“Şərəfli türk milləti doğru olanı edəcək, inşallah həm Türkiyəmiz, həm də türk dünyası qazanacaq”
“Xaosu önləyəcək tək yol “əvət”dir”
Zəlimxan Məmmədli: “Bütün düşmənlər eyni səngərdə Türkiyəyə qarşı vuruşurlar”
“Şərəfli türk milləti doğru olanı edəcək, inşallah həm Türkiyəmiz, həm də türk dünyası qazanacaq”
“Şərəfli türk milləti doğru olanı edəcək, inşallah həm Türkiyəmiz, həm də türk dünyası qazanacaq”
Aprelin 16-sı Türkiyədə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Məlumat üçün deyək ki, 18 maddədən ibarət konstitusiya dəyişiklikləri Türkiyənin yeni prezidentinə əlavə səlahiyyətlər verir və onu hakimiyyətin əsas aparıcı mexanizminə çevirir. Referenduma 12 gün qalmış bütün ölkə boyu seçki kampaniyası böyük bir hərəkətliliklə davam etdirilir. Türkiyənin irili-xırdalı bütün şəhərlərində mitinqlər, çağırışlar, aksiyalar keçirilir, təbliğat vərəqələri paylanır. Siyasi qüvvələr faktiki olaraq iki cəbhəyə bölünərək güclü mübarizə aparırlar.
Hazırkı iqtidar bildirir ki, dəyişiklik ölkə içərisində separatizm, xarici qüvvələrin təsiri altında olan bölücü agentura şəbəkəsinə qarşı daha effektiv mübarizə aparmaq və daxili idarəetməni daha çevik hala gətirmək üçün zəruridir. Müxaliflər isə hakimiyyətin tək əldə cəmlənməsinin ölkədə demokratiyanı zəiflədəcəyini iddia edirlər. "Əvət” kampaniyasının başında hakim AKP dayanır. Ölkənin köklü ideologiyası olan müxalif Milliyətçi Hərəkat Partiyası da hökumətin kampaniyasına əsaslı dəstək verir. Əksər ekspertlərin fikrincə, güclü natiqlik qabiliyyəti, xalq arasında ciddi nüfuzu olan Ərdoğanın referendum kampaniyasına qatılması qutudan "əvət”in çıxma ehtimalını artırır. Çünki Ərdoğan bu günə qədər qatıldığı bütün seçkilərdə qazanıb. Kütləvi seçki kampaniyalarını aparmaqda onunla yarışacaq siyasətçi isə hələki yoxdur. "Hayır” kampaniyasının başında isə ana müxalifət Cümhuriyyət Xalq Partiyası durur. Həmçinin, HDP və sol yönümlü quruluşlar da onları dəstəkləyirlər. Eyni zamanda FETÖ təşkilatının üzvlərinin də "hayır” deyəcəkləri şübhəsizdir.
Türkiyədəki gərgin seçki kampaniyası ilə bağlı "Şərq”ə danışan tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli deyib ki, Türkiyədə normal seçki prosesi gedir və hər kəs fikrini ifadə edir. Z.Məmmədli hesab edir ki, qardaş ölkədə indiki dönəmdə hakimiyyətin mərkəzləşməsi vacib amildir:
"Burada söhbət Ərdoğandan və ya başqa liderin iddiasından getmir. Söhbət Türkiyənin real təhlükə ilə üz-üzə olmasından gedir. "Əvət” Türkiyəyə çox vacib olan çevik qərarlar vermə, milli təhlükəsizliklə bağlı məsələlərdə daha operativ qərarlar vermə imkanı verir. Türkiyə düşmənlərin mühasirəsindən çıxdıqdan sonra təkrar bu tip məsələlərə qayıtmaq mümkündür. Bütün düşmənlər eyni səngərdə Türkiyəyə qarşı vuruşurlar. Bu, çox qorxuludur. Hər hansı siyasi böhran Türkiyəni bitirə bilər. İndiki zamanda xaosu önləyəcək tək yol "əvət”dir. "Əvət”i indiki durum üçün en optimal yol hesab edirəm. Əks halda siyasi xaos və dərin böhran qaçılmazdır”.
Z.Məmmədli bildirib ki, referendum Türkiyənin güclənməsinə vəsilə olmalıdır. Bu güclənmə isə "əvət”dən keçir:
"Milliyətçi Hərəkat Partiyasının bu platformada olması fikirlərimi əsaslandırmaq üçün ən güclü istinadımdır. Əlbəttə, son söz türk xalqınındır. Allah Türkiyəmizi və türk millətini qorusun. Şərəfli türk milləti doğru olanı edəcək, inşallah həm Türkiyəmiz, həm də türk dünyası qazanacaq”.
Ekspert vurğulayıb ki, bu gün Türkiyədə iqtidar-müxalifət oyunu getmir:
"Türkiyənin var olması, dik durması məsələsi gündəmdədir. Əksəriyyət prosesləri epizodlara istinad edərək qiymətləndirir. Belə olan halda obyektiv təhlil imkanları az olur və optimal sonluğa gəlinmir. Fikir verin, Avropa dövlətləri, PKK, HDP, PJD, Almaniyadakı Kürd qolu, Şimali İraqda Kürdüstan projesi, Kərkükün kürdlərə verilməsi kimi məsələlər Türkiyəni izolyasiya etməyə, daxili savaş çıxartmağa hesablanıb. Bunların hamısı zəif və idarə olunan, iddiasız Türkiyə yaratmaq, hətta ölkəni parçalamaq planlarının tərkib hissəsidir. Hədəf odur ki, Yaxın Şərqdə və müsəlman dünyasında Türkiyə timsalında güclü dövlət olmasın.
"Hayır” ölkədə daxili gərginliyi artıracaq, HDP-PKK və onları himayə edənlərin Türkiyənin dövlət sisteminə qarşı təzyiqləri üçün əlavə şanslar verəcək. Biz Türkiyədəki proseslərə biganə qalmayacağıq. Çünki Türkiyənin gücü Azərbaycanın, bütün türk dünyasının gücüdür. Allah eləməsin, Türkiyə zəifləyərsə, türk dünyası üçün faciələr qaçılmaz olar. Hazırda Türkiyə hökuməti "Böyük Orta Doğu” layihəsində nəzərdə tutulan idarəolunan, zəif, təsirsiz, iddiasız Türkiyə planını pozmağa, daha çox iddia ilə hadisələrin mərkəzinə girməyə çalışır”.
Zəlimxan Məmmədli Azərbaycan qədər Türkiyənin də ona əziz olduğunu söyləyib:
"Mən özümü gələcəkdə reallaşacaq Türkiyə-Azərbaycan birliyinin vətəndaşı olaraq hazırlayıram. Hər zaman Azərbaycanla yanaşı, bir əsgər kimi Türkiyə üçün də savaşmağa hazıram. Türkiyə mənim üçün xarici ölkə deyil. Tanrı qardaşlığımızı pozmasın”.
İsmayıl