə düzəltməklə əleyhimizə olan ssenarilər dayandırdı. Bu məqam sonrakı dövrdə bütövlükdə Azərbaycanın həyatında həlledici rol oynadı”.
Z.Oruc söyləyib ki, Prezident İlham Əliyev aprel döyüşlərindən sonra Azərbaycanın ermənilər üzərindəki hərbi-siyasi üstünlüyünü təmin etmək, torpaqlarımızın hissə-hissə geri qaytarılmasını həyata keçirmək üçün taktiki addımlar atmaqdadır:
"Biz uğurlarımızın zəncirini yaratmalıyıq. Bir ev ermənilərin əlinə keçirsə, Azərbaycan cəmiyyətində bu, hüzn, fəlakət, faciə kimi qarşılanır. Amma bir kəndin xilası istədiyimiz kimi milli miqyasda böyük reaksiya doğurmur. Bu 90-cı illərdəki məğlubiyyətin canımıza hopan nəticəsidir, yoxsa, başqa məqamlar var – bunu təyin etmək çətindir. Naxçıvandakı strateji yüksəklikdə Azərbaycan hərbi qüvvələrinin yerləşməsi İrəvanın özünü də təhlükə altında saxlayır. Oradakı ordunun həm də Türkiyə tərəfdən müdafiə olunduğunu görməkdəyik. Naxçıvan Azərbaycan və Türkiyə üçün ön cəbhədir. Ermənilər isə bu amildən narahatdırlar.
Hesab edirəm ki, ilk baxışda böyük müharibə xarakteri daşımayan, siyasi dildə "sürünən müharibə” kimi qeyd edilən bu əməliyyatların İlham Əliyevin liderliyi altında həyata keçirildiyini görməkdəyik. Harada mümkündürsə, orada bir addım belə qabağa getmək, düşməni mənəvi psixoloji cəhətdən məğlubiyyət hissi altında saxlamaq əsas hədəfdir”.
Ali baş komandan İlham Əliyevin hazırkı taktikasının daha geniş ərazilər üzrə yönəldiyini qeyd edən millət vəkili onu da vurğulayıb ki, ölkə başçısı Azərbaycan tarixinə öz əraziləri üzərində suveren hüquqlarını bərpa edən, torpaqları geri almaq iqtidarında olan lider kimi daxil olacaqdır:
"Bu ambisiya millətimizin xeyrinədir. Ona görə, çox kiçik ərazinin alınması, bir neçə metr irəlidə möhkəmlənmək belə həlledici döyüş anlarında tamam fərqli nəticələr doğurur. Tərtərin, Ağdamın, Füzulinin təmas xətti boyunca olan hissələrinə 30-40 km yaxınlaşan əsgərlər məsuliyyəti, müharibə havasını, düşmənlə üz-üzə olduğunu hiss edirlər. Ona görə, Naxçıvandakı mövqelərimizin irəli atılması, Cocuq Mərcanlı ilə başlayan uğur hekayəsini bir qədər də qüvvətləndirib, bu prosesi davam etdirmək lazımdır. Ermənilər Qarabağda itki verməli, normal təsərrüfat qurmaq imkanları olmamalıdırlar. Hər zaman yad torpaqda olduqlarını dərk etməlidirlər. Günnütün işğaldan azad olunması işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində uğurlu addım, əlamətdar tarixi hadisədir”.
Qeyd edək ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub. Artıq kənd ərazisi minalardan təmizlənir və əhalinin öz yurd-yuvalarına qayıtması üçün işlər görülür.
Aysel Aslan