“Tramp Prezident İlham Əliyevin xarici siyasətini və enerji layihələrindəki addımlarını dəstəkləyir”

Zaur Məmmədov :“Deməli, Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyi siyasətində enerji resurslarının diversifikasiyası siyasətinə liderlik edir, aparıcı rol oynayır”
"Azərbaycanın beynəlxalq arenadakı yeri və rolu milli maraqlarımızın reallaşması üçün vacib amillərdən biridir. Bu istiqamətdə Vaşinqtonun Cənubi Qafqaza, Azərbaycana baxış bucağı maraq obyektidir”.
Bunu "Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Analitik ABŞ prezidenti Donald Trampın ölkə başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubundakı bir neçə məqamı xüsusi ilə vurğulayıb:
"Tramp məktubunda Azərbaycanla münasibətlərin çox vacib cəhətlərinə yığcam şəkildə toxunub. Birincisi, məktubda qeyd edilib ki, Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfələr verir. 2001-ci ildən başlayaraq, Vaşinqtonun xarici dövlətlərlə münasibətlərində "təhükəsizlik” termini ən vacib amildir. Məhz "beynəlxalq təhlükəsizliyi” nəzərə alan ABŞ istənilən dövlətləri qara siyahıya ala, terrorçuluğa dəstəkdə ittiham edə, Amerikanın beynəlxalq təhlükəsizlik üçün atdığı addımlara dəstək verməməkdə ittiham edə bilər. 
Ağ Evin beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə, məhz Azərbaycana minnətdar olması ölkəmizin regional statusuna mühüm dividentlər qazandırır. Qarabağ münaqişəsinin digər tərəfi olan Ermənistanın deyil, Azərbaycanın beynəlxalq təhlükəsizlikdə, antiterror əməliyyatlarında oynadığı rola qiymət verilməsi Vaşinqtonun Cənubi Qafqazda kimə vurğu etdiyinin göstəricisidir”.
Ekspert Trampın "Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm” cümləsini bu cür şərh edib:
"Bu o deməkdir ki, Tramp Prezident İlham Əliyevin apardığı xarici siyasəti, ələlxüsus Xəzər hövzəsi və Avropa arasındakı enerji layihələrində dövlət başçısının addımlarını dəstəkləyir. Deməli, Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyi siyasətində enerji resurslarının diversifikasiyası siyasətinə liderlik edir, aparıcı rol oynayır. Bu, son illər reallaşan, daha doğrusu reallaşmaqda olan enerji və nəqliyyat layihələrində özünü büruzə verir”.
Politoloq vurğulayıb ki, Trump ölkə başçısının apardığı daxili siyasəti də dəstəkləyir:
"Son zamanlar həyata keçirilən sosial islahatlar və struktur islahatları ABŞ rəhbəri tərəfindən yüksək qiymətləndirilir. Həmçinin, Tramp Azərbaycanla tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayır. 
Çox güman ki, ABŞ-dakı növbəti prezident seçkilərində qələbə çalacağı təqdirdə Respublikaçılar Vaşinqton-Bakı arasında münasibətlərin güclənməsində daha da israrlı olacaqlar. Şübhəsiz ki, bu Azərbaycan Prezidentinin böyük siyasi uğurudur. 
Regionda və dünyada baş verən təhlükəli proseslər fövqündə dövlət başçısı İlham Əliyevin apardığı rasional siyasət, həyata keçirdiyi xarici və daxili siyasətin gələcək mümkün təhlükələrdən Azərbaycanı qoruması göz önündədir. Mövcud geosiyasi durumu və ətraf ölkələrdəki vəziyyəti təhlil edərkən, əminliklə söyləmək olar ki, Azərbaycanımız etibarlı əllərdədir”.
İsmayıl