Amma onlar bu güzəştdən sui-istifadəyə yol verməməlidirlər
Bu günlərdə parlamentin iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Müzakirə zamanı deputatlar xeyriyyəçiliklə məşğul olan şəxslərin vergidən azad edilməsini istəyiblər.
Deputat Qüdrət Həsənquliyev deyib ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar bu işlə bağlı vergidən azad olmalıdır. Fəaliyyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil. Bu yaxınlarda birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə "Paşa İnşaat” məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikdi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə qədər doğrudur? Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil. Müəyyən hüquqi, fiziki şəxsləri vergidən azad etsək, cəmiyyətə töhfə vermiş olarıq”.
Q.Həsənquliyev həmçinin məktəb, bağça tikintisinin stimullaşdırılması üçün bu işi həyata keçirən şirkətlərin 3 il vergidən azad olunması, 5 il güzəştin tətbiq edilməsi təklifini səsləndirib: "Bəzi məktəblərdə dərslər bir neçə növbəli keçirilir. Sahibkarların stimullaşdırılması üçün vergi güzəştləri edilməlidir. Bununla yanaşı, bölgələrdə investisiya qoyan sahibkarlara da bu cür güzəşt edilə bilər. Bununla Bakını yüklənməkdən xilas edərik, regionlar da inkişaf edər”.
Deputat Fazil Mustafa, Əli Məsimli, İsa Həbibbəyli də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, həmçinin regionların inkişafında rol oynayan sahibkarlara güzəşt tətbiq olunmasını təklif ediblər.
Bu qəbildən olan güzəştlərin bütün sivil ölkələrdə tətbiq olunduğunu deyən iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə bildirib ki, əgər güzəştlər edilirsə, şübhəsiz ki, bunu qanunauyğun olaraq həyata keçirmək lazımdır:
"Güzəştlərdən başqa məqsədlər üçün istifadə ediləcəksə, məsələn, biznes fəaliyyəti ilə məşğul olunacaqsa, o zaman qanun çərçivəsindən kənarlaşmış oluruq. Əksər hallarda bu qəbildən olan güzəştlərin kökündə biznes maraqları dayanır. Fəaliyyət növünü şəffaf şəkildə etmək, təbii ki, sivil qaydalara cavab verməkdir.
Amma bu məsələnin həqiqətən də şəffaf fəaliyyət istiqamətində gedib-getmədiyini araşdırmağın özü müşkül məsələdir. Şəffaflığı müəyyən etmək üçün qanunvericilik bazasında müvafiq bir sistem olmalıdır. Həm vergi orqanları, həm bank sistemi bu mənbəyi ifşa edə bilər. Ona görə də güzəştlərin şəffaf olaraq həyata keçirilməsi üçün xüsusi icra mexanizmi olsa daha yaxşı olardı”.
Yeganə Bayramova