Universitet yataqxanalarında şərait varmı?- TURİSTLƏR ÜÇÜN




Universitet yataqxanaları yay aylarında turistlərin istifadəsinə verilsə, yataqxananın qazancını təmin etmək olar.


Bunu Sherg.az-a universitet yataqxanalarının turistlərin istifadəsinə verilməsi barədə təklifə münasibət bildirərkən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. 



Onun sözlərinə görə, tələbə yataqxanalarını turistlərin istifadəsinə yararlı formaya salmaqla bu layihəni həyata keçirmək olar: 

"Yataqxanalarda yaşayan tələbələrin əksəriyyətinin rayonlardan gələnlər olduğunu nəzərə alsaq, onda onların yay tətilində öz rayonlarına qayıtması istisna deyil. Bu dövrdə turistlərin müvafiq zaman müddətində orada yerləşdirilməsi və yataqxanaların qazanc fəaliyyətinin davam etdirilməsi mümkündür. Bu məsələyə şablon formada yanaşmadan, düzgün mexanizmlərin işlənməsi ilə təmin etmək lazımdır. Həmin layihədə qeyd olunacaq yataqxanaların təmir və təchizatı cəhətdən müəyyən standartlara cavab verməsinə xüsusi diqqət yetiriləcək. İlk növbədə turistlərin qəbul edəcəyi səviyyəyə çatdırılan yataqxanalar artıq bu sahədə xidmət üçün istifadə ediləcək”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə universitet yataqxanalarının turistlərin istifadəsinə verilməsi üçün təkliflər hazırlanması irəli sürülüb.

Aysel Aslan