“Üçlər”in görüşünə ABŞ qısqanır

“İlkin razılaşma hələ tam uğur demək deyil, amma uğura yaxın bir formatdır”



Ötən gün Moskvada Suriya böhranı ilə bağlı Rusiya, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Ankarada Rusiya səfiri Andrey Karlovun öldürülməsinə baxmayaraq, görüş baş tutdu.

Reallaşan üçlü görüş Suriya münaqişəsinin həlli istiqamətində müəyyən ümidlər yaradıb. Üç ölkənin xarici siyasət qurumlarının rəhbərləri terrorun bütün dünya üçün təhlükəli olduğunu və onunla birgə mübarizənin vacibliyini vurğulayıblar. Rusiya, Türkiyə və İran XİN rəhbərləri 8 bəndlik bəyanatla bağlı razılıq əldə ediblər. 

Sənəddə bildirilib ki, İran, Rusiya və Türkiyə Suriyanın suverenliyinə, ərazi bütövlüyünə hörmət edir. Tərəflər Suriya münaqişəsinin sülh yolu ilə həllinin alternativsizliyini vurğulayıblar. Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, Rusiya, Türkiyə və İran Suriyada rejimin devrilməsinə can atmırlar: "Tərəflər hesab edirlər ki, Suriyada rejimin devrilməsi yox, terror təhlükəsinin aradan qaldırılması bir nömrəli prioritet olmalıdır. Rusiya, İran və Türkiyəni məhz bu nöqteyi-nəzər birləşdirir”. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi isə deyib ki, Moskva görüşündən sonra Suriyada atəşkəs barədə danışmaq tezdir. Kirbi əlavə edib ki, Kerri Lavrovla və Çavuşoğlu ilə telefon danışığı aparıb və onlar aparılan danışıqlar barədə Vaşinqtona məlumat veriblər. Amerikalı siyasi ekspert Piter Teys bildirib ki, rus səfirin qətlə yetirilməsi Ankara-Moskva partnyoruluğuna ciddi təsir göstərsə də, Moskva görüşü buzları dərhal əridib: "Ankara və Moskva arasındakı görüş terrorizmə qarşı mübarizədəki mövcud tərəfdaşlığı daha da aktivləşdirdi”.

Üçtərəfli görüşlə bağlı "Şərq”ə danışan siyasi ekspert Araz Aslanlı deyib ki, Suriyaya təsir imkanı olan dövlətin sayı üç deyil. Ərəb dövlətləri, İsrail və Qərb ölkələrinin də Yaxın Şərqdəki proseslərə təsir imkanları var: 

"Amma regiona qonşu olan Türkiyənin, o cümlədən Rusiya və İranın bölgədəki proseslərə müdaxilə şansı daha böyük və əhəmiyyətlidir. Əgər bu üç ölkə hansısa məsələdə razılığa gələrsə, qalan bütün dövlətlərdən daha geniş təsir imkanlarına malik olacaqlar. Bu baxımdan üçlü görüşün baş tutması və tərəflərin müəyyən razılıq əldə etməsi əhəmiyyətlidir. Əslində indiyə qədər üç dövlətin biri-birinə əks mövqedə olması problemin dərinləşməsinə səbəb olan əsas amillərdən idi. Artıq güman etmək olar ki, problemin həlli ilə bağlı dönüş yarana bilər”. Ekspertin sözlərinə görə, rus səfirin öldürülməsindən sonra Türkiyə müəyyən məsələlərdə daha yumşaq davrana bilər. Amma Ankaranın əvvəlki Suriya siyasəti dəyişməyəcək: "Əslində üç dövlətin hamısı müəyyən qədər dəyişikliyə gediblər. Amma bu siyasi redaktənin əsas səbəbi başqa çıxış yolunun qalmamasıdır. Tərəflər görür ki, onlar qarşı-qarşıya gəldikcə kənar qüvvələr prosesdən faydalanır. Nəticədə Suriyadakı problemin həlli çətinləşir. Ona görə də mühüm məsələlərdə razılığa üstünlük verirlər. Təbii ki, ilkin razılaşma hələ tam uğur demək deyil, amma uğura yaxın bir formatdır. ABŞ və digər Qərb dövlətləri bu anlaşmaya qısqanclıqla yanaşsalar da, prosesin bu şəkildə irəliləməsi ümidvericidir”.

İsmayıl