Xeyrəddin Qoca siyasi icmalçıları QINADI:" İnsanları çaşdırmayın"





Əvvəldən qeyd edirəm ki, uzun illər siyasətlə məşğul olsam da, özümü güclü siyasətçi hesab etmirəm və heç vaxt belə bir iddiada olmamışam. Çünki siyasətin tanınmış alimləri, biliciləri var. Əsası olmayan, inanmadığım siyasəti də qəbul etmirəm.

Həm sadə adamlar içərisində, həm də siyasətçilər arasında şahidlərim çoxdur, təsdiq edə bilərlər ki, o vaxt mən Obamanın Amerika Birləşmiş Ştatlarının prezidenti seçiləcəyini proqnozlaşdırmışdım. Bu fikrimi bilənlər əleyhimə çıxaraq "qara dərili Amerikada prezident ola bilməz” – deyə, hökm verirdilər. Obama ABŞ-ın prezidenti oldu və mənim proqnozuma inanmayanlar Obamanın seçiləcəyini haradan bildiyimlə maraqlandılar. Mən də ironiya ilə onlara deyirdim ki, "əmim oğludur, tez-tez zəngləşib, görüşürük”... Sonra da əlavə edirdim: "Daha qara dərililərin hüquqlarını poza bilməyəcəklər”. (Mən də qarabənizəm, axı!). Əslində isə Obama haqqında bəzi məlumatlarım vardı və bilirdim ki, o, uzaqgörən, çevik siyasətçi, adamlara xoş təsir bağışlayan, eleqant bir şəxsiyyətdir. Hətta, Bakıya gələndə onu televizordan diqqətlə izləmiş, çox müsbət təəssürat almışdım...

ABŞ-da keçirilən son seçki yarışmalarında da Donald Trampın seçiləcəyinə qəti inanırdım. Niyə? Çünki onun siyasi fikirlərinə diqqətlə qulaq asırdım, şəxsiyyətinə, yerişinə, duruşuna, davranışına, geyiminə, görkəminə fikir verirdim. Və əlbəttə, bu fikrimi qələm dostlarıma və bəzi qəzet redaktorlarına söyləyirdim. Həm də Hillari Klintonun seçiləcəyinə ona görə inanmırdım ki, artıq Amerika xalqı klintonları yaxşı tanıyırdı. Onun həyat yoldaşı Bill Klinton ABŞ prezidenti, özü isə Dövlət katibi olmuşdu. Üstəlik, Obamanın "mən Klintona səs verəcəyəm” deməsi məni çox şübhələndirdi. Ona görə ki, bütün Amerika xalqı Obamanı sevə bilməzdi və sevmir. Obamanın Klintona səs vermək istəməsi mənə görə Klintonu zərbə altında qoymaq kimi səslənirdi, çünki xalq içərisində Obamadan narazılar çoxdur. Deməli, xalqa yeni adam lazım idi, onu da haqlı olaraq ABŞ-ın prezidenti seçdilər.

D.Trampın bir sıra fikirləri insanlar üçün yenidir. O, çıxışlarında deyirdi: "Amerika başqa ölkələrdə dəyişiklik etməyə can atmayacaq”. Və ya ABŞ prezidenti kimi ölkənin daxilində böyük işlər həyata keçirərək, indiyədək görünən çatışmazlıqları, nöqsanları xalqın rifahı naminə aradan qaldırmağa çalışacaq...

Bu yazını D.Tramp seçkidə qalib gəldiyi günün sabahı yazacaqdım. Ona görə ki, bizim televiziya və radio efirlərində çıxış edən siyasi icmalçılarımız və ya özlərini siyasətçi hesab edənlər D.Tramp seçilənə qədər H.Klintonun seçiləcəyini türklər demiş "üstünü basa-basa” qeyd edirdilər. Elə ki, D.Tramp seçildi, səhəri gün başladılar tərsinə danışmağa ki, bəs, "Tramp ermənilərin adamı deyil, onun seçilməyi məqsədəuyğundur” və s. və i.a. Dünənə qədər H.Klintonun seçiləcəyini "əsaslandırmağa” çalışanlar bu gün fikirlərini yüz səksən dərəcə dəyişdilər. Məəttəl qaldım, belə siyasətçilər olar? Və çox təəccübləndim!

Yaxşı, tutaq ki, D.Tramp ermənilərin adamı deyil, bu, o deməkdir ki, bizim adamdır? Yaxud bizim adam ola bilər? Qətiyyən! Yeni prezidentin həyata keçirəcəyi bəzi dəyişiklikləri nəzərə almasaq, ABŞ əvvəlki siyasətini davam etdirəcək. Bunu siyasətçi olmayanlar da yaxşı bilirlər.

Heç bu yazını yazmamaq da olardı. Məsələ burasındadır ki, özlərini siyasətçi hesab edənlər efirlərdə, mətbuatda öz danışıqları, yazıları ilə çoxlu səhvlərə yol verirlər, hadisələri düzgün proqnozlaşdıra bilmirlər, çox vaxt da "əlyeri” qoymaqla fikirlərini ifadə edirlər. Siyasi icmalçılarımız öz problemlərimizdən danışanda belə, həqiqəti demirlər, bəzən də "üzgörənlik” edirlər. Kiminsə xoşuna gəlmək üçün danışırlar, bunu isə heç kim onlardan xahiş etmir. Həm də belə icmalçılar getdikcə çoxalır. Siyasət isə əsaslı olmağı tələb edir.

Yeri gəlmişkən, son zamanlar Türkiyədə baş verən hadisələr barədə də bəzi ümidsiz danışıqlar eşidir, yazılar oxuyuram. "Belə olsa, elə olacaq, elə olsa, belə olacaq...”. Türkiyədə baş verənlər beş ilin, on ilin işi deyil. Hələ Türkiyədə Baş konsul vəzifəsində işləyəndə adi taksi sürücülərindən eşidirdim ki, düşmənlər Türkiyəni, bütün müsəlman ölkələrini dağıtmaq, parçalamaq istəyirlər. Amma onların cəhdləri baş tutmayacaq! Cümhurbaşkanı, böyük lider Təyyub Ərdoğan nə qədər oradadır, Türkiyə daha da möhkəmlənəcək, güclənəcək, möhtəşəm olacaq. Türk Cümhuriyyəti yenidən qurulacaq. Ümidsizliyə qapılanlara isə deyirəm: Siz sağ, mən salamat, birlikdə görəcəyik!..