“Təəssüflər ki, bu gün bəzi estetik cərrahlar əməliyyata tək başlayır, nəticədə isə ölüm və yaxud digər neqativ hallar ortaya çıxır”
Uzman deməklə uzman olmursan
“Bəzi cərrahlar Türkiyədə, ya da başqa yerdə 6 ay kurs keçib bir sertifikat əldə etməklə özlərini plastik cərrah adlandırırlar”
“Təəssüflər ki, bu gün bəzi estetik cərrahlar əməliyyata tək başlayır, nəticədə isə ölüm və yaxud digər neqativ hallar ortaya çıxır”
“Təəssüflər ki, bu gün bəzi estetik cərrahlar əməliyyata tək başlayır, nəticədə isə ölüm və yaxud digər neqativ hallar ortaya çıxır”
İnsanlar həmişə gözəl görünməyə çalışırlar. Xüsusən də qadınlar. Gözəllik isə qurban tələb edir. Müasir dövrümüzdə bu qurban estetik əməliyyat masasına uzanmaq sayılır desək, bəlkə də yanılmarıq. Təəssüf ki, heç də bütün estetik əməliyyatlar uğurlu olmur. Ölkəmizdə uğursuz, eləcə də ölümlə nəticələnən plastik cərrahiyyə əməliyyatları dəfələrlə baş verib və bunun səbəbləri hər zaman müzakirə mövzusu olub.
Hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən "Stimul Hospital”da baş verib. Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən, o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı Şəhər Prokurorluğuna verilib. E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır. Plastik cərrah Elçin Zodan açıqlamasında məlumatı təsdiqləyib. Uzman doktor Vüqar Ələkbərov son illər keçirilən plastik əməliyyatla bağlı bunların diqqətə alınmasını məsləhət görür: "Ümumiyyətlə, ölüm riski bütün əməliyyatlar üçün keçərlidir. Bu risk estetik əməliyyatlarda da özünü göstərir. Əgər xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. Burun əməliyyatı zamanı ölüm hallarının artması deyə bir statistika yoxdur, amma digər əməliyyatlar kimi, plastik cərrahiyyə zamanı da bu hal baş verə bilər. Riski daha çox olan plastik əməliyyatlar var. Burun əməliyyatları zamanı ölüm riskinin artmasına gəlincə, bu, bilavasitə xəstəxanada olan şəraitdən, həkimlərin istifadə etdiyi avadanlıqlardan asılıdır. Hər bir xəstə narkoz aldığı zaman tənəffüsü yavaşıya, təzyiqi düşə bilər. Buna dərhal ixtisaslı həkimlər tərəfindən müdaxilə edilməlidir. Təəssüflər ki, bu gün bəzi estetik cərrahlar əməliyyata tək başlayır, nəticədə isə ölüm və yaxud digər neqativ hallar ortaya çıxır. Reanimasiya şəraitinin olmadığı xəstəxanalarda ölüm riski daha böyük ola bilər. Məsləhətim odur ki, ən kiçik əməliyyatları etdirmək üçün normal şəraitli və yetərli qədər həkim heyəti olan xəstəxanalara üz tutsunlar”.
Vüqar Ələkbərovun sözlərinə görə, xəstənin qan, ürək, diabet, revmatizm, damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı ola bilər ki, bu da ölüm səbəbidir. Bu problem əməliyyata qədər ortaya çıxmamış və əməliyyat ona təkan vermiş ola bilər. Xəstəni əməliyyata alanda bunları yaxşı təhlil etmək lazımdır”.
Uzman plastik-estetik-rekonstruktiv Cərrah Mirəzim Zaidov plastik əməliyyatların ölüm səbəbləri ilə bağlı fikrini bildirib: "Ümumiyyətlə, əslində plastik əməliyyatdan xəstə ölmür. Xəstə qanaxmadan ölə bilər, orqanizmində olan hər hansı problemin o an üzə çıxaraq ölümə səbəb olması mümkündür. Deyək ki, plastik cərrahlar adətən balıqqulağını kəsmirlər. Onu lazerlə yandırırlar. Adətən qanaxmalar balıqqulağı kəsilərkən baş verir. Plastik əməliyyatlarda nə ola bilər? Odinoplastika, ripakşında, ya da xəstənin damar problemi, varikoz problemi var, ya yox, bunlar yoxlanmalıdır. Araşdırıldıqdan sonra damar cərrahı ilə məsləhət etdikdən sonra cərrahiyyə etmək qərarı verilməlidir. Şəxsən mən xəstəni tam müayinə etmədən əməliyyatı üzərimə götürmürəm. Qaldı plastik əməliyyatlar zamanı ölümlərin səbəblərinə, bizdə həkim səhlənkarlığı üzündən ölənlərə az hallarda rast gəlinə bilir. Adətən qanaxmalardan ölüm hadisələrinə daha çox rast gəlinir. Plastik əməliyyatlarda cərrahın səhlənkarlığından daha çox anestezoloqun rolu böyük olur. Xəstəyə əməliyyat zamanı anestezoloq nəzarət edir ki, təzyiqi normada qalsın, narkoz düzgün verilsin. Əsas məsuliyyət anestezoloqun üzərində qalır. Mən bilmirəm bu hadisədə hansı səbəbdən xəstə dünyasını dəyişib. Təbii ki, bu araşdırmadan sonra bəlli olar. Amma plastik əməliyyatın ölüm riski demək olar olmur. Əgər xəstə əməliyyatdan əvvəl bütün lazımi müayinə və analizlərdən keçibsə və əməliyyat üçün heç bir problem yoxdusa, plastik əməliyyatda ölüm riski demək olar 0 faizdi. Sadəcə bəzən xəstədə olan xəstəliklər nəzərə alınmır, ürək, beyin kimi problemi olan xəstələri müayinəsiz əməliyyata salanda bu kimi ağır fəsadlara səbəb ola bilir. Bir də elə xəstəliklər var ki, onlar illərlə, hətta müayinədə belə özünü büruzə vermir, ancaq narkoz qəbul etdikdən, əməliyyat zamanı insan dünyasını dəyişə bilər. Bir problem də var, bu gün hamı özünü plastik cərrah kimi təqdim edir. Cərrah plastik əməliyyat apara bilməz. Bizdə bilirsiz ki, plastik cərrah kimi bir ixtisas hələ ki yoxdu. Bunun üçün xaricdə təhsil almaq lazımdı. Bəzi cərrahlar Türkiyədə, ya da başqa yerdə 6 ay kurs keçib bir sertifikat əldə etməklə özlərini plastik cərrah adlandırırlar. Bu doğru deyil. Plastik cərrah olaraq yetişmək üçün 6 il plastik cərrah olaraq təhsil almaq lazımdı. Ölümə səbəb olan amillərdən biri də bəlkə budur. Uzman deməklə uzman olmursan. Bunun üçün tibb təhsili vacibdi. Hər cərrah plastik əməliyyat etmək hüququna da sahib deyil əslində. Təəssüf ki, bu gün plastik əməliyyatlara tələbat çox olduğundan bəzi həkimlər cərrah kimi plastik əməliyyat məsulliyyətini də üzərlərinə götürürlər. Bu da acı fəsadlara səbəb ola bilir”.
Estetik cərrahlar hesab edir ki, plastik əməliyyat heç də cərrahi bıçaqla həyata keçirilən bir makiyaj deyil, ona ciddi yanaşmaq lazımdır.
Azərbaycanda ilk dəfə plastik cərrahiyyə əməliyyatı keçirən məşhur xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı olub. O, burnunu əməliyyat etdirib. Onun ardınca xalq artisti, müğənni Flora Kərimova əməliyyat stoluna uzanıb. İfaçı SSRİ dövründə iki dəfə plastik əməliyyat etdirib və hər iki əməliyyat Gürcüstanda baş tutub.
Məşhur Azərbaycan müğənnisi Nəzakət Məmmədovanın isə plastik əməliyyat etdirməsi həyatı bahasına başa gəlib. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib. Yeri gəlmişkən, ən uğursuz plastik əməliyyat edən məşhurlarımızdan biri də xalq artisti Amalya Pənahovadır. O, əməliyyat olunmadığını desə də, üzündə aparılan uğursuz əməliyyat aktrisanı tanınmaz hala sala bilib.
Müğənni Reyhan Müslümova isə plastik yolla çəkisini azaltmaq istəsə də, buna nail olmur. Əməliyyat stolunda keçinən müğənniyə əvvəlcədən şəkərinin çox olması səbəbindən ölə biləcəyi xəbərdarlığı edilsə də o, buna məhəl qoymayıb. Və elə əməliyyat stolundaca dünyasını dəyişib. Dünyada ən çox müraciət edilən plastik əməliyyat "ritidektomiya”, sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanılıb.
"Liposaksiya”, bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb.
"Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur.
Araşdırmalar zamanı o da məlum olub ki, ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat "rinoplastik” əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır.
Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.
Son vaxtlarda isə dərialtı piylərin xaric edilməsi əməliyyatları dəb halını almağa başlayıb. Botoks əməliyyatına gəldikdə isə, təəssüflə qeyd etmək lazımdır ki, bu əməliyyat dünyada 45-50 yaşlı insanlar arasında aparılsa da, ölkəmizdə daha çox gənclər bu əməliyyata müraciət edir. Ən təhlükəlisi isə bu əməliyyatın daha çox gözəllik salonlarında, qeyri-peşəkarlar tərəfindən aparılmasıdır. Bunun üçün də tez-tez botoks əməliyyatından həyatı təhlükəyə düşən insanlar haqqında məlumatlara rast gəlirik.
Tahirə Məmmədqızı