Uşaqlıq zədələri pedofiliyanın başlanğıcıdır

Elə valideynlər var ki, övladlarının çılpaq şəkillərini çəkib, xoş sözlərlə oxşayırlar, bu da fərqində olmayaraq uşaqlarda travma yaradır


Son vaxtlar Azərbaycan mətbuatında zorlama xəbərlərinin sayı artıb. Xüsusən də azyaşlı uşaqlara qarşı bu cür iyrənc hərəkətlərin edildiyinə dair məlumatlar daha geniş yayılıb. Əvvəllər uşaqların zorlanması faktına 5 ildə bir rast gəlinirdisə, indi bir-iki ayın içində 3 dəhşətli təcavüz hadisəsi baş verib.

Zorlanmanın növbəti qurbanı isə Mingeçevir şəhərində narkotik aludəçisi tərəfindən təcavüzə məruz qalan 8 yaşlı oğlan olub.

Hadisə şəhərin M.Maqomayev prospektində yerləşən 73 saylı binanın zirzəmisində baş verib. Belə ki, təqribən 35-38 yaşlarında olan Ağali Sadıqov 8 yaşlı qonşusunu aldadaraq zirzəmiyə aparıb və onu zorlayıb.

Hadisə şahidləri bu barədə zərərçəkənin yaxınlarına məlumat verdikdən sonra uşaq hər şeyi valideynlərinə danışıb.

Narkotik aludəçisi olan A.Sadıqov hadisə barədə başqalarının xəbər tutmasından sonra qaçıb gizlənməyə çalışıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Sadıqov saxlanılaraq istintaqa cəlb olunub. İlkin araşdırmalar zamanı onun dəfələrlə azyaşlını cinsi istismara məruz qoyaraq zorladığı məlum olub. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. 

Qeyd edək ki, A.Sadıqov həyat yoldaşından boşanıb və iki uşağı var.

Son zamanlar uşaqların cinsi istismara məruz qalması kimi faktların artmasından ciddi narahatlıq duyan psixoloq-konsultant Arzu Müzəffərovanın sözlərinə görə, bu cür hadisələrin kökü keçmişə dayanır. Sadəcə əvvəllər belə olaylar gizli saxlanıldığı, ört-basdır edildiyi üçün ictimaiyyətdə geniş rezonans doğurmurdu.

Psixoloqun sözlərinə görə, bu problem bütün dünya ölkələrini narahat edir və hazırda bir çox mütəxəssis "Pedofili necə tanımaq olar” sualına cavab axtarır. Arzu xanım deyib ki, xüsusilə də təhsil ocaqlarında uşaqları bu cür hadisələrdən uzaq tutmağın yolları axtarılır.

Pedofillərin nə quyruğu, nə buynuzu, nə də fərqli rəngləri olduğunu deyən psixoloq bildirib ki, onlar heç vəhşi məxluqa da bənzəmirlər: "Əksinə, normal insan cildində və kifayət qədər mədəni geyimdə olurlar. Araşdırdıqda isə onların hər birinin keçmişində onları bu duruma salan fərqli travmalarının olduğuna şahid olarıq. Bu cür insanların şəxsiyyət pozğunluğu da məhz burdan başlayır”.

Hər bir insanın psixoseksual mərhələdən keçdiyini vurğulayan A.Müzəffərovanın sözlərinə görə, bu da özünü 2-3 yaşlarda büruzə verir: 

"Uşaq öz bədənində ona həzz verən orqanları hiss etməyə başlayır. Uşaq bunu anlamasa da, həzzə doğru yönəlir. Valideynlər həmin yaşlarda olan övladlarının bu vərdişlərinə müdaxilə etməsələr, uşaqlar böyüdükcə də onlarda adət halına çevrilir. Elə valideynlər var ki, (ən çox da oğlan uşaqlarına aiddir) bu cür hallarla fəxr edirlər. Övladlarının çılpaq şəkillərini çəkib, xoş sözlərlə oxşayırlar, bu da fərqində olmayaraq uşaqlarda travma yaradır . Bu cür travmalar pedofiliyanın başlanğıcıdır. Daha çox situasiyalar sadalaya bilərəm. Sadəcə insanların düşüncələrini qarışdırmaq istəmirəm. Hesab edirəm ki, valideynlər daha diqqətli və məsuliyyətli olmalıdır”.

Cinsi istismara məruz qalan uşaqların dəhşətli travmalarla üzləşdiklərini qeyd edən Arzu xanım hesab edir ki, problemin qarşısını almaq üçün mütləq təhsil ocaqlarında maarifləndirici təlimlər aparılmalıdır. 

Uşaqlar yad insanlardan uzaq durmaqla, hər hansı bir hadisənin qurbanı olmaya bilərlər. Amma bir məsələ də var ki, pedofillər tək yad insanlardan ibarət deyil. Pasiyentlərimdən bir ananın dediyi kimi: "Mən övladlarımı yadlardan qorudum. Sən demə, ən böyük düşmən evimin içində imiş” . Təəssüflər olsun ki, hadisələr baş verənə qədər kimin kim olduğu məlum olmur”.

Şəymən