"Tüklərim biz-biz durur"- DEPUTATDAN HARAY





Anaların körpələri zibil qutusuna, küçələrə atmasından nə qədər danışmaq olar axı. Həmin atılan körpələr qeyri-rəsmi nigah və ya əlaqələrdən dünyaya gələn uşaqalrdır. Görünür, bəzi insanlarda mənəviyyətın səviyyəsi aşağı düşüb. 

Bu barədə Sherg.az-a Sabunçuda binanın qarşısında bir aylıq körpənin tapılması məsələsinə münasibət bildirərkən, ədəbiyyatşunas, millət vəkili Elmira Axundova bildirib. 

Xanım deputat müharibə zamanı qaçqın və məcburi köçkünlərimizin öz övladlarını alovun içərisindən, düşmənin pəncəsindən necə xilas etməsini örnək gətirib:

" Onlar uşaqlarını atıb qaçmadılar. Övladlarını qarlı aşırımlardan keçirib, sağ- salamat Bakıya və digər bölgələrə çatdırdılar. Övladlarını necə çətinliklə vaqonlarda böyütdülər. Buna rəğmən uşaqlarını atmadılar. Yəni ən çatin anlarda belə övladlarını qoyub-qaçmadılar. Öz həyatları hesabına uşaqlarını qoruyub- saxladılar. Amma indi övladı dünyaya gətirib, küçəyə, zibil qutusuna atırlar. Ar olsun belə insanlara, nə deyim ? İddia edə bilərlər ki, pulumuz yox idi. Pulun yox idi, apar, körpəni uşaq evinə ver, de ki, saxlaya bilmirəm. Dövlət onu götürüb, saxlayacaq. O körpəni küçəyə atmaq ən böyük mənəviyyatsızlıq və vicdansızlıqdır. Anlayıram itqisadi çətinliklər ola bilər. Qeyri- rəsmi nigah da ola bilər. Oğlan deyər ki, mən bu uşağı istəmirəm, hara istəyirsən at. Amma sən qadınsan, anasan, axı. Onu 9 ay bətnində böyütmüsən. Mən sizinlə danışa-danışa tüklərim biz-biz durur".

Müharibə zamanı anasının Ukraynada qaldığını söyləyən E. Axundova diqqətə çatdırıb ki, anası böyük bacı və qardaşını qoruyub saxlayıb: 

" Bu cür mərd, qayğıkeş, lütfkar analar uşaqlarını küçələrə atanlara nümunə olmalıdır. Hər şeyi başa düşürəm. Həyat çətindir. Amma biz insanıq axı, vəhşi deyilik. Yenə deyirəm, uşağı saxlamaq imkanın yoxdur, apar onu uşaq evinə ver. İnsanı olmayan insanlar haqqında nə deyə bilərəm ki? Heç bir iqtisadi çətinlik kiməsə ixtiyar vermir ki, uşağını küçəyə atsın".

Qeyd edək ki, Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb. Məlumata görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Ayyət Əhməd